Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Vətən müharibəsi, cəmi 44 gün yaddaşlara elə bir iz saldı ki, yüz illər keçsə də, unudulan deyil. Sərin bir payız səhəri Vətənin bağrına qarayara kimi sancılan Ohanyan xətti igid oğulların gücü, qəhrəmanlığı ilə yarıldı. Və biz illərdir, həsrəti ilə yandığımız Qarabağa qovuşduq. Həmin şanlı gündən artıq 5 il keçir. Biz xalq olaraq beş ildir ki, qalib olmanın şərəfini yaşayırıq. Budəfəki müsahiblərim həmin gündən, şərəfli tarixdən və bu qələbəyə necə qovuşduğumuzdan söhbət açacaq.
Bu şərəfli tarixi yazanlardan biridir qədim Kəngərlinin özündən də qədim olan Qarabağlar kəndində dünyaya gələn Zeynalov Təbriz Eyvaz oğlu. Hərb peşəsini seçən hər bir oğul kimi onun da ən böyük arzusu Vətənin bütövlüyü idi. Ağcabədi rayonundan başlayan yol Beyləqandan, Talış yüksəkliyindən Naxçıvandan, Günnütdən keçib Vətən savaşında Şuşa yolunda şərəflə tamamlandı. Təbriz həmin günləri belə xatırlayır:
“Azərbaycan Ordusunun hər bir fərdi kimi mən də Vətənin bütövlüyünü arzu edirdim. Bu yolda canımdan belə keçməyə hazır idim. Mən bu yolu əynimə hərbi forma geyinməyə qərar verən gündən seçmişdim. Axı bizim uşaqlığımız da düşmənin Naxçıvana amansız hücum etdiyi günlərə təsadüf etmişdi. Anamın düşmən mərmisinə tuş gələn sədərəkli körpələrə, igid Vətən oğullarına çıraq işığında bayatı deyib gözyaşı tökdüyü gecələri çox görmüşdüm. Biz düşmənə nifrət hissi ilə böyümüş, Vətən torpağını canımızdan əziz bilmişdik. Vətən keşikçisi kimi şərəfli adı qazandığım gündən hər an hazır idim düşmənin üzərinə atılmağa. Bu arzuma Aprel döyüşlərində, 2018-ci ildə Günnütdə çatdım. Günnüt zəfərini qazananlardan biri olmaq şərəfinə layiq olub oradan Qarabağımızın başıqarlı dağlarını görəndə bir gün bu dağlara da yolum düşsün deyə arzu etdim. Vətən savaşı başlayan gün Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hər bir zabiti kimi Qarabağa getməyə can atdım. Xüsusi təyinatlı bölmə komandiri olaraq döyüşə yollandığım gün Naxçıvandan qalxan təyyarədə olan hər kəs gülürdü. Hamı sevinc içində yola düşürdü Qarabağa, qələbə qazanmağa. Kimin şəhid, kimin qazi olacağını bilmədən halallıq aldıq bir-birimizdən.
Döyüşə girəndə şir kimi irəli atıldı Azərbaycan əsgəri. Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut bir-bir azad edildikcə döyüş ruhumuz daha da artır, Şuşaya doğru irəliləyirdik. Elə gün olurdu ki, şəhid olan silahdaşlarımızı çiynimizdə daşıyır, yaralı-yaralı döyüşürdük, amma bir an belə geri addım atmırdıq. Şuşaya gedən yolda Tuğ kəndindəki döyüşlərdə, düşmənlə üz-üzə dayandığımız günlərin birində mən gözümün nurunu və bir neçə silahdaşımı itirdim. Onlar şəhadət şərbəti içib Vətən üçün əbədiyyət göyərçininə döndü. Onları hər gün qürur və rəhmətlə anır, ruhunuz şad olsun, Hadrud, Zəngilan sizin nəfəsinizlə həyata qayıtdı, Şuşa gözümüzün nuru oldu deyirəm.
