NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qloballaşma dövründə ana dilinin qorunması: “Azərbaycan mədəniyyəti – 2040” hansı perspektivləri və imkanları təqdim edir?

...

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının qısa xülasəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi əsasında yeni milli ideologiyanın və buna əsaslanan yeni mədəniyyət siyasətinin formalaşdırılması izah olunur. Konsepsiyanın əsas məqsədi belə şərtləndirilir: “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir”. Azərbaycan dili xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mədəni irsinin əsas sütunlarından biridir. Müstəqil Azərbaycan Respublikasında dövlət dili kimi Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və cəmiyyətin bütün sahələrində düzgün istifadəsinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, “Azərbaycan mədəniyyəti – 2040” strateji baxış sənədində Azərbaycan dili məsələsinə xüsusi yer ayrılmışdır. Bu sənədin 2-ci bəndində Azərbaycan dili ilə bağlı çağırışlar: Azərbaycan dilinin inkişafı, o cümlədən beynəlxalq aləmdə təbliği və təşviqi ilə bağlı əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilində elmi, elmi-publisistik və bədii əsərlərin sayının və keyfiyyətinin artırılması və digər məsələlər yer alıb. Konsepsiyanın 8.2-ci bölməsi Azərbaycan dilinin inkişafı ilə bağlıdır. Mövzu ilə bağlı suallarımızı AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıla ünvanladıq.

Qloballaşma və rəqəmsallaşma şəraitində Azərbaycan dilinin funksionallığının artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur və hazırlanmış bu Konsepsiya dilin funksionallığını gücləndirməyi necə hədəfləyir?

Azərbaycan dili milli kimliyimizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin əsas dayaqlarından biridir. Müasir dövrdə qloballaşma, rəqəmsallaşma və informasiya mühitinin sürətli inkişafı dil siyasətinin daha sistemli, məqsədyönlü və davamlı şəkildə həyata keçirilməsini zəruri edir. Bu baxımdan, Azərbaycan dilinin funksionallığının artırılması, elmi əsaslarla inkişaf etdirilməsi, təbliği və təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Konsepsiyada Azərbaycan ədəbi dilinin bədii, elmi, publisistik, rəsmi-işgüzar və məişət üslublarında funksional imkanlarının genişləndirilməsi mühüm prioritet hesab olunur. Bu məqsədlə müvafiq dövlət qurumları tərəfindən üslubların elmi əsaslarla araşdırılması, dilin müxtəlif sahələrdə tətbiq imkanlarının təhlili, təhsil müəssisələrində ədəbi dil bacarıqlarının sistemli şəkildə tədrisi istiqamətində tədbirlər həyata keçiriləcəkdir. Ümumtəhsil müəssisələrinin Azərbaycan dili dərsliklərində ədəbi dilin funksionallığına dair bilik və bacarıqların şagirdlərə ardıcıl şəkildə aşılanması gənc nəslin dil mədəniyyətinin formalaşmasına xidmət edəcəkdir.

Azərbaycan dilinin tarixi, məzmunu və mədəniyyətin inkişafındakı rolu ilə bağlı elmi tədqiqatların genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir elmi metodların tətbiqi ilə aparılan araşdırmalar Azərbaycan dilinə dair elmi əsərlərin sayının artmasına, tədqiqatların keyfiyyətinin yüksəlməsinə, lüğət ehtiyatının zənginləşdirilməsinə, dilin istifadə arealının genişlənməsinə şərait yaradacaqdır. Bu tədqiqatların nəticələrinin “e-culture” platformasında, nüfuzlu elmi jurnallarda və mediada yayımlanması, həmçinin ictimai müzakirələrə çıxarılması dil siyasətinin şəffaflığını və effektivliyini artıracaqdır. Azərbaycan dilində, xüsusilə elmi və publisistik sahədə yeni əsərlərin yaranması və yayılması dilin inkişafında mühüm rol oynayır. Yerli və xarici elm və təhsil müəssisələri ilə dayanıqlı əməkdaşlığın qurulması keyfiyyətli elmi əsərlərin təşviqinə, Azərbaycan dilində yazılmış materialların beynəlxalq səviyyədə tanıdılmasına, milli elmi potensialın gücləndirilməsinə xidmət edəcəkdir.

Azərbaycan dilinin lüğət ehtiyatının zənginləşdirilməsi və dil normalarının təkmilləşdirilməsi istiqamətində aparılan işlər ictimai və rəqəmsal mühitdə dilin düzgün istifadəsinə nə dərəcədə təsir göstərə biləcək?

Azərbaycan dilinin ictimai və rəqəmsal mühitdə istifadəsi, ictimai yerlərdə, mediada, rəqəmsal məhsullarda və digər sahələrdə Azərbaycan dilindən istifadənin genişləndirilməsi dil siyasətinin əsas hədəflərindən biridir. Maarifləndirmə mexanizmlərinin hazırlanması və tətbiqi vasitəsilə Azərbaycan dilindən düzgün və səmərəli istifadə təşviq ediləcək, dil mədəniyyəti üzrə ictimai məsuliyyət artırılacaq, rəqəmsal mühitdə ana dilinin mövqeyi möhkəmləndiriləcəkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycan dilinin gündəlik həyatın bütün sahələrində aparıcı mövqedə olmasını təmin edəcəkdir. Uzun illərdir bu sahədə çalışan tədqiqatçı-alim kimi qeyd edim ki, konsepsiyada nəzərdə tutulan Azərbaycan dilinin lüğət ehtiyatının zənginləşdirilməsi, dialektlərin sinxron və diaxron tədqiqi, dil normalarının təkmilləşdirilməsi istiqamətində aparılan işlər dilin elmi əsaslarla inkişafını təmin edəcəkdir.

