Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan Dövlət Universitetinin Sosial mərkəzinə getdiyimiz zaman binanın 2-ci mərtəbəsində qulağımıza həzin bir musiqi səsi gəldi. Bu səsi dinləyə-dinləyə həmin otağa yaxınlaşdığımızda buranın musiqi alətləri hazırlanan emalatxana olduğunu öyrənirik. Elə yenicə içəri daxil olmuşduq ki, bu musiqi sədaları altında bizi həmin musiqi alətlərinin yaradıcısı İxtiyar Seyidov qarşılayır. Bizi görən kimi ustad ifasını dayandırıb gülər üzlə “Xoş gəlmisiniz”, – dedi. Emalatxanaya göz gəzdirdiyimizdə bizi maraqlı və bir-birindən fərqli qədim musiqi alətləri qarşılayır.
Şahbuz rayonunun Kükü kəndində, ziyalı ailəsində anadan olan İxtiyar Seyidovun musiqi sənətinə marağı uşaqlıq illərindən başlayıb. Həmçinin onun orta məktəbdə oxuduğu dövrdə ilk bərpa etdiyi musiqi alətləri saz, tütək, ney və balaban olmuşdur. Sanki o öz taleyini hələ erkən yaşlarından musiqiyə və qədim ənənələrin qorunmasına bağlamışdı.
Məktəbi bitirdikdən sonra Naxçıvan Politexnik Texnikumunda aldığı təhsil, Estetik Tərbiyə Mərkəzində keçirdiyi illər, Naxçıvan Dövlət Universitetindəki peşə yolunda atdığı addımlar, bir məqsədə xidmət edirdi: unudulmaqda olan musiqi alətlərini yenidən həyata qaytarmaq.
Onun həmin illərdə bərpa etdiyi alətlərin siyahısı, sadəcə, adlardan ibarət deyil, həm də keçmişə açılan bir qapıdır. O, bərbət, rud, çoğur, qolça qopuz, oğuz qopuz, ud, çəng, qanun, tənbur, tar, kamança, səntur, tütək və sair kimi digər qədim musiqi alətlərinə yenidən həyat vermişdir.
Hazırda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində Musiqi Alətləri Emalatxanasının müdiri və Naxçıvan Musiqi Kollecinin müəllimi vəzifəsində çalışır. Söhbət zamanı divarda asılı duran qədim musiqi aləti “Naxçıvan tənburu” gözümüzə dəyir. Usta bu alətə başqa bir ad da verib: “Turan aləti”. Bu adın özündə dərin bir tarixi yaddaş və birlik ideyası gizlənir. Söhbətimizə elə bu alətin yaranma tarixindən başladıq. İxtiyar Seyidovun sözlərinə görə, Turan alətinin hazırlanmasında əsas ideya türk dövlətlərinin birliyini, ortaq köklərini və mədəniyyət birliyini musiqi dili ilə ifadə etmək olub. Onun dediyi kimi: “Bu alət bizim kimliyimizi xatırladır. Bizim kökümüz birdir və biz hər zaman birliyi təbliğ etməliyik”. Turan aləti həm ad baxımından, həm də tarix baxımından musiqi alətlərindən seçilir. O, türk xalqlarının ortaq musiqi düşüncəsini bir simvolda birləşdirən qədim musiqi alətidir. Ustanın verdiyi izaha əsasən, bu alətin özünəməxsus forması, səslənməsi türk mədəniyyətinin qədim qatlarına bağlılığı ilə seçilir. İxtiyar Seyidov qədim musiqi alətlərini canlandırarkən yalnız ustalıq göstərmir, həm də hər bir alətin tarixini, onun necə canlandırılacağını araşdırır.
Emalatxanaya göz gəzdirdiyimiz zaman diqqətimizi çəkən alətlərdən biri də səntur oldu. Onun tarixi haqqında soruşduqda, İxtiyar müəllim belə izah edir: “Səntur yatıq sazlar ailəsinə mənsub olan bir alətdir. Qanun, nüzhə və bu tipli digər alətlərlə eyni kökdən gəlir”. Usta əlavə edir ki, əfsanələrə görə Davud peyğəmbər bir sıra musiqi alətlərinin, o cümlədən sənturun yaradıcısı hesab olunur. Bu inanışın izləri həm dini mənbələrdə, həm də Şərq mədəniyyətində öz əksini tapır. İxtiyar Seyidovun emalatxanasında sənturun bərpa edilmiş nümunəsini görmək isə təsadüfi deyil o bu aləti təkcə bərpa etmir, həm də qədim musiqi ənənəsinin bugünkü davamı kimi yaşadır. Bu alət haqqında danışarkən usta ayağa qalxaraq sənturu ifa etməyə başladı. O an bir daha gördük ki, İxtiyar Seyidov yalnız ustad sənətkar deyil, həm də yüksək zövqlə ifa edən dəyərli bir musiqiçidir. Sakitcə dayanıb onun ifasına qulaq asdıqda insanın içində bu sənətə qarşı xüsusi bir maraq oyanır. Musiqinin səsi ruhu oxşayır, adama bir rahatlıq bəxş edir, sanki zaman dayanır.
Sevgiylə düzəldilmiş alətlər
İfa bitdikdən sonra söhbətimizə davam etdik. Bizə yalnız öz sənətindən deyil, həm də həyatının ən böyük dayaqlarından biri olan yanında çalışan həyat yoldaşından danışır. Bu yolda onun ən sadiq yolyoldaşı, həyat yoldaşı Həvva xanımdır… Onların 32 illik ailə həyatı, elə bil, iki uyumun bir alətdə birləşməsi idi. Onlardan biri düzəldir, biri naxışlayır, biri də yaradır, biri gözəllik qatır.
Qədim musiqi alətlərinin hazırlanmasını bir də Həvva xanımın dilindən eşitmək istədik. Onun sözlərinə görə, hər hansı bir qədim alət üzərində işləməyə başlayanda proses heç vaxt rəsmlə başlamır, hər şey axtarışla başlayır. Bəzən köhnə bir şəkilin güclə görünən küncündə qalmış xırda bir detalı tapmaq üçün saatlarla araşdırma aparırlar. Bəzən bir alətin görünməyən tərəfini aydınlaşdırmaq üçün müxtəlif mənbələri müqayisə edir, bəzən də tarix kitabları, qədim təsvirlər arasında itmiş bir iz axtarırlar. Sonra çertyoja keçirlər aydın olmayan xətləri yenidən qurur, zamanın silib-apardığı ölçüləri hissə-hissə bərpa edirlər. Bu prosesdə heç nəyi tək etmirlər: hər addımda biri digərinin fikrini tamamlayır, birinin əli o birinin əlinə dayaq olur. Sanki iki nəfər deyil, tək ürək kimi işləyirlər. Həvva xanımın sözlərindən də hiss olunur ki, onun İxtiyar müəllimə olan sevgisi təkcə ailə bağlarından ibarət deyil, bu sevgi həm də sənət sevgisi ilə tamamlanır. O deyir ki, ailə həyatı qurduqdan sonra İxtiyar müəllimin yolu ilə addımlamağa başlayıb, əslində, bu yol ona çox da yad deyilmiş. Ustanın düzəltdiyi alətləri hələ evlənməzdən əvvəl də tanıyırmış, həmin alətlərlə olan ifalara da bələd imiş. Bu məqam onların hekayəsini daha da gözəlləşdirir və bir məqsəddə birləşdirir.
Həvva xanım deyir ki, insan bu sənətə istər-istəməz bağlanır. “Çünki hər alətin içində böyük bir səbir yatır”, – deyərək o gülümsəyir. Qəliblənməsi, quruması, ölçülərin dəqiqləşdirilməsi – hər bir mərhələ diqqət, incəlik və zaman tələb edir. Bir alətin tam şəkildə öz formasını alması azı üç ay vaxt aparır. Hər keçən gün alətə bir addım daha yaxınlaşır, onun tam və bütöv olmasını səbirsizliklə gözləyirlər. Və nəhayət, alət hazır olanda yalnız bir sənət nümunəsi yaranmır, həm də bir ailənin əməyi ortaya çıxır.
İxtiyar müəllim gülümsəyərək belə deyir: “Düşünürəm ki, bu alətlər bizim üçün dəyərlidir, onların itməməsi üçün əlimdən gələni edirəm. Hər kəs öz tarixini qoruyub saxlamağı bacarmalıdır. Bizim tariximiz dəyərlidir. Təkcə qədim musiqi alətləri deyil, adət-ənənələrimizi də daim yaşatmalıyıq”.
Bu sözlər onun yaratdığı hər bir alətin arxasında dayanan düşüncəni, milli mədəniyyətə olan məsuliyyətini və gələcək nəsillərə miras qoymaq istəyini bir daha təsdiqləyir. Bu gün İxtiyar Seyidov həm müəllim, həm də zaman içində itmiş səsləri geri qaytaran bir sənətkardır.
Zəhra VƏLİYEVA
Digər xəbərlər