Bu gün “Azərbaycan Bayrağı” ordenini, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarını qürurla daşıyıram. Torpaqlarımızın azad olunması üçün çəkilən yolda mənim də ayaq izim var. Biz çox xoşbəxt nəsilik, çünki müstəqil Azərbaycanda yaşayır və torpaqlarımızın düşmən işğalından azad olunmasının sevincini yaşayırıq. Neçə-neçə insan bu arzuyla, bu həsrətlə dünyasını dəyişib. Bəlkə də, onlar ömürlərini də fəda edərdilər ki, bir an olsun torpaqlarımızın işğaldan azad edildiyi xəbərini eşitsinlər. Hər birimizin otuz ilə yaxın bir zaman kəsiyində hər gün, hər yeni il gələndə, hər bayramda bir arzumuz, niyyətimiz var idi – gələn bayramı, Yeni ili Şuşamızda, Laçınımızda qeyd edək. Budur, həmin arzuların çin olduğu günləri yaşayırıq. 44 gündə 30 ildə dünya dövlətlərinin görə bilmədiyi bir işi bacardıq. Biz bir olduq, birlikdə gücləndik, qayıtdıq elimizə, obamıza. Azərbaycanlıların gücünü, qüdrətini bütün dünyaya göstərdik. Bundan daha böyük xoşbəxtlik olarmı? Bundan daha böyük qürur, fəxarət varmı?”
***

Digər müsahibim AJB və AYB üzvü Ünbülbəni (Banu) Musayevadır. O, Şərur rayonunun zəhmətkeş, ziyalı, vətənpərvər qadını, qələmi də Vətən sevdalı bir yazardır. Onunla həmsöhbət olur, ötən günlərdən Vətən savaşına uzanan yola və qələbəyə baxırıq:
“Bir ana, ziyalı qadın kimi müharibəyə nifrət edirəm, terrora yox deyirəm. Amma söhbət Vətən, torpaq, bayraqdırsa, bu yaşda da uf demədən canımı Vətənə qurban verərdim. Sədərək döyüşlərinin canlı şahidiyəm. O vaxt mühasirədə olan və mühasirədə döyüşən Naxçıvan torpağı, Naxçıvan oğulları nə çəkdi onu da bilirəm. Həmin illərdə başımıza yağan bombaların həlak etdiyi insanların dərdinə ağlamağa macal tapmamış düşmən qanlı caynağını evimizə, elimizə uzadır, Sədərək döyüşlərində hər gün ürəyi Vətən sevdalı onlarla oğulu şəhid verirdik. Qışın sərt soyuğunda, istidən Xan Arazın belə dodağının çatladığı yay günlərində səngərdə ac-susuz dayanan oğullar topa, tanka qarşı ov gülləsi ilə döyüşür torpağın bir qarışını düşmənə vermirdi. Biz qadınlar isə güclə tapdığımız bir ovuc undan səngərdəki əsgərə çörək bişirib göndərirdik. Kimin nəyə gücü çatır Vətənin müdafiəsinə dəstək olurdu. Həmin çətin günlərdə, elimizin ən dar günündə imdadımıza yetən Vətən oğlu Heydər Əliyevin ətrafında sıx birləşən naxçıvanlılar bu torpağı qorudu. Amma çox təəssüf ki, mərkəzi hakimiyyətin bacarıqsızlığı ucbatından Qarabağ əsir düşdü. Yüzlərlə can getdi, hədər oldu. 30 il narahat ruhlar dolaşdı Vətənin dumanlı səmasında. Xalqın gücü Heydər Əliyevin zəkası ilə birləşib bizə nicat yolunu göstərdi. Dahi rəhbərin davamçısı İlham Əliyev Ulu Öndərin vaxtilə Naxçıvanda əsasını qoyduğu ordunu gücləndirdi. Aprel döyüşləri, Günnüt qələbəsi ordumuzun zəfər yolundakı mayakı oldu. 12 iyul Tovuz döyüşləri bizim qələbəmizin təməlini atdı. İstər-istəməz hamının ürəyindən bir arzu, bir istək keçdi. “Ayağa qalx Azərbaycan!”, “Qarabağ Azərbaycandır! Nida!”.
Ünbülbəni Musayeva deyir: “Həmin günlərdə xalqına arxalanan sərkərdə suverenliyimizin, ərazi bütövlüyümüzün, dövlətçiliyimizin bütövlüyü uğrunda mübarizəyə və müharibəyə qalxdı. Dövlət və xalq birliyi bir yumruq kimi birləşib “dəmir yumruq” əməliyyatına başladı. Necə deyərlər, Vətən və torpaq bizim amalımız, yaşam səbəbimiz, yaşam amalımız oldu.
