NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qələbənin işığında davam edir həyatlar

...

Mənimlə söhbətə başlayanda, Vətən müharibəsi qazisi Seymur Məmmədovun baxışlarından dərhal anlamaq olurdu ki, onun qəlbində hələ də müharibənin səs-küyü, toz-torpağı, barıt qoxusu yaşayır. O sanki hər kəlməsi ilə məni də o günlərə aparmaq istəyirdi. Danışmağa təmkinlə başladı, elə danışdıqca səsində həm qürur, həm də dərin kədər hiss olunurdu: “Mən o günlərdə həm sevincli, həm də kədərliydim”, – dedi.  “Sevinirdim, çünki torpaqlarımız işğaldan azad olunurdu. İllərlə həsrətində olduğumuz yurd yerlərinə qovuşmaq hissi adamın damarlarında qanı qaynadırdı. Amma eyni zamanda kədərli idim, çünki silah yoldaşlarımızın şəhid xəbəri gəlirdi. İnanın ki, o qarışıq hissi ancaq yaşayan bilər. Bir tərəfdən qürur, digər tərəfdən içində izaholunmaz bir boşluq”.
Bir anlıq susur, dərin nəfəs alır. Sonra isə gözlərimə baxaraq əlavə edir: “İlk döyüş təcrübəsi insanın yaddaşına silinməz iz qoyur. Mən də bunu yaşadım. Həm qorxu, həm də qürur eyni vaxtda insanın ürəyində yuva qurur. Elə bir andır ki, insanı kökündən dəyişdirir. Mən müharibədən əvvəlki Seymur deyildim artıq. Hər şeyə başqa cür baxmağa başlamışdım”.
Qazinin yaddaşında qalan ən ağır döyüşlərdən biri Füzuli rayonunun Çanaxçı kəndində baş verib. O hadisəni xatırlayanda sanki sözləri boğazında düyünlənir: “Ən çətin tapşırığımız orada oldu. Həmin yerdə üç şəhid verdik, dörd yaralı oldu. Çanaxçı döyüşü bizdən həm güc, həm də böyük dözüm tələb edirdi. Hər an ölümlə üz-üzə idik. Amma o ağır tapşırığın da öhdəsindən gəldik. Qardaşlarımızın qanı bahasına olsa da, uğur qazandıq.
Söhbət əsnasında o, bir xatirəni bölüşür: “Bir silahdaşımız ağır yaralanmışdı. “Mənə bir az su verin, içim…” – dedi. Mən hələ də o anı gözümün önündən silə bilmirəm. O suyu içməyə macal tapmadan şəhid oldu. Bilirsiniz, insan o an öz acizliyini anlayır. Heç nə edə bilmirsən, sadəcə, baxırsan…”
Müharibə bitəndən sonra onun həyatında yeni bir mübarizə başlayıb. Bu dəfə özü ilə, içindəki yaralarla. O, söhbət zamanı bunları gizlətmədi: “Döyüşdən qayıdandan sonra mənim də yaralarım, travmalarım oldu. Hələ də o günlərin ağrısını içimdə daşıyıram. Psixoloji problemlərim davam edir. Xüsusilə də xidmət yoldaşlarımın şəhid olmalarını qəbul edə bilmirəm. İnsana ən çox təsir edən odur ki, dostun, yoldaşın sənin yanında can verir, sən isə əlindən heç nə gələ bilmədiyini görürsən. Bu, insanın içində ömürlük iz buraxır”.
Onun sözləri məni də dərindən sarsıdır. Elə bil, qarşımda oturan müharibədən sağ qayıtmış bir xatirədir. Sonra sözünə davam edir: “Ən böyük dərsi də orada öyrəndim: insan sevdiklərinin qədrini bilməlidir. Hər günü son günümüz kimi yaşamalıyıq. Çünki sabahımızın olub-olmayacağını heç kim bilmir. Müharibə insana bunu öyrədir”.
Mən onu dinlədikcə anlayıram ki, müharibənin əsl siması döyüş meydanında yox, insanın qəlbindədir.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 19.10.2025 17:05