Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ulu Öndər Əliyev: "20 Yanvar gününü xatırlayarkən hər birimiz, eyni zamanda böyük iftixar hissi keçiririk. Çünki xalqımız həmin təcavüz qarşısında özünün əyilməzliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. Şəhidi olan xalq qəhrəman xalqdır. Biz şəhidlərimizin qəm-qüssəsini çəkirik, ancaq onların şəhidliyə getməsi ilə fəxr edirik. Çünki onlar Vətən, ana torpaq, millət, Azərbaycan yolunda həlak olublar".
Tariximizin qəhrəmanlıq səhifəsi, xalqımızın vətənpərvərlik nümunəsi, azadlıq mübarizəsinin rəmzi, şərəf, ləyaqət, iftixar günüdür bu gün. Bəli, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilmədi, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirdilər. Bu tarix Azərbaycan xalqının əyilməz vüqara, mübariz ruha malik olduğunu, müstəqilliyi pay kimi deyil, haqqı olaraq qazandığını sübut etdi.
1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Soveti hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” Fərman qəbul etdi.
Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində ölkə televiziyasının enerji bloku partladıldı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyətin tətbiqinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 2100-dan etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirdilər.
Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçmişdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaraladılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və polislər də var idi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılandı. Qardaş Türkiyədə əhali Bakıda törədilən cinayətlərə sərt reaksiya verərək ölkənin hər yerində mitinq və nümayişlər keçirdi.
Faciəyə ilk hüquqi-siyasi qiymət
Bildiyimiz kimi, 20 Yanvar faciəsinə, qanlı terror aktına ilk dəfə öz etirazını bildirən məhz Ümummilli Liderimiz Heydər Əliyev olub. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, bu ağır cinayəti pisləyərək əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham edib. Görkəmli dövlət xadimi Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırıb və aksiyanı törədənlərin məsuliyyətə cəlb olunmasını qətiyyətlə tələb edib. Bu məqamda xüsusi vurğulamaq lazımdır ki, SSRİ-nin hələ hökmünü sürdürdüyü vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ancaq Ulu Öndərimiz öz bəyanatında açıq şəkildə ozamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etirazını, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü bildirdi, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etdi. Dahi şəxsiyyətin bu bəyanatı bütün dünyada geniş əks-səda doğurdu. Ulu Öndər sonradan o günləri xatırlayaraq deyib: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında Ümummilli Liderimiz tərəfindən hazırlanan və təşəbbüsü ilə qəbul edilən “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərarda ilk dəfə olaraq Yanvar hadisələrinə siyasi qiymət verilir, törədilən qırğının təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Qərarda deyilirdi: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər. Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır. Respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir əməli tədbir görməmiş, səbatsızlıq göstərmiş, yol verilən cinayətlərin iştirakçısı ola-ola zahirən hadisələrdən kənarda qalmağa çalışmışdır”. Bu mühüm tarixi sənəddə 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında “Milli Matəm Günü” kimi qeyd olunması da öz əksini tapıb. 1992-ci il yanvarın 13-də isə daha bir tarixi addım atılıb, “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyətinin bəyanatı” qəbul olunub.
Naxçıvanın işğalı da qanla yoğurulmuş məkrli planlardan idi
Bakıda 20 Yanvar hadisələri törədilən vaxt Naxçıvanda da vəziyyət olduqca ağırlaşmışdı. Düşmən qüvvələri, əsasən, Sədərək rayonu istiqamətində hücuma keçərək evləri, həyətləri, məktəbləri, inzibati binaları gülləbarana, top atəşinə tuturdu. Erməniləri bu qədim yurdu ələ keçirməyə iştahalandıran Sədərəyin ticarət, nəqliyyat əlaqələri baxımından əlverişli mövqedə yerləşməsi, xüsusilə də Türkiyə ilə birbaşa sərhədinin olması idi. Ancaq mənfurlar əhalinin birliyi, bərabərliyi qarşısında ağ bayraq qaldırdılar, arzuları gözlərində qaldı. Naxçıvanın bütün ərazilərindən insanlar Sədərəyin müdafiəsinə axışdı. Rayonda bir dənə də olsun ev boşalmadı, hər kəs yurdunu dəyanətlə, mətinliklə qorudu. İgid övladlar böyük şücaət və qəhrəmanlıq göstərərək erməni cəlladlarının muxtar respublika ilə bağlı çoxdankı arzularını gözündə qoydu, mənfur planlarını puça çıxardılar.
