NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qafqazları aşmışıq biz

...

“Çırpınırdı Qara dəniz” - bu şeiri 1914-cü ildə Əhməd Cavad yazanda da, Üzeyir Hacıbəyov onu illər sonra bəstələyəndə və bir dəfə oxunub 70 il susanda da heç kimin ağlına gəlməzdi ki, həmin sətirlərdəki arzular  illər sonra bir-bir həyata keçəcək. Və biz bu şanlı tarixə şahidlik edib onu yaddaşa köçürəcəyik.

 Bəli, bizim nəsil elə bir tale yaşadı ki… Biz günlərlə susmayan atəş səsləri altında böyüyüb bir ovuc torpaq üçün can verən oğulların igidliyinə, özü ac qalsa da, çörəyini səngərə göndərib  “Vətən anadır”, - deyən qadınların mətanətinə, azadlıq üçün sinəsini düşmən gülləsinə sipər edənlərin qəhrəmanlığına şahid olduq. Həm Vətən sevgisinə, həm Vətənə sədaqətə…  Bu Azərbaycan tarixinin ən möhtəşəm günləri idi. Biz qalib ölkə, qalib xalq adına layiq görülən bir Vətənin övladı olmaq şərəfinə layiq olduq. Türkün şanlı bayrağını Turana asmaqla yetinməyib, Qafqazları aşdıq. Bunu bacardıq.  Xalqın birliyi, Vətən sevgisi ilə. Heç vaxt, mən, deməyib, “Canım varlığım qədər sevdiyim Azərbaycanım”, - deyən bir liderin uzaqgörənliyi, gördüyü bütün işləri xalqımın qələbəsi, şəhidimin, qazimin rəşadətidir, deyən Ali Baş Komandanın təvazökarlığı ilə. 

Biz Cənubi Qafqazda 200 ildən çoxdur ki davam edən haqsızlığa qalib gəlib torpağımızı peşkəş verilməkdən xilas etdik. Türkmənçay, Gülüstan sülh müqavilələri ilə yarımcan edilən Azərbaycanı öz şərəf və ləyaqətinə qovuşdurduq. Qafqaz dağlarını aşıb dünyaya kim olduğumuzu sübut etdik. Sübut etdik ki,  Azərbaycan daha gücsüz deyil. O öz tarixinin ən qüdrətli günlərini yaşayır.  Bizim başımız dik, alnımız açıqdır. Çünki biz öz torpaqlarımızın sahibiyik. Çünki bizim bayrağımız dünyanın hər yerində qalib ölkənin bayrağı kimi dalğalanır. Ölkə başçısnın dediyi kimi: “Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər”. Xalqımız  tarixin müxtəlif dövrlərində çətin, ağır sınaqlarla üz-üzə qalsa da, heç zaman haqqının qorunması, hüquqlarının müdafiəsi uğrunda mübarizəsindən imtina etmədi,  bu ağrı-acılar   vətənpərvər xalqımızı  daha  da sıx birləşdirdi, qətiyyət və cəsasət qalib gəldi. İndi Azərbaycanın səsi  Qafqazın sərhədlərini aşıb Turana yayılır. Dünya xəritəsində kiçik  yer kimi görsənən bu  yerin ürəyi Vətən sevgisi ilə dolu olan insanların qəhrəmanlığı bütün dünyaya səs salır.

 Azərbaycan xalqı qazandığı qələbə ilə təkcə Cənubi Qafqazda yox, dünyada söz sahibinə çevrildi. Avrasiyanı öz qüdrətli sərkərdəsi ilə fəth edib okeanın o tərəfində Azərbaycan Bayrağını dalğalandırıb, himnini səsləndirdi. Bu təkcə bir liderin  öz komandası ilə qazandığı zəfər deyildi, bu bütöv bir xalqın qələbəsi idi. Artıq Cənubi Qafqazda qəbul edilmiş bir teorem var: Azərbaycanla dost olanlar qazanır, düşmən olanlar isə itirir.

Bəli, tarixin səhifələrinə öz imzasını fəxrlə çəkən İlham Əliyev 22 illik hakimiyyəti dövründə heç vaxt, mən, demədiyi xalqı Ulu Öndər kimi sevdiyi, torpağı öz anası bildiyi üçün biz qalib olduq. Güclü olduq, sözü kəsərli olduq.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 12.08.2025 09:59