Azərbaycan dövlətinin Ali Baş Komandanı İlham Əliyev 27 sentyabr 2020-ci ildə xalqımıza müraciət etdi. Həmin müraciəti eşidəndə həm ağladım, həm də Allaha yalvardım. Allahım, sənə yalvarıram, övladlarımızı, əsgərlərimizi, ordumuzu qoru! Düşmən qabağında dövlətimizi, Ali Baş Komandanımızı, Milli Ordumuzu qoru! Həmin gün bütün Azərbaycan xalqı belə dua edir, ordumuza zəfər arzulayırdı. Bu son 30 ildə Azərbaycan TV kanallarına 44 gündə baxdığımız qədər, bəlkə də, baxmamışdıq. Mavi ekranda ilk dəfə eşitdiyim “Gözün aydın Azərbaycan, Füzulinin iki kəndi işğaldan azad olundu” xəbərinə hönkürtü ilə ağladım və özümdən asılı olmayaraq, ayağa qalxıb xəbəri alqışladım, təkcə bizim evimizdən yox, bütün evlərdən “Ura! Yaşasın Ordumuz!”, “Yaşasın Ali Baş Komandanımız!” şüarı dalğa-dalğa yayılıb bir payız səhərini yaza döndərdi. Həmin gün Ohanyan xətti yarılanda balaları şəhid olan analar onların nəşinə sarılıb Ali Baş Komandana “Müharibəni dayandırma”, – dedi. Dünya yaranandan bəri hələ belə Vətən sevgisi görməmişdi”.
Söhbət zamanı keçmişə qayıdan, həmin günləri gözyaşı ilə xatırlayan ziyalı xanım deyir:
“Mən düşmənlərimizin Şuşanı işğal etməsini Ermənistan TV kanallarından izləmişəm. Ermənilər bayram edirdi. O gün diz üstə çöküb o böyük Yaradana ağlaya-ağlaya yalvardım ki, Şuşanın zəfərini görməyi mənə, xalqımıza nəsib etsin. Uca Tanrı Ali Baş Komandanımıza və bütün Milli Ordumuza daim kömək olsun. Şuşa zəfərini – tarixi qələbəmizi görməyi bizə nəsib etdi. Milli mənliyimiz özümüzə qayıtdı, milli qürurumuz bizi – ordumuzu dünyaya tanıtdı. Prezidentimiz dünya siyasi tribunalarında dediyi sözü, xalqa verdiyi vədi ləyaqətlə yerinə yetirdi.
Torpağın müqəddəsliyi şəhid qanından yoğrulan sevgidir. Ona görə də ana torpağı özümüzdən, hətta övladımızdan da çox sevirik, hər şeyə rəğmən “Vətən sağ olsun!” – deyirik. Çünki Vətən, torpaq canımızdan şirindir, – deyən Ünbülbəni xanım bunu da diqqətimizə çatdırır:
“Azərbaycan Zəfər tarixində şəhidlərimiz təkcə bir döyüşçü yox, milli qürurumuzun, milli mənəviyyatımızın xalq və dövlət birliyinin, Vətən və torpaq sevgisinin canlı təcəssümüdür, qanla yazılmış tarixidir.
Hər bir şəhidimizin həyatı, döyüş yolu, döyüş şücaəti, qəhrəmanlığı və XXI əsr Azərbaycanın hərb tarixində cahanşümül qəhrəmanlığıdır. Sülhün və barışın, dinc yolla münaqişələrin həllinə çalışan Azərbaycan müharibə yolu ilə, Şuşa zəfəri ilə Şuşada keçirilən hərbi paradda, Xankəndidə keçirdiyi hərbi paradda öz sözünü dedi. Şuşa qələbəsi günü duyğusal bir gecə yaşadım. Çox qürurlu idi... Çox... Dünya hərbi ekspertlərinin Şuşa döyüşü haqqındakı müsbət rəyləri insanın sinəsini qabardır. Sizə biz analar qurban, Azərbaycan əsgəri!” – deyirik.
