NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Prezidentin təsdiq etdiyi yeni Tədbirlər Planı Naxçıvanın dayanıqlı inkişafına xidmət edəcək

...

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” muxtar respublikanın sosial-iqtisadi inkişafında mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qəbul edilən sənəd su ehtiyatlarının qorunması, onların səmərəli idarə olunması və əhalinin su təminatının daha da yaxşılaşdırılması baxımından böyük əhəmiyyət daşıyır".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov bildirib.
Deputat qeyd edib ki, Naxçıvan Muxtar Respublikası təbii-iqlim şəraitinə görə su ehtiyatları məhdud olan regionlardan biridir. Bu səbəbdən mövcud su resurslarından səmərəli istifadə, yeni su mənbələrinin cəlb olunması və müasir infrastrukturun yaradılması dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Canməmməd Canməmmədov vurğulayıb ki, son illər cənab Prezidentin Naxçıvanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı regionun bütün sahələrində olduğu kimi su təsərrüfatı sisteminin modernləşdirilməsində də mühüm rol oynayır. Dövlət başçısının təşəbbüsü ilə muxtar respublikada yeni su layihələri həyata keçirilmiş, suvarma sistemləri yenilənmiş, içməli su təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
Bu siyasətin davamı olaraq təsdiq edilən yeni Tədbirlər Planı qarşıdakı illərdə su ehtiyatlarının daha səmərəli idarə olunmasına geniş imkanlar yaradacaq. Sənədə əsasən su anbarlarının və kanalların yenilənməsi, yeni su təchizatı layihələrinin həyata keçirilməsi, su itkilərinin azaldılması və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Tədbirlər Planında kənd təsərrüfatında sudan səmərəli istifadə məsələləri də xüsusi yer tutur. Müasir suvarma texnologiyalarının tətbiqi, damcı və yağmurlama üsullarının genişləndirilməsi məhsuldarlığın artmasına və su ehtiyatlarının qorunmasına xidmət edəcək.
Bununla yanaşı, ekoloji təhlükəsizliyin təmin olunması, su mənbələrinin mühafizəsi və çirkab suların idarə olunmasının təkmilləşdirilməsi də planın əsas istiqamətlərindəndir. Bu tədbirlər regionun təbii tarazlığının qorunmasına mühüm töhfə verəcək.
Deputatın sözlərinə görə, qəbul edilən Tədbirlər Planı Naxçıvanda su ehtiyatlarının idarə olunmasını yeni səviyyəyə qaldıracaq. Əhalinin içməli su təminatı yaxşılaşacaq, kənd təsərrüfatının inkişafı üçün daha geniş imkanlar yaranacaq və regionun sosial-iqtisadi inkişafı sürətlənəcək. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası inkişafının yeni mərhələsinə qədəm qoyur. Su ehtiyatlarından səmərəli istifadəyə dair qəbul olunmuş bu mühüm sənəd isə muxtar respublikanın dayanıqlı inkişafının təmin edilməsində xüsusi rol oynayacaq.

Nəşr edilib : 21.02.2026 13:00