Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
“Qarabağ” varsa, qürur var
Dünən axşam ölkəmizin adını daim meydanda apardığı əzmkar və haqlı mübarizə ilə ucaldan “Qarabağ” komandası Azərbaycan futbol tarixində silinməz iz buraxan gecələrdən birini daha yaşatdı. Minlərlə azarkeş Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarında, milyonlarla insan isə ekran qarşısında eyni hissi bölüşürdü: ümid, inam və qələbə arzusu. Hər kəsin gözü bir nöqtədə idi: “Qarabağ”ın meydandakı mübarizəsində.
UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın güclü təmsilçisi “Ayntraxt”a qarşı keçirilən bu qarşılaşmada “Qarabağ” sınaqdan alnıaçıq çıxdı.
Çünki onların qarşısında torpağının adını daşıyan, zəfər ruhu ilə böyüyən, inamı vərdişə çevirən “Qarabağ” var idi.
Oyunun taleyini həll edən an 90+4-cü dəqiqəyə təsadüf etdi. Bəhlul Mustafazadənin vurduğu qol Azərbaycan futbolu tarixində yeni bir səhifə açdı. Ölkəmiz ilk dəfə Almaniya klubuna qarşı qələbə qazandı. Bu isə hər kəsin arzuladığı son idi.
Bu zəfərin arxasında dayanan əsas qüvvə isə, şübhəsiz ki, Qurban Qurbanovdur.
Oyun zamanı verilən bəzi mübahisəli və ədalətsiz hakim qərarları diqqətdən yayınmadı. Lakin bütün bu məqamlara baxmayaraq, meydanda haqq öz sözünü dedi. Ədalətsizliyə rəğmən qalib gəlmək bu qələbəni daha da dəyərli və unudulmaz etdi. Biz naxçıvanlı azarkeşlər üçün bu sevincin, bu qürurun əvəzi yoxdur. Biz bu komandaya inanmışıq, biz bu ruhla yaşamışıq. Uzaqda olsaq da, meydanda olmasaq da, ürəyimiz hər zaman “Qarabağ”la döyünüb. Və dünən gecə bir daha sübut olundu ki, məsafələr sevgini azaltmır, əksinə, daha da möhkəmləndirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də “Qarabağ”ı bu möhtəşəm qələbə münasibətilə təbrik edərək bildirib:
“Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm!
Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”
Bu gün “Qarabağ” adı artıq Avropa futbolunda hörmətlə çəkilir. Məhz buna görədir ki, bu möhtəşəm zəfər Çempionlar Liqasının rəsmi səhifələrində paylaşılaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Dünən axşam bir daha sübut olundu ki, biz inananda, bir olanda və sona qədər mübarizə aparanda qalib gəlirik. “Qarabağ” yalnız meydanda deyil, tarixdə də öz izini qoymağa davam edir. Biz isə bir xalq olaraq bu qüruru yaşamaqdan sonsuz dərəcədə xoşbəxtik. Çünki bizə qələbə yaraşır. “Qarabağ” yoluna davam edir və tarix yazmaqda israrlıdır.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər