NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qalib Vətənin əbədiyyət gəncləri

...

Prezident İlham Əliyev: "Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən  müharibəsində Zəfər salnaməsi yazmışdır".

Azadlığın, mərdliyin, igidliyin ünvanı Şəhidlər xiyabanında dayanmışam. Nəzər yetirirəm o soyuq baş daşından uzaqlara baxan gözlərə, gənc üzlərə. Kiminin ömrü 19, kiminkinin isə 25-30 yaşında əbədiyyət olub. 90-cı illərin soyuq qış günlərində günlərlə ac-susuz qalsa da, səngəri tərk etməyib, sinəsini gülləyə sipər edib torpağı qoruyan oğullar, düşmən tankının qarşısında əliyalın dayanan igidlər. 30 il möhkəmləndirilib “Keçilməz sədd” adlandırılan düşmən mövqeyini cəmi bir saata yaran, sıldırım qayaları aşıb qan-tər içində, döyüş yoldaşı çiynində Cıdır düzünə qalxan oğullar. Alınmaz qala Şuşanı fəth edib özü torpağa dönən Vətən sevdalısı gənclər. Bəli, gənc ömürlərini Vətənə, bir ovuc torpağa qurban edən azərbaycanlılar. Tabutu bəy taxtı, bayrağı bəy köynəyi bilib irəli gedən igidlər. Ayaq basdıqları torpağı canından, suyu, çörəyi ilə böyüdüyü Vətəni qanından əziz bilən nər igidlər. Düşmənin illərdir, Vətən torpağında qaladığı alovu əlləri ilə sıxıb sinəsində söndürən, bayrağı ürəyinin başında daşıyıb ən uca zirvələrə sancan, sönən çırağımızı yandıran, Xocalının qisasını alan, Laçın quşunu öz doğma dağlarına döndürən, Ağdamın ağ günlərini geri qaytaran, Şuşa dağlarına Qarabağ şikəstəsinin səsini yayan, Vətənimizə qələbə sorağı gətirən oğullar. Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümdən qorxmayıb düşmən üstünə qartal kimi şığıyan oğullar. Kiminin nişan üzüyü möhürlənib başdaşına, kiminin sinəsi üstə ağ qızılgüllər sıralanıb, birinin sinədaşını bəy xonçası bəzəyir. Birinin başı üstə körpə balalar dayanıb soyuq daşı qucaqlayıb ata əvəzinə. Onlar Azərbaycanı qalib edən, alnımızdakı ləkəni öz al qanları ilə silən Vətən sevdalı gənclərdir. Qeyrətli Azərbaycan qadınının, məğrur türk kişisinin yetişdirdiyi oğullar. “Sinəndən vuruldun, kürəyini düşmənə çevirib qaçmadın, onun üstünə yeriyib qalibiyyət qazandın, südüm sənə halal olsun”, – deyən anaların balası. Azərbaycanın ən dərin yarasını öz qanları ilə sağaldıb özləri qəlbimizin sönməz atəşi olan gənc oğullar. 
“Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər”. Dövlət başçısının fəxrlə, qürurla bəhs etdiyi həmin gənc nəsil Vətən sevgisini bütün xoşbəxtliklərdən üstün tutub 2020-ci ilin soyuq bir payız günü yaz günəşi ilə aydınlatdı Azərbaycan səmasını. Bunlar həmin gənclər idi – düşmən mərmisinin səsi ilə böyüyən oğullar. Azərbaycanın ən çətin günlərində dünyaya gəlib, yetişən igidlər. Gözlərini açıb Qarabağı əsir görənlər, ürəyində düşmənə nifrət hissi ilə böyüyənlər. 44 günlük Vətən müharibəsini Azərbaycan tarixinin şanlı səhifələrinə çevirib alnımızı açıq edənlər. 
Cəbhədə, döyüş meydanlarında elə bir şücaət, cəsurluq, əzmkarlıq göstərib müharibənin ilk dəqiqələrindən düşmənin canına qorxu salanlar. Torpağı azad edib sönən çırağımızı alovlandıranlar. Ucsuz-bucaqsız çölləri qarış-qarış azad edib cənnətə çevirənlər. Azad Azərbaycanın cəsur gəncləri. Qalib Vətənin əbədiyyət sülh göyərçinləri oldular. Qazandıqları qələbə ilə özlərinə Azərbaycan boyda abidə ucaldan gənclər. 
Bəli, onlar həmin gənclərdir. Vətənin ən çətin günlərində dünyaya göz açıb, soyuq sinif otaqlarında odun peçinin istisinə qızına bilməmiş, tüstüsünə boğulan uşaqlar. Əlləri qələm tutanda öz doğma əlifbamızla yazı yazmağı öyrənib, ilk dəfə ürəkdən “Vətənim Azərbaycan” yazmaq şərəfinə nail olan körpələr. Xocalının soyuq, qarlı, meşələrində bacı-qardaşını, ata-anasını itirib bu dünyada tək qalan, qarlı aşırımlarda ayaqlarını don vuran, ayaqyalın, başı açıq evindən didərgin düşüb, illərlə soyuq vaqonlarda yaşamaq məcburiyyəti qarşısında qalan balalar. Çadır şəhərciklərində dünyaya göz açan Şuşasız şuşalılar, Laçınsız laçınlılar. Naxçıvanın ən çətin günlərində güllə səsi altında  böyüyən, kiçik ürəklərində böyük dərd daşıyıb, düşmən mərmisinin şəhid etdiyi sinif yoldaşlarının məzarı başında qisas andı içənlər. Qarabağı görmədən ürəyində Şuşa sevgisi ilə böyüyüb, qisası qiyamətə saxlamayıb başımızı uca, alnımızı açıq edən oğullar.   

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 03.02.2026 09:20