Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ötən il 30 illik həsrətimizə son qoyan zəfərin 5 illiyini yüksək əhvalla qeyd etdik. Noyabrın 8-də Bakının Azadlıq meydanında keçirilən hərbi paradda qalib ordumuzun gücünü dünya bir daha gördü. O güc illərlə talan edilən, dağıdılan, xarabaya çevrilən torpağın dirçəliş gücü idi. Dünya bir daha gördü ki, torpağın əsl sahibləri kim imiş və güc, sadəcə, müharibələr etmək, günahsız insanları öldürmək, şəhərləri dağıtmaq deyil, qurmaq, yaratmaq, yaşatmaq əzmidir. Güc anlayışı sülhlə birləşəndə daha əzəmətli, daha ədalətli və bəşəriyyətə daha faydalı olur. Torpaqlarını mənfur düşmənin tapdağından zərrə-zərrə təmizləyən Azərbaycan Qarabağa – əzəli ata yurduna Böyük Qayıdışı ilə zəfər tarixinin səhifələrini tamamlamış oldu. Beləcə, zəfərin davamı olaraq quruculuq ab-havası ilə daxil olduq yeni ilə. Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olundu.
Memarlıq, sadəcə, tikinti texnikası deyil, bir şəhərin ruhunu, mədəniyyətini nümayiş etdirən, gələcək nəsillərə daş abidələr vasitəsilə mesaj ötürən tarixi yaddaş, irsdir. 900 ilin süzgəcindən dumduru süzülüb gələn Əcəmi irsi kimi. Müsahibimiz AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyevlə memar Əcəmi yaradıcılığına Naxçıvanın çoxillik şəhər mədəniyyəti mövzusu ilə körpü saldıq.
– Məlum olduğu kimi, Azərbaycanda, eləcə də Naxçıvanda şəhər mədəniyyətinin izləri uzaq tarixə söykənir və bu proses, öz növbəsində, memarlıq məktəbini formalaşdırıb.
– Əvvəla qeyd edim ki, ölkə başçısının 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamı Qarabağın geniş tikinti meydanına çevrildiyi bir dövrdə verilib. Lakin bu quruculuq işləri yalnız Qarabağda deyil, ölkəmizin bütün regionlarında həyata keçirilir. Naxçıvan şəhərinin yenidən qurulması üçün də Baş plan hazırlanıb. Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərimizin memarlıq siması günü-gündən gözəlləşir. Suala gəldikdə isə Naxçıvanın ərazisi qədim şəhər mədəniyyətinin mərkəzi olub. Naxçıvan Azərbaycanın cənub bölgəsi olduğuna görə İran ərazisi ilə, Şərqi Anadolu və Şimali Mesopotamiya ilə əlaqələrdə olub. Son illərin arxeoloji araşdırmaları göstərir ki, e.ə VI minilliyin sonu, V minilliyin əvvəllərində burada qədim mədəniyyətlərin, o cümlədən Ubeyd mədəniyyətinin izləri vardır. Ubeyd tayfaları şəhər mədəniyyətinin gətiriciləri hesab olunur. Ona görə də Naxçıvanda erkən şəhərlərin formalaşması, Naxçıvanın cənub bölgələri ilə Mesopotamiya, Şərqi Anadolu ilə əlaqələrinin nəticəsi idi ki, burada qədim insanlar məskunlaşmış və şəhər zehniyyətini buraya gətirmişdilər.
Orta Tunc dövründə burada qədim şəhərlər yaranmışdı. Bu şəhərlərin izini biz həm Naxçıvan şəhərində, həm II Kültəpə yaşayış yerində, Qızqala və Şahtaxtı yaşayış yerlərində görürük. Əlbəttə, qədim şəhərlər müasir şəhərlər kimi deyildi, onlar ətrafı möhkəmləndirilmiş qala-şəhərlər idi. Məsələn, Troya şəhəri kimi. Burada sənətkarlar, tacirlər, eyni zamanda şəhərin ətrafında əkinçi-maldar tayfalar da məskunlaşa bilirdilər. Arxeoloji tədqiqatlar göstərir ki, e.ə. III minillikdə ətrafı möhkəmləndirilmiş müdafiə tikintiləri meydana gəlib. Məsələn, Qazançıqala yaşayış yeri 20 ha sahəni əhatə edir. Qızqala da böyük ərazini əhatə edirdi. Böyük qala -şəhərlərinin olması, müdafiə divarları ilə əhatə olunması insanların mühafizəyə ehtiyacı olduğunu göstərir. Bu qala divarları arxasında elit insanlar deyil, eyni zamanda əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan insanlar da düşmən hücumları zamanı müdafiə olunurdular. Naxçıvanda şəhər mədəniyyətinin formalaşması III minilliyin ortalarına təsadüf edir. Ən qədim şəhərlər Naxçıvanda, daha sonra Qarabağ bölgəsində yaranıb və Azərbaycanın digər bölgələrinə də təsirsiz ötüşməyib.