***

Qədim Naxçıvanın qeyrət qalası Sədərəkdə hamı Hümbət Rzayevi vətənsevər bir insan kimi tanıyır. Sədərəyin müdafiəsi zamanı o bunu sübut edib. Vətən müharibəsindən sonra isə onu bütün Azərbaycan tanıdı. Qəhrəman oğlu, Vətən müharibəsi şəhidi Ərtoğrulun 52 gün sonra gələn tabutunun önündə qurban kəsəndə. O, 52 gün yol gözləyib, hər gün əllərini Uca Tanrıya açıb: “Təki balam gəlsin, quzu qurban kəsəcəyəm”, – deyib. Qazanılan qələbədən keçən beş ildə tez-tez görürəm Hümbət atanı. Hər dəfə qarşılaşanda da Ərtoğruldan danışır. “Az qala dadını unutduğumuz qələbəni gətirdi bizə balalarımız. Onlar illərdir, əsir olan torpaqlarımızın dərdinə dərman oldular”, – deyir.
Hümbət ata Sədərək döyüşlərini yada salır və deyir: “Həmin günlərdə xalqın əzmi və Ulu Öndərin burada olmağı Naxçıvanı qorudu. Balaca bir kənd həmin günlərdə sanki insanların iradəsi ilə Vətən sevgisindən qurulan sədd olmuşdu. Düşmən bizdən qat-qat artıq idi, amma bizim Vətən sevgimiz silahları belə susdururdu. Həmin günlərdə burada doğulan oğullar güllə səsi altında böyüyüb Qarabağı azad etmək yolunda irəlilədi. Və Heydər Əliyevin arzusu çin oldu. Azərbaycan bütövləşdi. Oğlum Ərtoğrul hərbçi olmaq istəyəndə onu şəhidlik zirvəsində gördüm sanki. Çünki bilirdim ki, torpağının 20 faizi işğalda olan dövlətin zabiti olmaq həm də şəhid, qazi olmağa hazır olmaq deməkdir. 27 sentyabr günü Ali Baş Komandanın xalqa müraciətini dinləyib, bir neçə yüksəkliyin azad olunduğunu öyrəndikdən sonra həyətə çıxdım. Sədərəyin hər daşına şəhid qanı hopan dağlarına baxıb biz Qarabağa da dönəcəyik dedim. Mən buna əmin idim, çünki illərdir, dövlət başçısının necə cəsarətlə “Qarabağ Azərbaycandır!” – dediyinə şahid olurdum. Vətən savaşında torpaqlarımız qarış-qarış azad edildikcə bizim də sevincimiz hədsiz olurdu”.
Şəhid atası deyir: “Mən həm də ona görə sevinirdim ki, azad olunan torpaqlara oğlumun da ayaq izləri düşürdü. Bu gün şəhid atası adını qürurla daşıyıram. Vətənimiz uğrunda canından keçən igidlər bizim canımızdan bir parçadır. Onların hər biri bütöv Azərbaycanın övladıdır. Şəhid ailəsi olmaq böyük şərəfdir. Bizim yurdumuzun şəhidləri heç bir zaman ölməyəcək. Onlara böyük ehtiram göstərilir, ruhları önündə daim baş əyilir, ailələri uca tutulur. Vətən müharibəsindəki qələbədən beş il ötür. Mən əminəm ki, şəhidlərin Murovdağ yüksəkliyində, Şuşanın, Xankəndinin, Xocalının azad səmasında pərvaz edən ruhları şaddır. Çünki bu Vətən bütövdür, Azərbaycan Bayrağı Vətənin hər yerində yüksəklərdə dalğalanır”.
Bir neçə gün sonra həmin gün yenə gələcək – 27 sentyabr. Beş il ötəcək həmin gündən. Qürurla, şəhidlərimizə, onları böyüdüb Vətənə qurban verən ana, atalara minnətdarlıq hissi ilə, qazilərimizə, müharibənin od-alovunu söndürüb hələ də xidmətini Vətən müharibəsi iştirakçısı kimi davam etdirən hərbçilərimizə hörmətlə keçən beş il. Və qələbə qazanmış xalq olmaq sevinci ilə yaşadığımız beş il.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər