NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qayıdışın, qürurun simvolu – Qubadlı

...

İllər öncə yaşadığım Füzuli rayonunun Alxanlı kəndində qonşuluqda  bir neçə ailə var idi. Onlara bəziləri məcburi köçkün, bəziləri də qaçqın deyirdi. Özləri də bu kəlməni eşidəndə baxışları dəyişirdi. Bu kəlmələr onları çox incidirdi, amma ən çox həsrət incidirdi onları. Yurd həsrəti, evlərinin, obalarının düşmən nəfəsində qalmaq həsrəti. Sona xala Qubadlıda dünyaya göz açmışdı həmin gün – işğal günü yurdundan bir ovuc torpağı ovuclayıb kəlağayısının bir küncünə qoyub düyünləyib özü ilə götürmüşdü. Gündə yüz dəfə o torpağı iyləyib ətrini duymasa, yaşaya bilməzdi. Vəsiyyət də edirdi ki, əgər o, dünyadan Qubadlını yenidən görməmiş köçsə, bu torpağı sinəsinə töküb dəfn etsinlər onu. 
2020-ci ilin 25 oktyabr günü  cənab Prezidentin xalqa müraciətini dinləyir, hansı rayonumuzun işğaldan azad edildiyi xəbərini alacağımızı səbirsizliklə gözləyirdim.  Qubadlı şəhəri dediyi o anda telefonun səsinə qarışdı alqış sədaları. Sona xala idi zəng vuran, ağlayırdı, “Şükür Allaha, yurdum qayıtdı”, – deyirdi. Gözlərim görmür daha, ayaqlarım da tutmur, gedəcəyəm, sürünə-sürünə gedəcəyəm yurduma, torpağını ovuclayıb illərdir, yurd həsrəti çəkə-çəkə kor olan gözlərimə sürtəyəcəm. İnanıram ki, gözlərimə gələn ağı sağaldacaq yurdumun bir ovuc torpağı deyirdi. Sevincinin həddi-hüdudu yox idi bütün azərbaycanlıların, amma qubadlıların sevinci hamımızdan artıq idi. 
Ölkə başçısı 2020-ci ilin dekabr ayının 23-də Azərbaycan xalqına  Qaçaq Nəbi kimi xalq qəhrəmanı, Həcər kimi igid qadın, Valeh Bərşadlı kimi general, görkəmli ziyalılar bəxş edən   Qubadlıya səfəri zamanı deyirdi: “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin!  Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və qısa müddət ərzində lazım olan bütün bərpa işləri də nəzərdə tutulur. Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar. Videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq”. Qubadlının mərkəzində Ulu Öndərimizin layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin əllərində üçrəngli bayrağımız göylərə çəkildiyi gün qubadlıların həyatının ən gözəl günü oldu. Dövlət başçısı işğaldan azad olunan torpaqlara səfər edərək erməni terrorunu əyani şəkildə bütün dünyaya göstərdi. Dövlət başçısının Qubadlıya ilk səfəri burada Azərbaycan Bayrağını ucaltması qalibiyyətimizin təqdimatı idi. Növbəti səfər Qubadlının azad olunmasının bir ili münasibətilə 2021-ci ilin 25 oktyabr tarixdə baş tutdu. Həmin səfər zamanı ölkə Prezidenti rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qubadlıda görülən işlər və gələcək planlarla bağlı fikirlərini açıqladı. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qubadlının yenidən qurulacağı, tezliklə soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacaqları bildirildi. 2022-ci il oktyabrın 19-da dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna sayca 3-cü səfəri də bir sıra mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri ilə yadda qaldı. Xanlıq-Qubadlı yolunun təməlinin qoyulması, “Qubadlı” yarım­stansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları, Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq Zabuxçay və Bərgüşadçay su anbarlarının layihələri ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimləri bunlardan bir neçəsidir. 2023-cü ilin  mayın 4 -də Qubadlıya səfəri zamanı cənab Prezident Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.  Bu gün Qubadlı rayonunda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Növbəti 20 il ərzində şəhərdə məskunlaşan əhali sayının 14 min nəfərə çatdırılması nəzərdə tutulur. Rayonda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı üçün imkanlar mövcuddur.
Bu gün həmin ərazilərdə aparılan işlər bu torpağın əsl sahibinin kim olduğunu da sübut edir. İşğaldan azad olunan şəhər və kəndlərimiz yeni, müasirtipli, həm də tarixi görkəmini saxlamaqla yenidən qurulur. 
Prezident cənab İlham Əliyevin imzaladığı “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncamda  Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması dövlət başçısı tərəfindən xüsusi diqqətdə saxlanılıb. Bu barədə cənab Prezident rayon ictimaiyyəti ilə görüşündə də bildirmişdir: “Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq”.
Şərqi Zəngəzur iqtisadi rayonunun təbii sərvətlərlə ən zəngin yerlərindən olan Qubadlı faydalı qazıntıları ilə zəngindir. Rayonun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. İşğaldan öncə Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Əminliklə deyə bilərik  ki,   Qubadlı rayonu yenidən Azərbaycanın iqtisadi baxımdan ən gəlirli, ən yaşamalı rayonlarından birinə çevriləcək. 
44 günlük savaşın sonunda qazanılan zəfərdən sonra təqvimdəki bayram günlərimizin də sayı artıb, igid ordumuzun qazandığı qələbələrlə təqvimə yeni bayram günləri əlavə olundu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən 25 oktyabr “Qubadlı Şəhəri Günü” kimi qeyd edilir. Azərbaycan xalqı bu unudulmaz tarixi  günləri bayram günü kimi qeyd edir. Bu gün də həmin günlərdən biridir Qubadlı şəhəri günü. Qələbə, zəfər günü.
Bu gün işğaldan azad edilmiş bütün rayonların sakinləri kimi Qubadlı sakinləri də öz evlərinə tələsir, öz çırağını öz ocağını yandırmağa can atır. Tarixin ən şanlı qələbəsini qazanan xalq vəhşi düşmənin dağıtdığı yurd yerlərini yenidən gülüstana çevirir. Abad yurdumuzda – Qubadlıda əmin-amanlıqla yaşamağa başlayacağımız gün isə qələbənin əsl təntənəsi olacaq. 

Ramiyə ƏKBƏROVA 
 

Nəşr edilib : 25.10.2025 00:15