NAXÇIVAN :

24 Iyun 2025, Çərşənbə axşamı

Qəzənfər Abdullayev: “Bu gün təşkilatların problemlərinə həll yolları axtarmağa çalışdıq”

...

“Bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşəbbüsü ilə ilk təşkilatlarla geniş formatlı görüş keçirildi. Hazırda şuranın tabeliyində 509 ilk təşkilat və ümumilikdə, 42.073 nəfər üzv var. İlk dəfə olaraq 200 nəfərə yaxın təşkilat nümayəndəsinin iştirakı ilə baş tutan bu tədbirdə iştirakçılarla birbaşa ünsiyyət quraraq onların mövcud problemləri və təklifləri ilə tanış olduq. Görüş olduqca məhsuldar keçdi”. 
“Şərq qapısı” xəbər verir ki,  bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev jurnalistlərə verdiyi müsahibəsində söyləyib. 

Sədr qeyd edib ki, bu dəfə görüşün formatında yenilik edilərək tədbir Həmkarlar İttifaqları Şurasının balansında olan “Duzdağ” hoteldə təşkil olunub. 
“Bu format daha səmərəli oldu. Tədbir zamanı iştirakçılar tərəfindən ünvanlanan suallar birbaşa cavablandırıldı. Hər kəs öz təşkilatında mövcud olan məsələləri qaldırdı. Biz də Həmkarlar İttifaqları Şurası olaraq həmin məsələlərə həssaslıqla yanaşıb cavablandırmağa çalışdıq. Eyni zamanda qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni bir layihəyə start verir. Yay mövsümündə ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15 faizini ödəməklə həftənin şənbə və bazar günləri Ağbulaq İstirahət Mərkəzində maraqlı və yaddaqalan həftəsonu keçirəcəklər. Bundan əlavə, sanatoriyalara yollanış məsələsi də ilk dəfə olaraq tam elektronlaşdırılıb və bu barədə maarifləndirici videoçarxlar hazırlanaraq təqdim olunub. Artıq həm Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, həm də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri elektron qaydada müraciət edərək bu imkanlardan istifadə edə bilirlər”, – deyə Qəzənfər Abdullayev bildirib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 23.06.2025 20:09