NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

"Qohum və erkən nikahların yaratdığı fəsadlar" mövzusunda tədbir keçirilib

...

"Qohum və erkən nikahların yaratdığı fəsadlar" mövzusunda Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. 
Tədbirdə açılış nitqi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səfəralı Vəliyev çıxış edərək bildirib ki, qohum və erkən nikahlar cəmiyyətin sosial inkişafına mənfi təsir göstərən mühüm problemlərdən biridir. Erkən yaşda qurulan ailələr fərdlərin fiziki, psixoloji və sosial baxımdan tam formalaşmadan məsuliyyət altına düşməsinə səbəb olur. Bu isə ailədaxili çətinliklərin, sosial asılılığın və iqtisadi problemlərin artmasına gətirib çıxara bilər. Sağlam və dayanıqlı cəmiyyətin formalaşması üçün nikahların yetkinlik, şüurlu seçim və məsuliyyət prinsipləri əsasında qurulması vacibdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov təqdimatla çıxış edərək qeyd edib ki, qohum nikahları sağlamlıq baxımından müəyyən risklər yarada bilər. Genetik xəstəliklərin artma ehtimalı həm ailələr, həm də cəmiyyət üçün əlavə sosial və tibbi yük formalaşdırır. Sağlam nəsillərin yetişməsi üçün maarifləndirmə, tibbi məsləhət və sosial dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir. Bu istiqamətdə atılan addımlar gələcək nəslin daha sağlam və sosial baxımdan güclü formalaşmasına xidmət edir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Fatimə Vəliyeva çıxış edərək bildirib ki, erkən nikahlar, xüsusilə təhsil sahəsində ciddi fəsadlar yaradır. Erkən yaşda ailə qurmaq bir çox hallarda gənclərin, xüsusilə qızların məktəbdən uzaqlaşmasına və ali təhsil imkanlarından məhrum olmasına səbəb olur. Təhsilin yarımçıq qalması gələcək peşə imkanlarını məhdudlaşdırır, iqtisadi müstəqilliyi zəiflədir və sosial inkişafı ləngidir. Təhsilə davamlılığın təmin olunması və maarifləndirmə tədbirlərinin gücləndirilməsi bu problemin qarşısının alınmasında mühüm rol oynayır.
Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əliağa Rzayev tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Tədbir diskussiya şəklində davam etmiş, iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılmış və posterlər məktəbin elan lövhələrində yerləşdirilib.

Nəşr edilib : 17.02.2026 18:05