NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qələbə qurbansız olmaz

...

Uşaqlıqdan Qanlı Yanvar kimi yaddaşımızda qalan həmin gün Azərbaycan xalqının azadlıq iradəsinin sarsılmazlığını bütün dünyaya göstərdi. 1990-cı ilin Yanvar hadisələri tariximizdə dərin iz buraxmaqla yanaşı, azadlıq uğrunda canından keçən qəhrəmanların adını da yaddaşlara həkk etdi. Həmin qəhrəmanlardan biri də 20 Yanvar şəhidi Rahim Babayevdir. Şəhidin evinə gedərkən bizi qarşılayan sükut, divarlardakı xatirələr və ailənin baxışlarındakı dərin qürur hissi hər şeyi sözsüz anlatmağa kifayət edirdi. Bu evdə keçmişlə bu gün arasında görünməz bir bağ var. Şəhidin yoxluğu hiss olunsa da, onun qoyduğu izlər ailəsinin həyatında, xatirələrində və seçdikləri yolda yaşayır. 1970-ci ildə Ordubadda anadan olan Rahim ailədə valideynləri ilə birlikdə bir qardaş və bir bacı ilə böyümüşdü. Rahim məktəbi 1987-ci ildə əla qiymətlərlə bitirib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunmuşdur. 
Anası Yaqut xanım oğlundan danışarkən deyir ki, Rahim ailənin ilk övladı olub və kiçik yaşlarından istedadı ilə seçilib. Məktəb illərində müxtəlif fənn olimpiadalarında, eləcə də respublika səviyyəli olimpiadalarda iştirak edib. Şahmata xüsusi marağı olub, yarışlarda çıxış edərək birinci yerə layiq görülüb. Balaca yaşlarından şeir yazan şəhid düşüncələrini sözə köçürməyi bacarırdı. Bu gün ailəsinin qoruyub saxladığı dəftərlərdən biri onun daxili dünyasına açılan sükutlu bir pəncərədir. Rahimin öz qələmindən çıxan “Ötən günlər” adlı şeirində sanki başına gələcəklərdən xəbərdar idi:
        Yadıma salıram ötən günləri,
        O ötən ayları, keçən illəri.
        Qaytarmaq olarmı bir daha geri
        O ötən günləri, ötən illəri…
Bu misralarda zamanın sürəti, uşaqlığın dəyəri və insanın öz-özü ilə söhbəti açıq şəkildə hiss olunur. Daha da təsirlisi odur ki, şeirin son bəndi şəhidin haqq və ədalətlə bağlı mesajı kimi   səslənir:
Haqq yolunda candan belə keçərəm,
Qoy desinlər Rahim kişi oğlu kişi idi.
Şəhidimizin bacısı Ruhiyyə xanımla söhbətimizdə dedi ki, Rahim qayğıkeş və ailə canlı idi. Onun ya həkim, ya da müəllim olmasını istəyirmiş. Həmin il iki qardaşı Bakıda bir evdə yaşayır, ailənin digər üzvləri isə Naxçıvanda olurdu. Qardaşları bir-birindən xasiyyətcə fərqli olsalar da, Rahim daha çılğın və cəsarətli idi. Qarabağ hadisələri başlayanda Rahim bu məsələyə biganə qalmayıb, Qarabağa getmək üçün özünə qrup da yaradır. Ailəsinin isə bundan xəbəri yox idi. Yola düşsələr də, yollar bağlı olduğu üçün geri qayıtmalı olublar. Bir müddət sonra Rahim ailəsinə məktub göndərir. Məktub yanvarın 17-də yazılmışdı. O məktubda ata-anasından halallıq istəyirdi. Müsahibim deyir ki, yanvar ayının 25-də atalarına zəng gəlib ki, oğlu yoxa çıxıb, artıq beş gündür, ondan xəbər yoxdur.
“Sən demə, Rahim Bakı şəhərində günlərdir, davam edən azadlıq hərakatında meydana çıxan insanlarla bərabər imiş. O da gecə-gündüz demədən müstəqillik arzusu ilə yanan ürəyini soyutmaq üçün əliyalın çıxıbmış tankların önünə. Sonradan eşitdik ki, dostunu xilas edib, özü isə gülləyə tuş gələrək ağır yaralanıb”, – deyə Ruhiyyə xanım qeyd edir. 
Müsahibim əlavə edir: “Atam hər şeyi ürəyində hiss edirmiş. Bir gün sonra bizə zəng edərək Rahimin yaralı olduğunu bildirdilər. Bakıya gəlməyimizi istədilər. Elə həmin gün Rahim şəhidlik zirvəsinə ucalıb, sən demə. 27 yanvarda o, Bakıda Şəhidlər xiyabanında dəfn edildi və Naxçıvanın ilk 20 Yanvar şəhidi olaraq yaddaşlarımızda qaldı.
“Qələbə qurbansız olmur”, – deyən Rahim Babayev bu sözlərini öz hərəkətləri ilə təsdiqlədi. 20 Yanvar səhəri xalqımızın müstəqillik yolunda açılan sabahının xəbərçisi oldu. Gənc ömrünü, gələcək arzularını Vətənin işıqlı sabahına qurban verən bütün qəhrəmanlar kimi o da bu xalqın qəlbində özünə əbədi abidə ucaltdı. 

Zəhra VƏLİYEVA

Nəşr edilib : 20.01.2026 20:15