Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son illər Naxçıvanda həyata keçirilən tədbirlərdən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə də xeyli pay düşüb. Sirr deyil ki, iqtisadiyyatımızın və sosial inkişafın təməlində peşə təhsili sahəsində irəliləyişlər durur. Ona görə muxtar respublikamızda peşə təhsilinin inkişafı və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamında peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi və əmək bazarının tələblərinə uyğun peşə təhsilli gənclərin sayının artırılması nəzərdə tutulub.
Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlərlə bağlı daha ətraflı məlumatı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Zeynəb Allahyarlıdan öyrənirik. O deyir ki, Dövlət Proqramının icrası ilə əlaqədar nazirliyin təklifləri əsasında Ali Məclisin sədri tərəfindən “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2024-cü il 7 may tarixli Fərman imzalanıb. Fərmana əsasən Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək onların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılıb, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri isə “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Şərur Peşə Liseyi” və “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Ordubad Peşə Liseyi” adlandırılaraq publik hüquqi şəxsə çevrilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 7 may tarixli Fərmanının icrasının təmin edilməsi barədə” 2024-cü il 3 iyun tarixdə Sərəncam imzalanıb. Sərəncamın icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən müasir tipli peşə təhsili müəssisələrinin nizamnamələri tərtib olunub, layihə və təkliflər aidiyyəti orqanlarla razılaşdırılaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq olunub.
İşə qəbul prosesi haqqında danışan müsahibimiz deyir ki, 2024-cü ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə işə qəbul prosesi ölkə üzrə mərkəzləşdirilmiş müsabiqə vasitəsilə həyata keçirilir. Belə ki, peşə təhsili müəssisələrində vakant olan ümumtəhsil fənləri üzrə müəllimlərin, eyni zamanda direktor və direktor müavinlərinin, ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu prosesi test və müsahibə mərhələsi olmaqla, 2 mərhələdə keçirilir. Həmçinin peşə təhsili müəssisələrində gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və psixoloq üzrə vakant vəzifələr ümumtəhsil məktəblərinə işə qəbul üzrə keçirilən imtahanlarda nəzərə alınır, həmin vəzifələrin elana çıxarılması təmin edilir. 2024-2025-ci tədris ilində 1-i istehsalat təlim ustası, 3-ü direktor, 2-si gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, 10-u ümumtəhsil fənləri üzrə müddətsiz, 3-ü isə müddətli müqavilə əsasında olmaqla, ümumilikdə, 19 nəfər işə qəbul olunub. 2025-2026-cı tədris ili üçün ümumtəhsil fənləri üzrə 12 vakant yer müsabiqəyə çıxarılıb. İxtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələri üzrə isə 71 yer müsabiqəyə çıxarılıb.
Zeynəb xanım onu da qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə 27 adda 35 ixtisas üzrə 700 yerlik qəbul planı tərtib olunmuş və 3 müəssisə üzrə 462 tələbə peşə təhsilinə cəlb edilmiş, tələbələrdən 138-i təhsilini başa vurmuş, 121-i müxtəlif səbəblərdən (müddətli həqiqi hərbi xidmət, orta ixtisas təhsili müəssisəsinə qəbul, dərsə davamiyyəti zəif, könüllü olaraq tədrisdən imtina və s.) tələbələr sırasından azad olunmuş, 203 tələbə isə növbəti tədris ilindən təhsilini davam etdirəcəkdir. Bununla yanaşı, 26 avqust-2 sentyabr 2025-ci il tarixlərdə qəbulun II mərhələsi həyata keçirilib. Sentyabr ayının 14-dək isə III mərhələsi aparılacaq, boş qalan plan yerlərinə tələbə qəbulu həyata keçiriləcəkdir. Onu da bildirək ki, 2025-ci il yanvarın 21-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan Regional “ASAN xidmət” mərkəzində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən digər təhsil pillələri ilə yanaşı, peşə təhsili müəssisələrinə tələbə qəbulu xidmətinin göstərilməsinə də başlanılıb.
Müsahibimiz vurğulayır ki, 2025-2026-cı tədris ilində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 18 ixtisasın tədrisi nəzərdə tutulur ki, onlardan kargüzar və bərbər ixtisasları ümumi orta təhsil bazası üzrə 1 illik müddətinə ilk peşə, əməliyyatçı-mühasib, sığorta işçisi, dayə, aşpaz, qənnadçı, şirniyyatçı, bərbər-vizajist-manikürçü, xalçaçı, mebel ustası, plastik qapı və pəncərə ustası və yolun və süni qurğuların cari təmiri və saxlanması üzrə briqadir ixtisasları tam orta təhsil bazası üzrə 1 illik müddətinə texniki peşə, dərzi, avtomobillərin təmiri çilingəri-avtomobil sürücüsü və kombi və kondisioner ustası ixtisasları ümumi orta təhsil bazası üzrə 3 illik müddətinə texniki peşə (tam orta təhsil almaqla), baytarlıq və heyvandarlıq işi, kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı ixtisasları ümumi orta təhsil bazası üzrə 4 illik, moda dizaynı ixtisası tam orta təhsil bazası üzrə 3 illik müddətinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə aparılacaqdır.
Müsahibimiz diqqətə çatdırır ki, Şərur Peşə Liseyində 8 ixtisasın tədrisi nəzərdə tutulur ki, onlardan bitkiçilik mütəxəssisi, dərzi, bərbər-vizajist-manikürçü, elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis, rabitə quraşdırıcısı-kabelçi və avtomobil diaqnostikası və təmiri ustası ixtisasları tam orta təhsil bazası üzrə 1 illik müddətinə texniki peşə, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası) və dəmir yolu stansiya və keçid növbətçisi ixtisasları ümumi orta təhsil bazası üzrə 3 illik müddətinə texniki peşə (tam orta təhsil almaqla) təhsil səviyyəsi üzrə aparılacaq. Ordubad Peşə Liseyində 9 ixtisasın tədrisi nəzərdə tutulur ki, onlardan kargüzar və bərbər ixtisasları ümumi orta təhsil bazası üzrə 1 illik müddətinə ilk peşə, veb-dizayner və proqram təminatçısı, aşpaz, qənnadıçı, şirniyyatçı, bərbər-vizajist-manikürçü və xalçaçı ixtisasları tam orta təhsil bazası üzrə 1 illik müddətinə texniki peşə, rabitə avadanlıqlarının quraşdırıcısı və dəmiryolu stansiyasının növbətçisi ixtisasları ümumi orta təhsil bazası üzrə 3 illik müddətinə texniki peşə (tam orta təhsil almaqla) təhsil səviyyəsi üzrə aparılacaq.
Zeynəb xanım onu da vurğulayır ki, peşə təhsilinin əsas məqsədi işəgötürənlərin tələblərinə uyğun gələn kadrların hazırlanması və işsizlik səviyyəsinin azaldılmasıdır. Qısa zaman müddətində kadrların hazırlanması prosesində ixtisas üzrə təhsilalanların bilik, bacarıq və vərdişlərini möhkəmləndirən, təkmilləşdirən praktiki fəaliyyət – istehsalat təcrübəsi mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin tələbələrinin 2025-ci ilin aprel ayından etibarən istehsalat təcrübəsinə göndərilməsi diqqətdə saxlanılmış, aprel ayı ərzində 136, may ayından isə əlavə 49 olmaqla, ümumilikdə, aprel-iyun ayıları ərzində 185 tələbə istehsalat təcrübəsinə cəlb olunmuş, təcrübə keçirilən müəssisələrlə müqavilə bağlanmışdır. Bir daha qeyd etmək istəyirəm ki, peşə təhsili bir insanın müəyyən bir sahədə ixtisaslaşması və iş həyatına hazırlanması üçün vacib bir təhsil pilləsidir. Bu təhsil iş yerlərinin tələblərinə uyğun kadrların yetişdirilməsində mühüm rol oynayır və işsizlik səviyyəsinin aşağı salınmasına kömək edir. Bununla yanaşı, peşə təhsili insanlara öz potensiallarını reallaşdırmaq imkanı verir. Bu da onların sosial və iqtisadi vəziyyətlərinin yaxşılaşmasına kömək edir. Ümumilikdə, peşə təhsili həm fərdlər, həm də cəmiyyət üçün böyük faydalar gətirən bir təhsil pilləsidir.
Zeynəb xanım qeyd edir ki, 2024-2025-ci tədris ilinin qəbul nəticələrinə nəzər saldıqda görərik ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 3 peşə təhsili müəssisəsinə qəbul olunanlardan 193-ü qadın, 269-u isə kişilərdir. Ümumilikdə, peşə təhsili sahəsində ölkə üzrə 2024-cü ilin xülasəsinə baxdıqda məlum olur ki, qəbul olunan tələbələrdən kişilərin sayı (64 faiz) qadınların sayından (36 faiz) üstünlük təşkil edib. 2025-2026-cı tədris ilinin qəbul prosesi hazırda davam edir. Bu günə olan məlumatlara əsasən deyə bilərəm ki, I mərhələ üzrə qəbul olunan 498 tələbədən 270-i qadın, 228-i isə kişidir. Qəbulun II və III mərhələsi sentyabr ayının 14-dək davam edəcək. Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində tədrisi nəzərdə tutulan bərbər ixtisası kişilər, bərbər-vizajist-manikürçü ixtisası isə həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulub. Mebel ustası, plastik qapı və pəncərə ustası və yolun və süni qurğuların cari təmiri və saxlanması üzrə briqadir ixtisaslarının, Şərur Peşə Liseyində tədrisi nəzərdə tutulan elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü (BC kateqoriyası) ixtisaslarının kişilərdən ibarət qrup formalaşdıracağını, Ordubad Peşə Liseyində tədrisi nəzərdə tutulan aşpaz və qənnadçı, şirniyyatçı ixtisaslarında qadın tələbələrin, rabitə avadanlıqlarının quraşdırıcısı ixtisasında kişi tələbələrin üstünlük təşkil edəcəyini demək olar.
Amma ötən tədris ilində belə bir hal da müşahidə etdik ki, 1 illik müddətinə tədris olunan avtomobil üzrə elektrik ixtisasında təhsil alan tələbələr sırasında 1 nəfər qadın da var idi.
Aldığımız məlumatlardan da görünür ki, peşə təhsili artıq müasir dövrdə günün tələbinə çevrilib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırıb. Bu səbəbdən yeni peşə və sənət sahələrinin yaranması özü ilə bərabər, ixtisaslı kadrlara olan tələbatı da artırır.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər