NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan Azərbaycan-Almaniya münasibətləri

...

Azərbaycan-Almaniya əlaqələri qədim tarixi köklərə malik olmuşdur. XIX əsrdə bir qrup almanın  ailələri ilə birgə Azərbaycana köçürülməsi, eləcə də iqtisadiyyatın bir çox sahələrinin inkişafına töhfə vermələri qədim tarixi əlaqələrin mövcudluğunun bariz nümunəsidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilə Almaniya arasında 33 illik tarixə malik diplomatik münasibətlərin əsası qoyulmuşdur. Hazırda bu əlaqələrin yüksələn xətlə inkişafı üçün əməkdaşlıq istiqamətləri daha da genişlənir. Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı və sülhün bərqərar olmasının əsas dəstəkçilərindəndir.

Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1992-ci il yanvarın 12-də tanımışdır. İki ölkə arasında mövcud olan diplomatik münasibətlər isə 1992-ci il fevralın 20-də qurulmuşdur. Azərbaycanın Almaniyada səfirliyi 1992-ci il sentyabrın 2-də, Almaniyanın Azərbaycanda səfirliyi isə 1992-ci  sentyabrın 22-də açılmışdır.  
Avropa ölkələri ilə çoxtərəfli münasibətlərinin inkişafı və daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycan və Almaniya arasında siyasi dialoq hər zaman mövcud olmuşdur. Azərbaycan Almaniya ilə münasibətlərin möhkəmlənməsinə xüsusi önəm verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, humanitar və digər sahələri əhatə etməklə daha da inkişaf edir. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlıq daha da möhkəmlənir, eləcə də ticarət dövriyyəsi və qarşılıqlı ixrac artmaqda davam edir. Ölkələrimiz arasında səhiyyə sahəsində də əməkdaşlıq istiqamətləri genişlənir.

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasına səfəri iki ölkə arasında ikitərəfli əlaqələrin genişlənməsinə, möhkəmlənməsinə və inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir. Liderlərin bəyanatları inkişafda olan münasibətlərin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə əminlik və inam hissi yaradır.
Aprelin 2-də mətbuata bəyanatda Prezident İlham Əliyev Azərbaycan və  Almaniya  əlaqələrindən söz açarkən bildirdi: “Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz, təxminən, üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpa olunan enerji sahəsində  – harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpa olunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.                
Dövlət başçılarının görüşündə Orta Dəhliz layihəsi və Azərbaycanın bu layihədə rolu, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Həmçinin “yaşıl enerji” ilə bağlı əməkdaşlıq məsələlərinə toxunuldu. COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbirdə iqlim gündəliyi ilə bağlı çox mühüm nəticələrin əldə olunduğu vurğulandı. Görüş zamanı humanitar əlaqələrin inkişafına və genişlənməsi barədə də fikir mübadiləsi aparıldı. Alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət qeyd edildi.

Azərbaycan-Almaniya əməkdaşlığı və ikitərəfli əlaqələr iki ölkə arasında enerji təhlükəsizliyinin təmin edilməsində və digər sahələrin inkişafında xüsusi önəmə sahibdir. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycanın milli maraqlara əsaslanan uğurlu xarici siyasət xətti ölkəmizin qlobal miqyasda rolunu və əhəmiyyətini daha da artırır və bundan sonra da artıracaq.

Mövlan MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 04.04.2025 17:12