Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
İnsan həyatı seçimlərdən ibarətdir. Amma elə seçimlər var ki, insan onları bir dəfə edir, sonra ömürboyu nəticəsini yaşayır. Peşə seçimi də məhz belə seçimlərdəndir. Çünki bu seçim yalnız bir ixtisasın adı deyil, insanın necə yaşayacağını, özünü necə hiss edəcəyini, cəmiyyətə necə qarışacağını müəyyən edir. Hər kəs öz həyatının müəyyən bir anında bu sualla üz-üzə qalır: “Mən kiməm?” Çox vaxt bu sualın cavabı peşənin içində gizlənir. Mən müəlliməm, mən jurnalistəm, mən həkiməm deyəndə insan, sadəcə, işini yox, öz kimliyini təqdim edir. Amma bəs o zaman nə olur ki, insanın peşəsi var, diplomu var, biliyi var amma peşəsinin yeri yoxdur?
Hər şey, adətən, saf arzularla başlayır. Uşaq vaxtı müəllim, həkim, polis olmaq istəyənlər, yazıçı olmaq xəyalı quranlar, auditoriyada dərs deməyi, tələbə yetişdirməyi arzulayan gənclər....Valideynlər övladlarını oxumağa sövq edir: oxu, adam ol, oxu ki, sabah işin olsun, oxu ki, başın yerdə qalmasın. İllər keçir. Gənc oxuyur, imtahan verir, gecələr yatmır, kitabdan baş qaldırmır. Universitet bitirir, diplom alır, sonra sükut. Ən ağır cümlə də elə bundan sonra eşidilir: ixtisasınıza uyğun iş yoxdur.
Hər bir insan seçdiyi peşəni konkret bir mühitdə təsəvvür edir. Bəziləri üçün bu, akademik mühitdir, bəziləri üçün istehsalat, digərləri üçün isə yaradıcılıq sahəsi. Lakin həyatın gedişi bu təsəvvürləri bəzən dəyişir. Universitet diplomu olub ali təhsil müəssisəsində çalışmamaq insanın yolunun yarımçıq qalması anlamına gəlmir. Bu sadəcə, peşənin fərqli müstəvilərdə davam etməsidir. Elmi yanaşma, analitik düşüncə, öyrətmə bacarığı yalnız auditoriya ilə məhdudlaşmır. Bu keyfiyyətlər cəmiyyətin müxtəlif sahələrində özünü göstərə bilir. Bu gün cəmiyyətimizdə minlərlə insan var ki, ali təhsillidir, hətta elmi potensiala malikdir, amma istədikləri yerdə işləyə bilmir.
Peşə seçimi insanın həyatında verilən bir qərar deyil, davam edən bir prosesdir. Zaman dəyişdikcə, insan dəyişdikcə bu seçim də yeni məna qazanır. Bəzən yol gözlənildiyindən fərqli istiqamətə aparır, amma bu fərqlilik seçimin dəyərini azaltmır. Təhsil bu yolun ən sədaqətli yol yoldaşıdır. O, insanı tək bir məkana bağlamır, əksinə, düşünməyi, uyğunlaşmağı və yenidən başlamağı öyrədir. Harada olmasından asılı olmayaraq, bilik insanı müşayiət edir, ona istiqamət verir. Əsas olan diplomun harada asılması yox, qazandığı biliklərin harada yaşadılmasıdır. Çünki insan özünü gördüyü işdə tapanda, peşə də, yol da, həyat da öz yerini tapmış olur. Diplom kağız üzərində qalsa da, bilik insanın beynində yaşayır. Yol gözlənilməzdir, amma hər addım onu tamamlayır. Peşə tək bir məkanda deyil, insanın özündədir. İnsan özünü tapanda, işinin adı yox, onun öz işığını göstərir. Unutma: sən harada olursansa ol, yol səninlədir, bilik səninlədir, həyat səninlədir. Əsl uğur seçdiyin peşədə deyil, özünü kəşf etdiyin anda doğur.
Peşə insanın həyatında bir istiqamət deyil, daxili səyahətin yol göstəricisidir. Hər addım yeni suallar, kəşflər gətirir və insan özü ilə dialoqa başlayır. İş yalnız vəzifə deyil, o, insanın bacarıqlarını, arzularını, daxili dünyasını ortaya çıxaran bir meydandır. Harada olursan ol, hansı sahədə çalışırsansa çalış, əsl uğur özünü hiss etmək və seçdiyin yolun sənə verdiyi mənanı yaşamaqdır.
Günay HACIYEVA
Digər xəbərlər