Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Cəmiyyətin fərd üzərində qurduğu gözləntilər, xüsusilə qapalı və ənənəvi struktura malik bölgələrdə daha sərt və sərhəd tanımayan bir nəzarət mexanizminə çevrilə bilir. Bu nəzarətin əsas alətlərindən biri isə ictimai qınaqdır. İnsanların seçimlərinə, görünüşünə, həyat tərzinə yönələn tənqidlər zamanla şəxsin psixoloji rifahına təsir göstərməklə bərabər, fərdin cəmiyyətdəki yerini də təyin edir. Qınağın hansı hallarda sosial nizam üçün funksional, hansı hallarda isə zərərli və dağıdıcı olduğu məsələsi günümüzdə geniş müzakirə mövzusudur.
Məhz bu aktual mövzu ətrafında psixoloq Həcər Ələsgərova ilə söhbətləşdik. O, ictimai qınağın cəmiyyət və fərd üzərindəki təsirlərini, bu qınaqla necə mübarizə aparmalı olduğumuzu və daha sağlam bir sosial mühitin necə qurula biləcəyini geniş şəkildə izah etdi.
– Həcər xanım, ilk olaraq soruşmaq istərdim ki, ictimai qınaq ən çox hansı hallarda və sahələrdə özünü göstərir, xüsusilə ənənəvi cəmiyyətlərdə?
– Naxçıvan kimi ənənəvi və qapalı cəmiyyət strukturlarında ictimai qınaq daha çox qadınların geyimi, saç düzümü, makiyajı, ailə qurmaq və ya boşanmaq kimi şəxsi qərarları, gender rolları, yəni qadının işləməsi, tək yaşaması və ya sərbəst davranışı üzərindən hiss olunur. Eyni zamanda gənclərin fərqli düşüncə və həyat tərzi, internet aktivliyi, paylaşımlar, fotoşəkillər və ifadə azadlığı da qınaq obyektinə çevrilə bilər. Bu kimi mühitlərdə fərdi davranışların kollektiv normalardan kənara çıxması sosial münasibətlərlə və sosial etiketlərlə tənzimlənməyə çalışılır.
– Bəs insanlar nə üçün ictimai qınaqdan bu qədər çəkinirlər?
– İnsan sosial varlıqdır. Sevilməyə, qəbul olunmağa və dəyər görməyə ehtiyac duyur. İctimai qınaqdan qorxu isə təcridolunma və rədd edilmə ehtimalının yaratdığı narahatlıqla sıx bağlıdır. Xüsusilə adət-ənənələrin və kollektiv düşüncənin güclü olduğu cəmiyyətlərdə bu qorxu daha da dərinləşir. Bu səbəbdən insanlar çox vaxt öz autentik davranışlarını gizlədir, sosial gözləntilərə uyğunlaşır, hətta bəzən öz dəyərlərindən imtina edirlər.
– İctimai qınaq nə zaman “doğru” və ya “legitim” hesab edilə bilər?
– Qınaq yalnız o zaman legitim sayılır ki, fərdi təhqir etmədən, davranışa fokuslanaraq sosial nizamı qoruma məqsədi güdür. Amma bu, çox həssas sərhəddir. Qınaq şəxsi hücuma, cəza verməyə və ya damğalamaya çevrildikdə artıq psixoloji zorakılıq olur.
– İctimai qınağın fərdlərə psixoloji təsiri necə olur?
– Qınağa məruz qalan şəxslərdə özünə inam itkisi, depressiv əlamətlər, sosial təcridolunma, utanc, dəyərsizlik hissi və hətta intihar düşüncələri yarana bilər. Daim qınaq qorxusu ilə yaşamaq insanın spontanlığını azaldır, özünü ifadə etmə imkanlarını məhdudlaşdırır və daxili konfliktlərə səbəb olur.
– İctimai qınaq müsbət funksiyaya sahib ola bilərmi?
– Bəzi hallarda ictimai qınaq etik dəyərlərin müdafiəsinə, sosial məsuliyyətin formalaşmasına və zərərli davranışların qarşısının alınmasına xidmət edə bilər. Məsələn, zorakılıq, uşaq istismarı və ictimai təhlükə yaradan hallarda cəmiyyətin sərt reaksiyası normativ nizamın qorunmasına kömək edə bilər. Amma bu da maarifləndirici və yönləndirici olmalıdır, linç və damğalama deyil.
– Sosial mediada ictimai qınaq necə fərqlənir?
– Sosial mediada anonimlik və məsafə empatiyanın azalmasına və məsuliyyət hissinin zəifləməsinə səbəb olur. Belə hallarda “deindividualizasiya” baş verir – insanlar kütlə içində fərdi məsuliyyət hiss etmirlər və sərt, aqressiv ifadələrdən çəkinmirlər. Sosial mediada linç tez yayılır, çünki insanlar özlərini bir məqsəd uğrunda birləşmiş “ədalət cəngavərləri” kimi görürlər. Halbuki real həyatda bu qədər sərtlik nadir hallarda müşahidə olunur.
– İnsanlar ictimai qınaqla qarşılaşdıqda ən çox hansı psixoloji müdafiə mexanizmlərinə əl atırlar?
– Ən çox rast gəlinən müdafiə mexanizmləri bunlardır: inkar, aqressiya, projeksiya, təcridolunma və rasionalizasiya. Bu mexanizmlər insanı müvəqqəti olaraq qorusa da, uzunmüddətli dövrdə emosional problemləri dərinləşdirə bilər. Bu təzyiqlərlə psixoloji cəhətdən başa çıxmaq üçün insan özünü daha dərindən tanımalı, qınaq obyektinə çevrilmiş davranışının arxasında duran səbəbləri anlamalı, duyğularını ifadə etməli, sosial mediadan və zəhərli mühitlərdən uzaq durmalı, sərhəd qoymağı bacarmalıdır. Ən önəmlisi isə ailə, dost və psixoloq dəstəyi alması vacibdir.
– Cəmiyyət olaraq ictimai qınaqdan daha azad və tolerant bir mühit formalaşdırmaq üçün nə etməliyik?
– Tənqidi düşüncə təşviq olunmalıdır. Empatiyanın tədrisi, media savadlılığı, psixoloji maarifləndirmə və açıq dialoqa şərait yaradılmalıdır. Fərqli fikirlərə hörmət göstərmək çox önəmlidir. Tolerantlıq öyrənilə bilən davranışdır və xüsusilə ailədə və məktəbdə bu mövzularda sağlam münasibət modeli təqdim edilməlidir.
– Vaxtınızı ayırıb bizi maraqlandıran suallara ətraflı cavab verdiyiniz üçün təşəkkürlər!
Rafiq TƏHMƏZ
Digər xəbərlər