Bu proses yeni terminlərin formalaşdırılmasına, dil normalarının təkmilləşdirilməsinə, ictimai məlumatlılığın artırılmasına xidmət edəcəkdir. Tərcümə lüğətlərinin hazırlanması məsələsi də konsepsiyanın əsas istiqamətlərindən biridir. Azərbaycan dilindən BMT-nin əsas dillərinə, türk dillərinə və əksinə tərcümə lüğətlərinin hazırlanması dilin beynəlxalq kommunikasiya imkanlarını genişləndirəcəkdir. Mütəxəssis qruplarının formalaşdırılması və təşkilati işlərin həyata keçirilməsi nəticəsində keyfiyyətli tərcümə lüğətləri hazırlanacaq, bu lüğətlər geniş ictimaiyyət üçün əlçatan olacaqdır. Bu təşəbbüs Azərbaycan dilinin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verəcəkdir. Yeri gəlmişkən əlavə edək ki, Azərbaycan dilinin rəqəmsal resursları “Azərbaycan dili” platforması Azərbaycanda rəsmi olaraq 28 dekabr 2025-ci il tarixində təqdim edildi. Təqdimat mərasimi həmin gün Azərbaycan Dillər Universitetində keçirildi və platforma bu tarixdə ictimaiyyətə tanıdıldı.

Son illərdə Azərbaycan dilinin qorunması, inkişafı və gənc nəsil arasında daha geniş yayılması istiqamətində həyata keçirilən təşəbbüslər arasında “Azərbaycan dili” platforması xüsusi yer tutur. Bu platformanın formalaşmasında və fəaliyyətə başlamasında gənc təşəbbüskar Aleyna Əliyevanın rolu diqqətəlayiqdir. O, Azərbaycan dilinə marağın artırılması, ana dilinin düzgün və səlis şəkildə istifadəsinin təşviqi məqsədilə platformanın yaradılması ideyasını irəli sürmüşdür. Onun əsas məqsədi dilimizin zənginliyini, ifadə imkanlarını və milli-mənəvi dəyərlərimizi müasir informasiya mühitində daha geniş auditoriyaya çatdırmaq olmuşdur.

Dil texnologiyalarının effektivliyi mövcud dil resurslarının keyfiyyəti və sistemliliyindən asılıdır. Azərbaycan dili üçün elektron lüğətlər, onlayn media mətnləri, tədris platformaları və məhdud həcmdə dil korpusları mövcuddur. Filoloji baxımdan aşağıdakı problemlər müşahidə olunur:

  • orfoqrafik və terminoloji qeyri-sabitlik;
  • rəqəmsal mühitdə nəzarətsiz alınma sözlərin artması;
  • klassik və müasir ədəbi mətnlərin yetərli səviyyədə rəqəmsallaşdırılmaması.

Bu səbəbdən dilçi alimlərin rəhbərliyi ilə balanslaşdırılmış və normativ korpusların yaradılması zəruridir.

Azərbaycan dilinin qorunması və inkişafı sahəsində 2026-2040-cı illər üçün hazırlanmış strategiyanın uğuru, əsasən, nəyə bağlıdır?

Konsepsiyanın əsas hədəflərindən biri də dil normalarına nəzarətin gücləndirilməsi məsələsidir. Azərbaycan dili haqqında normativ-hüquqi aktlara və dil normalarına əməl olunmasına nəzarətin effektivliyinin artırılması vacib məsələdir. Bu məqsədlə təhlillər aparılacaq, səmərəli nəzarət mexanizmləri hazırlanacaq, aidiyyəti qurumlara müvafiq təkliflər təqdim ediləcəkdir. Belə ki, 2026-2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Milli Elmlər Akademiyasının da bu sahədə öhdəlikləri müəyyənləşdirilmişdir. Əməli tədbirlər həyata keçirildikdən sonra Azərbaycan dilindən düzgün və standartlara uyğun istifadənin təmin olunması mümkün olacaqdır.

Son olaraq qeyd edək ki, “Azərbaycan mədəniyyəti – 2040” Sərəncamında Azərbaycan dili yalnız ünsiyyət vasitəsi kimi deyil, milli-mənəvi dəyər, mədəni irs və dövlətçilik rəmzi kimi təqdim olunur. Azərbaycan dilinin inkişafı üzrə həyata keçirilən sistemli fəaliyyətlər dilin funksionallığının artırılmasına, elmi əsaslarla zənginləşdirilməsinə və cəmiyyətin bütün sahələrində geniş istifadəsinə şərait yaradır. 2026-2040-cı illəri əhatə edən bu strategiya Azərbaycan dilinin həm milli, həm də beynəlxalq səviyyədə mövqeyini gücləndirməyə yönəlmişdir. Dil siyasətinin uğuru dövlət qurumlarının koordinasiyalı fəaliyyəti, elmi ictimaiyyətin fəallığı və cəmiyyətin bu prosesə aktiv cəlb olunması ilə birbaşa bağlıdır. Dilin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi Azərbaycanın mədəni strategiyasının əsas istiqamətlərindən biridir. Bu yanaşma milli kimliyin möhkəmləndirilməsinə, mədəni irsin davamlılığına və cəmiyyətin mənəvi inkişafına mühüm töhfə verir.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıla müsahibəyə ayırdığı vaxt və səmimi fikirləri üçün təşəkkürümüzü bildiririk. Onun dil, milli kimlik və mədəni yaddaşla bağlı səsləndirdiyi dəyərli fikirlər bir daha göstərir ki, ana dilinin qorunması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 25.01.2026 10:00