NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qohum evliliyi qadağandır!

...

Bəs bu  qadağanı pozanları hansı cəza gözləyir?

Məlum olduğu kimi, bu il iyulun 1-dən etibarən ölkəmizdə ailə münasibətlərinə dair mühüm bir hüquqi dəyişiklik qüvvəyə minib. Belə ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə edilən dəyişikliklə əmi, xala, bibi və dayı uşaqlarının evlənməsinə rəsmi şəkildə qadağa qoyulub. Statistik məlumatlara diqqət yetirəndə görürük ki, qeydə alınan hər yüz nikahdan onu və daha çoxu qohum evliliklərinə əsaslanırdı. Lakin bu yeniliklə nikahın bağlanmasına mane olan hallar genişləndirilib və yaxın bioloji qohumluq əlaqələri olan şəxslər arasında evliliklərə hüquqi məhdudiyyətlər tətbiq edilməsi qüvvəyə minib.

Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva ilə həmsöhbət olduq. Müsahibimiz bildirdi ki, beynəlxalq hüquq normaları, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Konvensiyası ailənin və uşaqların müdafiəsini dövlətin birbaşa vəzifəsi kimi təsbit edir. Bu baxımdan, dövlətin genetik riskləri azaltmaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədilə normativ müdaxiləsi həm hüquqi, həm də etik cəhətdən əsaslandırılıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.3-cü maddəsində də açıq şəkildə qeyd edilir ki, cəmiyyətin sağlamlığının və təhlükəsizliyinin qorunması üçün mülki hüquqlar qanunla məhdudlaşdırıla bilər.

Beləliklə, qohum nikahlarının qadağan edilməsi qanunvericiliyin ruhuna və beynəlxalq hüquq normalarına tam uyğundur. Qanunun qəbul edilməsinin zərurəti isə mövcud tibbi-genetik risklər, sosial nəticələr və uzunmüddətli sağlamlıq siyasəti baxımından obyektiv və sistemli tədbirdən ibarətdir. Cəmiyyətin ümumi rifahı və gələcək nəsillərin sağlamlığı hüquq müstəvisində hər zaman üstün tutulur. Bu səbəbdən sözügedən qanun dəyişiklikləri həm hüquqi baxımdan əsaslandırılmış, həm tibbi cəhətdən zəruri, həm də sosial məsuliyyət baxımından vacib və uzaqgörən addım kimi qiymətləndirilməlidir. Cəmiyyətin rifahı və gələcək nəsillərin sağlamlığı üçün bu qərarı dəstəkləmək hər bir vətəndaşın mənəvi və hüquqi borcudur.

Könül xanımın sözlərinə görə tibb mütəxəssisləri dəfələrlə bildiriblər ki, yaxın qohumların evliliyi nəticəsində dünyaya gələn uşaqlarda irsi və genetik xəstəliklərin yayılma ehtimalı kəskin şəkildə artır. Belə ki, yad insanların nikahı zamanı uşaqda qüsur riski 2-4 faiz olduğu halda, qohum nikahlarında bu risk 4-8 faizə qədər yüksəlir, yəni təxminən 2 dəfə artır. Belə uşaq doğulan ailələrdə psixoloji, sosial və maliyyə gərginlikləri meydana gəlir, bu hallar boşanma və ailədaxili narazılıq kimi hallara gətirib çıxarır. Bu tibbi risklər həm fərdi, həm də ictimai səviyyədə ciddi nəticələr doğurur. Dövlətin məqsədi isə sağlam genofondu qorumaq, gələcək nəsillərin inkişafını təmin etməkdir.

Müsahibimiz deyir ki, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, 2025-ci il iyul ayının 1-dən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyi qadağan olunub. Artıq rəsmi nikaha girmək istəyən şəxslərin qohumluq dərəcəsi yoxlanılır və bu zaman cütlükdən əlavə sənədlər tələb edilir.

Narahatlıq doğuran tək məqam belə evliliklərdən doğulan uşaqların yalnız görünüşcə bir-birinə bənzəməsi deyil, həm də qan qohumluğu nəticəsində müxtəlif irsi xəstəliklərin daşıyıcısı olmasıdır ki, bu da genetik xəstəliklərin daha geniş yayılması ilə nəticələnir. Deməli, qohum evlilikləri sadəcə mülkiyyəti qorumaq, illərlə bir-birini tanıyan, birlikdə böyüyən şəxslərin nikahı deyil, həm də xəstə nəslin yetişməsidir. Bu baxımdan genetik xəstəliklərin artmasına təsir göstərən qohum evliliyinin qanunla qadağan olunması vacib addımdır. Ailənin xoşbəxtliyi həm də dünyaya gələcək uşaqların sağlamlığından asılıdır. Başqa sözlə, xoşbəxt gələcək sağlam uşaqlardan başlayır.

Könül Babayeva onu da diqqətimizə çatdırdı ki,  komitə tərəfindən mütəmadi olaraq əhali arasında “Qohum və erkən nikahlar sağlam cəmiyyətin formalaşması üçün əsas maneələrdən biridir”, “Qohum və erkən nikahların yaratdığı fəsadlar”, “Nikah və din” vəsair mövzuslarında maarifləndirici tədbirlər həyata keçirilir. Maarifləndirmə və məlumatlandırma tədbirləri sistemli şəkildə davam etdirilməkdədir.

Qohum evliliyi qadağasını pozan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir?  –sualımıza isə cavab olaraq Könül xanımbildirdi ki, Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən bu cür nikahların bağlanmasına ümumiyyətlə yol verilmir; bu isə o deməkdir ki, bu nikahlar dövlət tərəfindən qeydiyyata alınmır. Buna görə də həmin şəxslərin bu nikaha hüquqi olaraq daxil olmaları mümkün olmadığından bununla bağlı hər hansı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmamışdır.  Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq.

1 iyul 2025-ci ildən etibarən Azərbaycanda qohum evliliklərinin qadağan olunması əhalinin genetik sağlamlığının qorunması və irsi xəstəliklərin yaranma riskinin minimuma endirilməsi məqsədi daşıyır: “Dəyişikliklə bərabər, onun cəmiyyət tərəfindən qəbul edilməsi və tətbiqi istiqamətində də müəyyən tədbirlər görülüb və görülməkdədir. Əhali arasında cəmiyyətin bu dəyişikliyə nə dərəcədə hazır olduğu məsələsinə gəldikdə isə mövcud vəziyyət göstərir ki, yanaşmalar fərqlidir. Əhalinin bir hissəsi bu qadağanı alqışlayır və onu gələcək nəsillərin sağlamlığının qorunması baxımından zəruri addım kimi qiymətləndirir. Bəzi regionlarda qohum evlilikləri  ənənə kimi qəbul olunduğundan bu dəyişikliyin sözsüz qəbul edilməsi və tətbiqi üçün zamana, ardıcıl maarifləndirməyə və ictimai şüurun artırılmasına ehtiyac var”.

Söhbətimizdən çıxardığımız nəticə odur ki, sağlam və xoşbəxt ailənin təməli bu yolun ilk addımından – nikah faktorundan başlayır. Bu yolda düzgün seçim etmək, qeyd edilən bütün faktları gözardı etmədən diqqətdə saxlamaq və ən əsası qohum evliliklərinə yox demək əsas məsələlərdən biridir. İnanırıq ki, bu qərardan sonra ölkəmizdə bu halların baş verməməsi üçün istər ailələrimiz, istərsə də aidiyyəti qurumlar bütün zəruri addımları atacaq və nümunəvi, xoşbəxt, firavan ailə dəyərlərimizin formalaşmasına öz töhfələrini verəcəklər.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 05.08.2025 10:37