NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qızımın baxışları mənə həyat verdi

...

Vətən müharibəsinin unudulmaz qəhrəmanlarından biri də ölümlə üz-üzə, yaralı halda saatlarla döyüş meydanında qalan 44 günlük Vətən müharibəsinin qazisi Mirkənan Kərimovdur. Onun üçün bu anlar təkcə bir müharibə xatirəsi deyil, həm də həyatla ölüm arasındakı ən böyük imtahan olub. O, şəhid qardaşlarını gözlərinin qarşısında itirib, özü isə möcüzə nəticəsində sağ qalıb.
Qazi o günləri xatırlayarkən ən çox bir anı vurğuladı ki, yaralı halda hər şey gözlərinin önündən keçərkən qızı Miray bir an belə yaddaşından silinməyib. Sanki buludların arasından baxan qızının gözləri ona yaşamaq iradəsi verib. Ölümün ən yaxın olduğu o məqamda belə qızı onun üçün ümid işığı, yaşamaq səbəbi olub.
Mirkənan Kərimov qeyd etdi: “Bizə yaşatdıqları soyqırımı və ədalətsizlik nifrətimizi gücə çevirdi. Biz torpaqlarımızı azad etmək üçün hər zaman hazır gözləyirdik. Bilirdik, qarşımızda necə kinli bir düşmən var və onun bu münaqişəni sülhlə həll etməyə fikri yoxdur. Məhz elə buna görə də hər bir hərbçi düşmənin üstünə atılmağa, torpağımızı işğaldan azad etməyə tələsirdi. Həmin gün biz döyüşə gülə-gülə getdik. Bir ovuc torpağı canımızdan əziz bilib döyüşdük. Xalqın arxamızda olduğunu bilirdik. Bizim qarşımızda düşmən, arxamızda isə dağ kimi uca xalqımız var idi. Hər bir əsgər bundan güc alır, irəliləyirdi. 
Vətən uğrunda sağlamlığını itirən hərbçi uğurun əsas səbəbini yalnız intiqam hissi ilə izah etmir. Əsas motivasiya kimi Vətən sevgisini göstərir, o bildirdi ki, “Zəfərin əsas səbəbi düşmənə qarşı hiss etdiyimiz intiqam və qisas idi, amma ən böyük səbəb Vətən sevgisi idi. Hər kəs canını göz qırpmadan fəda etməyə hazır idi. Bu ruh bizi məğlubedilməz etdi”. O həmçinin qeyd edir ki, xalqın və ordunun birliyi, şəhidlərimizin xatirəsinə bağlılıq bu qələbəni mümkün etdi. Müsahibim deyir ki, bir qarış torpaq uğrunda gedən döyüşlərdə sağlamlığını itirib, bu da həyatında həm fiziki, həm də ruhi dəyişikliklər yaradıb. Fiziki məhdudiyyətlər olsa da, daxili dünyasında daha güclü bir dəyər hissi formalaşıb: “Həyatı, sağlamlığı, ailəni daha çox dəyərləndirməyi öyrəndim. İndi hər günümü qazandığımız torpaqların dəyərini bilərək yaşayıram. Döyüş və itkiləri yaşamaq asan deyil. Amma inam, dözüm və yaxınlarımın dəstəyi ilə o dövrü keçdim. Qürur hissi ilə bildirmək istəyirəm ki, şəhidlərimizin qanı yerdə qalmadı, bu ən böyük rahatlıq və qürur mənbəyidir”.
Mirkənan Kərimov onu da vurğulayır ki, dövlət tərəfindən işlə təmin olunub və sosial sahədə Vətənə xidmət etməyə davam edir: “Qazilərə göstərilən hörmət və qayğı bizi ruhlandırır. Var olsun Azərbaycan xalqı”.
Qeyd edək ki, Vətən savaşında göstərdiyi şücaətə görə o, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif  edilib.

Zəhra VƏLİYEVA
 

Nəşr edilib : 04.10.2025 15:50