Onu da xüsusi vurğulamaq lazımdır ki, 1990-1993-cü illərdə igid oğulların şücaəti ilə yanaşı, uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin də Sədərəyin düşməndən qorunmasında böyük tarixi xidmətləri, əvəzolunmaz rolu oldu. Naxçıvanın hər yerindən bura üz tutanların təşkilatlanmasını uğurla həyat keçirən Ümummilli Liderin bir neçə dəfə rayona gəlişi hər kəsi ruhlandırdı, insanların mübarizlik əzmini, sabaha inamlarını artırdı. Ümummilli Liderimiz həmin dövrdə Naxçıvanda baş verən hadisələri belə dəyərləndirib: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir. Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə Azərbaycanı Naxçıvanla bağlayan dəmiryol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur. Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Ümummilli Liderimizin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz Ümummilli Liderimizin təşəbbüsü ilə reallaşıb.
20 Yanvar hadisələri milli iradəmizin simvolu kimi daim qürurla xatırlanır
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısının 2006-cı il 19 yanvar tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən faciə qurbanlarının ailələrinə aylıq təqaüd verilir və mütəmadi olaraq məbləği artırılır. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan bəyan edilməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməcəyinə təminat verir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində Azərbaycan misilsiz tarixi zəfər qazandı, müzəffər Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, 20 Yanvar faciəsinin qurbanlarının, eləcə də bütün şəhidlərimizin qisası alındı, tökülən qanlar yerdə qalmadı.
Tarixi zəfərimizi müfəssəl şəkildə tamamlayan – 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Və bu gün Azərbaycan hərbi-siyasi iradə sayəsində, şəhidlərimizin canı, qanı bahasına hərb meydanında qazandığı tarixi zəfəri sülh meydanında da diplomatik müvəffəqiyyətlə sonlandırır. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dediyi kimi: “Vətən müharibəsindən cəmi beş il keçəndən sonra Ermənistanla paraflanmış sülh müqaviləsi bir daha xalqımızın böyüklüyünü və bizim siyasətimizin müdrikliyini göstərir. Biz cəmi beş ilə yaxındır ki, de-fakto sülh şəraitində yaşayırıq. Biz döyüş meydanında qan tökərək, şəhidlər verərək şanlı Qələbə qazanmışıq və bu Qələbəni dünyanın ən mötəbər yeri olan Amerikanın Ağ Evində, Amerika Prezidentinin iştirakı ilə möhürlədik. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır”.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciə istiqlaliyyət, suverenlik, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının apardığı mücadilənin unudulmaz səhifəsidir. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz buraxan 20 Yanvar faciəsini daim xatırlayır, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 1200-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılır. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bütün nəsillər üçün qürur, iftixar mənbəyidir. Tarixi zəfərimiz, müstəqil və qüdrətli respublikamız şəhidlərimizin ruhuna dərin hörmətin, ehtiramın ən yüksək ifadəsidir. Qalib və suveren Azərbaycan isə xalqımızın başına gətirilən bütün soyqırımlara, terrorlara, o cümlədən də 20 Yanvar hadisələrinə ən tutarlı cavab, azadlıq mübarizəsinə ucaldılan ən böyük abidədir. Nə qədər ki bütöv, suveren Azərbaycan, müzəffər Ordumuz, qətiyyətli liderimiz, xalq-dövlət həmrəyliyi var, faciə qurbanlarının, şəhidlərimizin xatirəsi də əbədi yaşayacaq, gələcəyimizə işıq saçacaq!
Nail ƏSGƏROV
Digər xəbərlər