– Bəs Əcəmi yaradıcılığı Naxçıvan şəhər mədəniyyətinin formalaşmasına necə təsir göstərib?
– Şəhər mədəniyyəti qədim dövrlərdən var idi, bu proses III minillikdən başlayaraq bütün dövrlərdə, II minillikdə, I minillikdə də davam edib. Daha sonra orta əsrlərdə Naxçıvanda şəhərtipli yaşayış yerləri olub və Naxçıvan şəhəri orta əsrlərdə, xüsusilə IX-XI əsrlərdə yüksək inkişaf səviyyəsinə çatıb, hətta XI əsr mənbələrində Naxçıvan “Nəqşicahan” adı ilə təqdim olunub. Bu da Naxçıvanın inkişaf etmiş bir mədəniyyət mərkəzi olduğunu göstərir. Şübhəsiz ki, hər bir şəhərin inkişafı onun memarlıq görünüşünü də formalaşdırır. Əcəmi Naxçıvaninin də memarlığı Naxçıvan şəhərinin memarlıq simasının formalaşmasında çox böyük rol oynayıb. Möminə xatun türbəsi və onun ətrafı Naxçıvan şəhərinin mərkəzi olub. Orada hakim dairələrə aid tikintilər, divanxanalar, Came məscidi XIX əsrə qədər qalırmış. XI-XII əsrlərdə Naxçıvan memarlıq baxımından cəlbedici bir şəhər olub. Hətta bu haqda Övliya Çələbinin məlumatları da var. O öz əsərində Naxçıvanda 30 cümə məscidinin olduğunu yazıb. Şəhərin arxitekturasının formalaşmasında dövrün memarları böyük rol oynayıb. Dövrümüzə yalnız tək-tək memarların, o cümlədən Əcəminin adı gəlib çatıb. Məsələn, Bərdə türbəsini inşa edən Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani kimi onlarla memarlar olub. Epiqrafik alimlərimiz kitabələrdə, əsasən, Naxçıvanda XII-XIII əsrlərdə yaşayan memarların adını bərpa edə biliblər. Memarlıq olmadan şəhərin mədəni siması mümkün deyildi. O dövrdə şəhərin mədəniyyət mərkəzləri Cümə məscidləri hesab olunurdu, divanxanalar şəhərin mərkəzində yerləşən tikintilər idi ki, memarların planı, layihəsi əsasında inşa olunmuşdu.
XI-XII əsrlər Azərbaycan memarlığının çiçəklənən bir dövrüdür. Əcəminin memarlıq layihələri də bu şəhərin formalaşmasında böyük rol oynayıb. Möminə xatun və Yusif Küseyr oğlu türbələri bu günümüzə kimi gəlib çatıb. Tədqiqatçılar belə hesab edirlər ki, o dövrdə Naxçıvan şəhərinin mərkəzində olan bütün tikintilərin memarı Əcəmi Naxçıvani olub. XIX əsrə qədər Möminə xatun türbəsinin yaxınlığında baştağ da var idi, üzərində “əməli Əcəmi Əbubəkr oğlu” sözlərinin olduğu oxunub. Əcəmi Naxçıvani Naxçıvan memarlığı üçün çox iş görüb və onun memarlıq ənənələrinin təsiri qonşu ölkələr, Azərbaycanın şimal, cənub bölgələrinə, Şərqi Anadoluya, Orta Asiyaya qədər gedib çıxıb.
