NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qələbəyə gedən yollar

...

Füzulidə dayanmışam... Həmin yerdə vaxtilə düşmən postlarına baxıb ürəyimin nifrətlə dolduğu, beş il öncə Vətən oğullarının azad etdiyi torpaqda. Bir gündə onlarla oğulun canını Vətənə qurban verdiyi yerdə. Şəhid qanı ilə yoğrulub Vətən olan o torpaqda. “Keçilməz sədd” adlandırılan Ohanyan xəttinin keçdiyi, Vətən savaşının başladığı yerdə. Artıq beş ildir ki, bu torpaq əsl sahibinə qovuşub. Bu yuxu deyil, həqiqətdir. Dünyanın qəbul etmək məcburiyyətində qaldığı həqiqət. Düşmənin 30 il yarılmaz dediyi həmin səddə baxıram. 30 il möhkəmləndirilən və cəmi bircə saatda Azərbaycanın igid oğulları tərəfindən yarılan həmin “keçilməz” səddə... 
Vətənin sinəsini yaran, uzun illər bizə gözdağı olan sədd. Qələbəyə gedən yollar məhz buradan keçib Zəfər yoluna çevrildi. Baxıram ucsuz-bucaqsız Haramı düzünə və bir anlıq keçmişə qayıdıram. Uzun illər öncə hələ yenicə müstəqillik qazanmışdıq ki, vaxtilə torpağımızdan pay verilərək yaradılan Ermənistan adlı qul dövlətinin hücumlarına məruz qalmışdıq. Bacarıqsız rəhbərlik, öz mənafeyini güdərək ölkənin ən çətin vaxtlarında qardaş qırğını salan “vətənsevərlərin” sayəsində bağrımız qana dönmüşdü. Qarabağ düşmənin qanlı caynağında qanına qəltan olmuşdu. Xocalı qəlbimizin sağalmaz yarası, Şuşa ən böyük dərdimizə çevrilmişdi. İnsanlar öz doğma el-obasına həsrət alovuna bürünmüşdü. Zamanın bizi sınağa çəkdiyi həmin illərdə Naxçıvanda böyüsəm də, tale mənə ömrümün 15 ilini bu ucsuz-bucaqsız Haramı düzü ilə əhatə olunan, vaxtilə cəbhə bölgəsi deyilən ərazilərdə keçirməyi qismət etdi. 
Əslində, mərmi səsinə öyrənmişdim uşaq vaxtından. Məktəbli ikən Şərur şəhərinə atılan bombalar məktəb yoldaşlarımın üzərinə düşüb onları şəhid etmişdi. Soyuq qış gecələrində Şəruru ayağa qaldıran həyəcan siqnalı ilə yuxudan ayılıb zirzəmiyə sığındığımız günlər də olmuşdu. Əyləncə yerimiz olan istirahət parkının Şəhidlər xiyabanına döndüyü günlərə də şahid olmuşdum. Mənim üçün yad deyildi cəbhə bölgəsində olmaq. Amma burada bir fərq var idi. Hər səhər günəş doğulanda da, gecə ay çıxanda da gördüyüm mənzərə fərqli idi. Öz Vətənindən Vətəninə baxmaq. Bəli, orada yaşayan hər kəs öz yurduna həsrətlə baxırdı. Kimi Füzulinin, kimisi Ağcabədinin, bir başqası isə Tərtərin cəbhə kəndinə çevrilən kəndlərindən öz yurduna həsrətlə baxır orada baş verənləri ürək yanğısı ilə izləyirdi. 
Ağcabədi rayonunda yaşadığım illərdə hər gün Ağdamın Qarakənd qəsəbəsində var-gəl edən erməni maşınlarını gördükcə qəlbimdəki düşmənə nifrət hissi alovlanırdı. Cənnət yurdumuzun düşmən tapdağında olması, orada erməni əsgərinin gəzməsi insanın qanını dondururdu. Biz nə az, nə çox, düz 30 il bu mənzərəni izlədik. Xain əllərin yurdumuzu necə xarabaya döndərdiyinə şahid olduq. Səbirlə qisasa hazırlaşdıq. Aprel döyüşləri ilk qığılcım oldu Azərbaycan səmasında. Cocuq Mərcanlı Böyük Qayıdışa ilk addım olanda ürəyimiz hiss edirdi qələbənin uzaqda olmadığını... Günnüt Zəfəri isə ürəyimizdəki torpaq eşqini daha da alovlandırdı. Və 44 gün... 
Azərbaycan əsgərinin ürəyində Qarabağ yanğısı ilə irəli atıldığı 44 gün. Həmin səhər 200 ildir, gözlədiyimiz bir səhər idi. İki yüz il öncə parçalanan, yarımcan edilən Azərbaycanın haray səsi həmin gün bütün Yer kürəsinə yayıldı. Xalq ordusu ilə birləşib düşmənin üstünə şığıdı. Qartal kimi dağların başına pərvazlanıb öz ovunu caynağına aldı. Nə işğalda olan torpaqların hər qarışına döşənən minalar, nə Murovun buz kəsmiş aşırımları, nə Xocalının qanlı yolları, nə də Şuşanın sıldırım qayaları gözünü qorxuda bilmədi Azərbaycan əsgərinin. Həmin gün hər evi səngər, hər vətəndaşı əsgər olmuşdu artıq Vətənin. Okeanın o tayında təhsil alan gənc öz komfortlu həyatını buraxıb cəbhəyə üz tutmuşdu. Qocalıq müavinətini orduya bağışlamışdı ahıllar. Əlinin xınası hələ getməyən gəlinlər yarım qalan sevgilərini torpağa qurban verib, “Vətən sağ olsun”, – demişdi. Və oldu da, Vətən sağ oldu. Dünyanı heyrətə gətirən 44 gündə və 23 saatda Vətən sağ oldu. Onlar – Elçinlər, Elcanlar, Adillər, Muradlar, Ümidlər Vətən sağ olsun deyə canından keçdilər. Füzulidə Ohanyan səddini yarıb Şuşaya Zəfər yolu çəkdilər. Və bütün dünya o torpaqların əbədi sahibinin qayıtdığını gördü. Bu gün Şuşada dalğalanan bayraq igid oğulların gözünün nuru, yeriyən ayağı, tutan əli, son nəfəsindəki pıçıltısı, Xocalıya qayıdan həyat adsız məzarda yatan nişanənin özünə qayıdan kimliyidir. 

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 21.09.2025 13:20