NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Qışın "oğlan çağı" Kiçik çillə başladı

...

Qış xalq təqviminə əsasən dövrlərə – çillələrə bölünür. Böyük çillə, Kiçik çillə, Boz ay. Çillə əziyyətdən, məşəqqətdən çıxmaq mənasındadır. Xalq belə təsəvvür edir ki, qış təbiətin məşəqqətli bir dövrüdür. Bu dövrə yüksək əhvalla qədəm qoymaq lazım gəlir ki, çətinliyinə sinə gərə biləsən. Xalq yaddaşında Böyük çillə və Kiçik çillə bir-birinə qarşı qoyular. Böyük çillə nə qədər yumşaqtəbiətli olaraq obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə olunur. Kiçik çillə Böyük çilləyə deyir ki, “Sən nə iş gördün?” Sənin zamanında gəlsəydim gəlinlərin əlin qovurma küpəsində saxlayardım. Mən qarıları küfləyə soxacam, küpələri boşaldacam, nə var evdə silib-süpürüb çıxacam.
Kiçik çillə...
Boyu bir belə...
Hikkəsi bir belə...
Gəlişi oldu
Hayınan.
Gedişi oldu
Vayınan.
Əlində qırmanc,
Eli-günü yandırdı,
Neçə günahsız doqqaz bağladı,
Neçə alaqapı
Sındırdı.
Kəsdi neçə evin yağmasın,
Pendirin, çörəyin, ağmasın...
Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. Kiçik çillə nə qədər sərt keçsə də, hamıda bir ümid var. Qarşıdan allı-güllü yaz gəlir. 
Hər iki çillənin gəlişi də, gedişi də bayram kimi qeyd olunar. Və illərdir, bu ənənə qorunaraq nəsildən-nəslə ötürülər.

Nəşr edilib : 31.01.2026 12:50