Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
“Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında” 2026-cı il 16 mart tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının çox mühüm tarixi əhəmiyyəti vardır. İlk növbədə, mən ziyalılar adından ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki ölkəmizdə bütün sahələrlə yanaşı, tarix və mədəniyyət abidələrinə də böyük diqqət yetirilir. XII əsr abidəsi olan Möminə xatun türbəsi milli memarlığımızın çox mühüm abidəsidir. Şərq memarlıq abidələrinin incisidir. Əcəmi Naxçıvani tərəfindən yaradılmış Möminə xatun türbəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə, bütövlükdə, İslam aləminin şah əsərləri sırasında mühüm yer tutur. Prezident İlham Əliyevin Sərəncamı ilə abidə yüksək səviyyədə bərpa və restavrasiya ediləcək. Möminə xatun türbəsi bundan sonra da hələ min illərlə insanlara sənətin gözəllik və incəliyini aşılayacaq, xalqımız isə bundan qürur duyacaq. UNESCO siyahısında yer tutan Möminə xatun türbəsinin bərpası ilə bağlı Prezidentin Sərəncamı Azərbaycan mədəniyyətinin qorunması və inkişafına əhəmiyyətli töhfə olacaqdır”.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.
Akademik bildirib ki, Şərq aləmində yaradılan abidələr sırasında Möminə xatun türbəsinin özünəməxsus yeri və rolu vardır ki, bu da Əcəmi Əbubəkr oğlu dühasının böyüklüyündən xəbər verir. Möminə xatun türbəsi məhz Azərbaycanın müstəqilliyini, onun inkişafını təmin edən Şəmsəddin Eldənizin zamanında inşa olunub. Buna görə də bu abidənin olduqca böyük əhəmiyyəti vardır və abidənin bərpa olunması nəsillərarası ənənənin davamı, milli irsə hörmət və ehtiram kimi olduqca təqdirəlayiq bir addımdır. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. İlk növbədə, təbii ki, bu Azərbaycan xalqının milli sərvətidir. Ulu Öndərimiz Heydər Əliyev 1999-cu ilin oktyabr ayında Naxçıvanda rəsmi səfərdə olarkən Möminə xatun türbəsini ziyarət etmiş (14 oktyabr) və orada çıxış edərək demişdir: “Bu abidənin qiyməti yoxdur. Çox vaxt, elə bu gün də bunu gözəl memarlıq abidəsi kimi təbliğ edirlər. Bu təbiidir, doğrudan da, belədir. Dağılanlar dağılıb, amma qalanlar içərisində Möminə xatun məqbərəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bilirik ki, Əcəmi Naxçıvani və onun yaratdığı məktəb təkcə Naxçıvanı əhatə etmir, Şərq aləminin böyük bir hissəsində onun memarlıq üslubu, memarlıq məktəbi davam edib, böyük əsərlər yaradıblar”.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı bu monumental, zərif və gözəllik nümunəsi olan abidəyə ölkə Prezidentinin Sərəncamı ilə ikinci həyat bəxş ediləcək. İsmayıl Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam zəngin tarixi-mədəni irsimizin mühafizəsi, beynəlxalq miqyasda təbliği və gələcək nəsillərə mükəmməl şəkildə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bu, tarixinə və milli-mənəvi dəyərlərinə bağlı olan hər kəsi, geniş ictimaiyyəti sevindirən addımdır. Minnətdarlıqla qeyd etməliyəm ki, ölkə Prezidentinin Sərəncamı ilə abidənin bərpası üçün ayrılan vəsait nəticəsində bərpa prosesi uğurla aparılacaq və necə ki 800 ildən artıqdır ki, bu abidə yaşayır və bundan sonra da öz əzəməti, gözəlliyi, monumentallığı ilə Azərbaycan xalqının milliliyini, mənəvi dəyərlərini dünyaya təqdim edəcək.
Digər xəbərlər