Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
“Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”, – deyən xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə bu abidələrin mühafizə, bərpa, konservasiya, tədqiqat və təbliğat işlərinin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoymuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 30 illik erməni işğalından azad edilən Qarabağda Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimiz talan edib, dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Qarabağda və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri məhv edilmişdir. İşğaldan azad edilən ərazilərimizdə artıq beş ildir, infrastrukturun yenidən qurulması, yaşayış sahələrinin yaradılması ilə yanaşı, düşmənin yerləyeksan etdiyi mədəni, tarixi irsimizin bərpası da diqqətdə saxlanılır, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən önəmli layihələr gerçəkləşdirilir. Fondun əsas prioritetlərindən biri də məhz tarixi, dini və mədəni abidələrin qorunmasıdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də rəsmi “Instagram” səhifəsindəki paylaşımında yazırdı: “Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır”.
Həmin tarixdən bərpa layihələrinə yerli mütəxəssislərlə yanaşı, Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan mütəxəssislər də öz töhfələrini verməkdədir. Təkcə Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Bu abidələrin hər birinin bərpası xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidənqurması xüsusi həssaslıqla aparılır. Şuşa şəhərində Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa, Saatlı məscidlərinin, Mehmandarovların malikanə kompleksinin bərpası Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərdə bərpa etdiyi ilk tarixi abidələr olmaqla yanaşı, fondun tarixi kimliyimizə göstərdiyi diqqət və qayğısının ən bariz nümunəsidir.
Qarabağın işğaldan azad edilməsi təkcə yurd-yuvasından didərgin düşən insanların yox, tariximizin də özünə qayıdışı oldu. İllərlə düşmən tapdağı altında qalıb düşmənin vəhşiliyinə tuş gələn bu qədim Azərbaycan torpağında 1990-cı ilə kimi 706 tarixi və mədəniyyət abidəsi olub. Bu abidələrdən 11-i beynəlxalq, 240-ı dövlət, 455-i yerli əhəmiyyət daşıyıb. Lakin Qarabağın işğal edilməsi nəticəsində 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib.
Ağdam şəhərində olan e.ə. II minilliyin sonlarına və Orta Tunc dövrünə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi – Üzərliktəpə ermənilər tərəfindən yandırılaraq məhv edilib. Kəngərli kəndindəki XIV əsrə aid daş abidələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş türbə, Şahbulaq qalası, Paprəvəd kəndində yerləşən Xanoğlu türbəsi, məscid və digər tarixi-memarlıq abidələri də işğal dövründə ermənilər tərəfindən məhv edilib. Memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilmiş Ağdam Cümə məscidi də 1993-cü ildə ermənilərin rayonu işğalı zamanı darmadağın olub. Şuşa şəhərində vəziyyət daha da ürək yandırırdı. Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın Xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılmışdı.
Ermənistanın 30 illik işğalı dövründə Qarabağ bölgəsində olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədilib. Bu abidələr ya dağılaraq bərbad vəziyyətə salınıb, ya da tamamilə məhv edilib. Qarabağ ərazisində olan 67 məsciddən 63-nü ermənilər yerləyeksan ediblər. Qalan 4 məsciddən 3-nə isə ciddi ziyan vurulub. Yeganə 1 məscid, Qarabağın incisi Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində isə bəzi dəyişiklik edərək bu abidənin Azərbaycana aid olmadığını sübut etməyə çalışıblar. Torpaqlarımız işğaldan azad edildikdən sonra bölgənin yenidən tikilib-qurulması istiqamətində vacib sahələrdən biri də dini abidələrimizin tikinti-bərpa işləridir. Artıq beş ilə yaxındır ki, Qarabağ ərazisində böyük tikinti-quruculuq işləri aparılır. Kəndlər, şəhərlər yenidən salınır. Bütün lazımi infrastrukturlar qurulur. İnsanlar öz yurd-yuvalarına qayıdırlar.
İşğaldan azad olunmuş ərazilərdə dini məbədlərimizin bərpasına dövlət səviyyəsində ciddi önəm verilir. Heydər Əliyev Fondu dini və tarixi abidələrin tikinti-təmir işlərində xüsusi rol oynayır. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilk günlərdən azad Qarabağda məscidlərimizi ziyarət etmişlər. Dövlət başçısı düşmənin xarabaya çevirdiyi Ağdam məscidinə ayaqyalın girərək düşmənə və onun havadarlarına layiqli cavabı verdi. Ermənilərin dağıtdığı ziyarətgahlarımızın, qəbirüstü abidələrimizin bərpası üçün tapşırıqlar verdi. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağda azərbaycanlılar öz doğmalarının dağılmış qəbirlərini ziyarət edə bildilər. İyirmi yeddi ildən sonra Ağdam Cümə məscidində yenidən azan səsləndi. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva məscidi ziyarət edərək dövlət başçısının Məkkədən gətirdiyi müqəddəs “Qurani-Kərim”i məscidə hədiyyə etdilər.
İşğal dövründə Qubadlı rayonunun Məmər kəndində XVIII əsrdə inşa edilmiş məscid, həmçinin rayonun Dondarlı, Dəmirçilər kəndlərində olan məscidlərimiz də məhv edilib. Dağılmış Zəngilan məscidində isə erməni vandalları donuz saxlayıblar. Dinimizdə murdar sayılan bu heyvanın məscidlərimizdə saxlanılması təkcə bizə yox, bütün İslam aləminə təhqirdir. Tanrı bizim haqqımızı haqq elan etdi və biz torpağımızı geri aldıq. Həmin məscidlər də yenidən quruldu Heydər Əliyev Fondunun dəstəyi ilə. Qarabağ azad olunandan sonra biz gördük və şahid olduq ki, düşmənin bu dünyadakı heç bir dinə hörməti yoxdur. Əgər belə olmasa idi, erməni vandalları Qarabağda yaşayan azlıqlara aid olan xristian dini ziyarətgahlarına qarşı da vəhşilik etməzdilər. Onlar işğal dövründə 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş Rus Pravoslav kilsəsini belə dağıtmışlar. Rayonun Tuğ kəndində yerləşən İohann kilsəsində də ermənilər saxtakarlıqla bəzi dəyişikliklərə cəhd ediblər. Eyni zamanda Laçın rayonunda yerləşən Alban (Qafqaz) Apostol Müstəqil kilsəsində də alçaq niyyətlərini həyata keçiriblər.
Tolerant Azərbaycan dövləti bütün dinlərə hörmətlə yanaşdığı kimi, onun dini abidələrinə də diqqət göstərir. İndi işğaldan azad olunmuş bütün ərazilərimizdə dini abidələrimiz tikilib yenidən qurulur. Tuğ kəndindəki qədim Alban məbədi, Laçın rayonundakı “Ağoğlan” monastrı da Azərbaycan hökuməti tərəfindən bərpa edilərək öz sahiblərinin ixtiyarına verilmişdir.
Ulu Öndərin adını daşıyan fondun işğaldan azad olunan ərazilərdəki fəaliyyəti nəticəsində işğal dövründə dağıdılmış tarixi abidələrimizin milli kimliyi son beş ildə özünə qaytarılır. Vaxtilə düşmən vandallığı ilə xarabaya dönən məscidlərimizdən yüksələn azan səsi düşmənin qulağını kar edir. Yenidən həyata dönən Qarabağda ucalan tarixi abidələr bu yerlərin əbədi sahibi olduğumuzu bir daha sübut edir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər