Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Qədim sənət sahələrindən olan toxuculuğun maraqlı növlərindən biri də amiqurumidir. Muxtar respublikamızda bu sənət sahəsi geniş yayılıb və bacarıqlı qadınların xüsusi zövqlə hazırladıqları əl işləri hər kəsin diqqətini cəlb edir. Rənglərin harmoniyasını özündə cəmləşdirən bu oyuncaqlar balacaların sevimli yolyoldaşlarıdır.
Əl əməyi, göz nuru ilə belə gözəlliklər ərsəyə gətirən istedadlı xanımlarımızdan biri Qumru Vəlizadə ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi və satış yarmarkasında tanış olub, sənətinin sirlərini öyrənirik. Şahbuz rayon sakini olan Qumru xanım 15 ildir, bu işlə məşğuldur, 10 ildir peşəkar şəkildə sərgilərdə iştirak edir. 2022-ci ildə sərmayə kapitalı alan müsahibim bundan sonra işlərini daha da genişləndirdiyini bildirir: “Əl işlərim çox rəğbət görür. Bu məni işimə daha da həvəsləndirir və özümü təkmilləşdirməyə kömək edir” .
Öyrənirik ki, Qumru xanım oyuncaqlarla yanaşı, həm də geyimlər toxuyur. İndiyədək toxuduğu məhsulların əksəriyyətinin satıldığını bildirən müsahibim deyir ki, gözoxşayan əl işlərinin yaradılmasında xüsusi yun iplərdən və silikondan istifadə edir: “Bu da keyfiyyətli məhsulların ortaya çıxmasına səbəb olur. Bu işlə məşğul olduğumda yorulmuram, əksinə, bu mənə zövq verir”.
Hər gördüyü işə sevgisini qatan, işinə səbirlə yanaşan Qumru xanım deyir ki, sərgidə əl işləri münasib qiymətlərlə alıcılara təklif olunur: “Belə sərgilər maddi baxımdan çox kömək olur və bununla da ailə büdcəsinə dəstəkdir. Mütəmadi olaraq belə sərgilər təşkil edən qurumlara təşəkkürümü bildirirəm”.
Respublikamızda sənətinin vurğunu olan belə istedadlı qadınların olması qürurvericidir. Əlləriniz dərd görməsin, Qumru xanım. Daim belə gözəlliklər yaradıb, sənətinizi yaşadasınız!
Türkanə ƏSƏDOVA
Digər xəbərlər