Xaraba Gilan ərazisində onlarla abidələr var ki, Əcəmi ruhu duyulur. Əcəmi yaradıcılığı özünəməxsusluğu ilə seçilib. Memarlıq elementlərində biz bu yaradıcılığı görürük. Onun tikdiyi abidələr yeraltı və yerüstü hissədən ibarətdir. Möminə xatunun 10 üzünün hər birinin özünəməxsus bəzəyi, naxış sistemi var. Stalatiklərdən, həndəsi motivli ornamentlərdən, ərəb qrafikalı yazılardan ibarət memarlıq elementlərini biz digər abidələrdə – Xaraba Gilanda, Cənubi Azərbaycanda Göy Günbəz məscidində, Bərdə türbəsində də görürük.
– Ölkə başçısının müvafiq sərəncamları ilə bu il böyük memar Əcəminin 900 illik yubileyi UNESCO səviyyəsində keçiriləcək, Naxçıvan şəhərində abidəsi ucaldılacaqdır. 2026-cı ildə “Şəhərsalma və Memarlıq İli”ndə belə mühüm tədbirlərin həyata keçirilməsi, həmçinin Əcəminin şah əsəri sayılan dünya əhəmiyyətli Möminə xatunun bərpası istiqamətində ötən ildən başlanan işlər tarixi-memarlıq irsinə sayğı və bu irsin müasir memarlıqda izlərinin qorunmasına bir çağırış sayıla bilərmi?
– Mədəniyyət hər bir xalqın, etnosun tanıdılması üçün əsas məsələdir. Həmişə deyirlər ki, midiyalılar özləri üçün mədəniyyət yaradıb. Skiflər, urartular mədəniyyət yaradıb. Manna dövlətinin özünəməxsus mədəniyyəti yoxdur. Halbuki Manna mədəniyyətinin bir qismi urartular, bir qismi skiflər, bir qismi midiyalılara aid edilib. Xalqların tarixini nə ilə müəyyən edirik – mədəniyyətlərlə. Bizim Şomutəpə mədəniyyəti, Kültəpə mədəniyyəti, Dalmatəpə mədəniyyəti burada türk tayfalarının mövcudluğunun göstəricisidir. Abidələr bizim daş pasportlarımızdır. Ərazi iddiaları daha çox nəyə əsaslanıb? Abidələrə. Guya ki, burada xristian abidələri var. Xristian abidələri olub, lakin bu erməniyə aiddir demək deyil, dünyanın müxtəlif xalqları var, bizim ulu əcdadlarımız albanlar olubdur. Türklərin özünün böyük bir hissəsi xəzər türkləri, qıpçaq türkləri xristianlığa inanıblar. Xristianlıq yalnız ermənilərlə bağlı element deyil. Bu abidələri bəhanə edərək bizə qarşı ərazi iddiaları sürürdülər, bizim burada türk xalqına məxsus abidələr xristian abidələrindən daha da qədimdir. Qədim mənbələrdə Azərbaycan ərazisində ermənilərin yaşaması ilə bağlı heç bir məlumat yoxdur. Əcəmi memarlığının mühafizə olunması da, bu baxımdan, bizim üçün əhəmiyyətlidir. Naxçıvanda, Azərbaycanda mövcudluğumuzun əsas simvollarındandır. Əcəmi memarlıq irsinin sonrakı dövrlərində biz müəyyən dəyişikliklərlə davamını görürük. Ənənələr müasir dövrə qədər gəlib çıxıb. Əcəmi şəxsiyyəti və yaradıcılıq irsi ilə bağlı imzalanan hər 3 Sərəncam Azərbaycanın orta əsr memarlığına verilən qiymətdir. Müasir dövrün öz tələbləri var. Orta əsr memarlığının bütün elementlərini biz müasir dövr tikililərində saxlaya bilmərik. Lakin bu o demək deyil ki, müasirlik adı altında milli ornamentlərimizdən istifadə etməyək. Əcəmi memarlığının elə elementləri var ki, onlar müasir memarlıqda tətbiq oluna bilər. Öz dilimizi qoruduğumuz kimi, mədəni irsimizi də qorumalı, mühafizə etməliyik. Bir xalqın dili, mədəniyyəti itərsə, özü də itər.
– Müsahibə üçün sağ olun.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər