Sədərək rayonunda yol-nəqliyyat hadisəsi baş verib...
00:09 05.05.2025
0
0
0
NAXÇIVAN :
05 May 2025, Bazar ertəsi
Xalq arasında belə bir deyim var: “Balıq ən çox adının tərkibində “r” hərfi olan aylarda yeyilməlidir”. Bu deyimin doğruluğu sual doğursa da, artıq balıq mövsümüdür desək, yanılmarıq. Təbii ki, zülallar, yağlar, mineral maddələr, vitaminlərlə zəngin olan balıq ətini daim qəbul etmək insan sağlamlığı üçün çox vacibdir. Bu günlərdə bazarda alıcıların ən çox üz tutduğu yerlərdən biri məhz balıq satmaq üçün ayrılmış yerlərdir. Biz də şəhərimizdəki mərkəzi bazara üz tutduq və bu qiymətli qida məhsullarından hansılarının daha çox satıldığı, qiymətlərin əlçatan olub-olmadığını öyrənmək üçün suallarımızı satıcı Samir Fərzəliyevə ünvanladıq. 22 ildir, bu işlə məşğul olan Samir Fərzəliyev satdığı balıqların sırf Araz çayından tutulduğunu söyləyir: “Satdığımız balıqlar doğma yurdumuzun minerallarla zəngin olan suyunda, təbii şəraitdə böyüyən balıqlardır. Çeşidimiz boldur. Tolstolobik, sazan, şamayka, sudak, karas, çay balığı və digər növ balıqlara əhali arasında tələbat çoxdur, yəni alıcı qüvvəsindən narazılığımız yoxdur. Ən çox satılan balıqlar isə sazan və karas balıqlarıdır. Karas balıqları sümüklüdür, ancaq dadlı balıq növü olduğundan ona tələbat da çoxdur. Həm də qiymət cəhətdən də sərfəli olduğundan hamının imkanı bu balıqları almağa yetir. Sudak, xanı balıqları da çox satdığımız növlərdir”.
Qiymətlərin balıqların növünə və çəkisinə, böyüklüyünə görə fərqləndiyini söyləyən müsahibim deyir ki, qiymətlər, əsasən, 3,50 - 4 manatdan başlayır. Sazan balıqları qış mövsümündə çətin çıxdığından bu onun qiymətinə də təsir edir. Sazan balıqlarını 9 manatdan alıcılara təklif edirik.
Balıq alarkən onun təzəliyini necə təyin etmək olar? sualımızı Samir Fərzəliyev belə cavablandırdı: “Balıq alarkən, əsasən, onun gözünə və qulaqlarına diqqət etmək lazımdır. Hazırda havalar soyuq olduğuna görə, balıq əti təzəliyini ən az iki gün qoruya bilir”.
Burada bir haşiyə çıxaraq aparılan araşdırmalara əsasən bildirmək istəyirik ki, təzə tutulmuş balığın əzələsi sərt, gövdəsi elastik və çətin əyilən, gözləri parıltılı və bərəlmiş, ağzı kip bağlı olur. Həmçinin bel hissəsinə barmaqla basılan zaman əmələ gələn çuxur yenidən öz əvvəlki vəziyyətinə qayıdır. Sadaladığımız xüsusiyyətlərə əsasən balığın təzə və ya köhnə olduğunu müəyyənləşdirmək mümkündür.
Müsahibim onu da diqqətimizə çatdırır ki, sümüyü nisbətən az olan balıq istəyənlər üçün daha çox sazan və sudak balıqlarını məsləhət görürük. Sazan, tolstolobik kimi balıqlar ətli balıqlar olduğundan bunlardan kabab, bozartma, qızartma kimi yeməklər daha yaxşı alınır. Sazanın qızartması da, kababı da çox dadlı olur. Kiçik balıqlar isə qızartma üçün əlverişlidir. Çünki qızartma zamanı sümük əridiyindən onu rahat yemək olur. Laqqa balıq, xanı balığı kimi növlərdən isə daha çox kotlet hazırlanmasında istifadə edilir.
Balığın faydalarından söhbət açan müsahibim deyir ki, balıq ətinin insan sağlamlığı üçün çoxlu faydaları var. Bu qida məhsulu ürəyin sağlamlığını qoruyur, damarları təmizləyir, göz sağlamlığına kömək edir, əzələ ağrılarına müsbət təsir göstərir, sümükləri gücləndirir, şəkər və alzheimer kimi xəstəliklərin yaranma riskini azaldır.
Bütün bunlarla yanaşı, mütəxəssislərin fikrincə, bəzən balıqdan zəhərlənmə halları da istisna deyil. Çünki belə qida məhsulları tez xarab ola bilir. Zəhərlənməyə səbəb balığın Günəş şüası altında çox qalması, yəni saxlanma şəraitinə diqqət yetirilməməsi və yeniliyini itirməsidir. Balığı əvvəlcə təmizləyib, yuyub suyunu tam süzdükdən sonra, təxminən, 1-2 saat soyuducuda saxlamaq, daha sonra azca duzlayaraq dondurmaq məsləhətdir. Duzlanma prosesi onun təzəliyinin qorunmasında mühüm rol oynayır. Həmçinin konservləşdirilmiş və hisəverilmiş balıq ətindən də zəhərlənmə halları baş verə bilər.
Əldə etdiyimiz məlumatlara əsasən deyə bilərik ki, balıq ətindən zəhərlənmə, əsasən, yarım sutka ərzində özünü büruzə verir və bu zaman güclü ürəkbulanma, başgicəllənməsi , qusma kimi hallar baş verə bilir. Kəskin hallarda isə huşunu itirmə, qıcolma, şoka düşmə ilə nəticələnə bilir. Zəhərlənmə halında mütləq həkimə müraciət edilməlidir.
Son olaraq onu da deyək ki, balıq insan orqanizmi üçün ən qiymətli ərzaq məhsuludur. Qalır ki, ondan istifadə zamanı diqqətli olmaq. Bu isə hər birimizin öz əlindədir.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər