NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qələm sahiblərinin yeni nəsli

...

Duyqu İbrahimli Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alır. Duyqunu  redaksiyamıza dəvət edib onunla həmsöhbət olduq. Öyrəndik ki, o hələ uşaqlıqdan bu sahəyə maraq göstərmiş, nəticədə, istəyinə çataraq artıq gənc jurnalist kimi fəaliyyətə başlamışdır. İlk zamanlar universitetin Media Mərkəzində könüllü kimi çalışmağa başlayan Duyqunun bu müddət ərzində “Yeni fikir” qəzetində yazıları dərc olunub, eyni zamanda müxtəlif süjetlər hazırlayıb. Xəbərin yazılması, süjetin quruluşu, müsahibələrin təşkili və montaj mərhələsi də daxil olmaqla medianın bir çox vacib istiqamətində fəallıq göstərib.
Daha sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agent­liyində könüllü fəaliyyət göstərmiş, müxtəlif tədbir və layihələrdə fəallıq nümayiş etdirmişdir. 
Müsahibim deyir ki, xüsusilə AzTV-də təşkil olunan ekskursiya televiziya mühitini yaxından tanımasında ona böyük kömək olub. Duyqu 16-22 dekabr 2024-cü il tarixlərdə keçirilən “Media savadlılığı” həftəsində fəal iştirak etmiş, agentlik tərəfindən diplomla təltif olunmuşdur. “Media könüllüləri” proqramını uğurla başa vuran gənc jurnalistin  növbəti dəfə təltif edilməsi isə onun media sahəsinə olan sevgisini daha da gücləndirmişdir. Məhz bundan sonra o istiqamətini müəyyənləşdirmişdir. Hazırda Naxçıvan televiziyasında çalışan Duyqu deyir ki, burada peşəkar jurnalistlərlə birgə fəaliyyət göstərmək, özümü real media mühitində sınamaq mənim üçün böyük təcrübədir. Bu gün gənclərə media sahəsində göstərilən dəstək və yaradılan imkanlar bir gənc olaraq məni xüsusilə sevindirir. Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş tədbirlərə cəlb olunmağımı gənclərə göstərilən xüsusi qayğı hesab edirəm.
Peşəkar jurnalistləri özünə örnək götürən Duyqu qeyd edir ki, biz  yeni nəsil jurnalistlər də təcrübəli qələm sahiblərinin yolunu davam etdirərək layiqli şəkildə peşəmizi yerinə yetirəcəyimizə inanırıq. Gənc yaşımda sevdiyim işlə məşğul olmaq və bu sahədə irəliləmək mənə qürur verir.
Gələcəkdə media sahəsində daha böyük uğurlara imza atacağına əmin olduğumuz bu gəncimizin yolu açıq, qələmi iti olsun. 

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 22.07.2025 15:42