Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Artıq payız fəslinə qədəm qoymuşuq. Özü ilə həyatımıza gözəlliklər gətirən bu fəsil, təəssüflər olsun ki, həm də müxtəlif xəstəliklərin yarandığı və ya kəskinləşdiyi dövrdür. Son zamanlarda tez-tez “Xəstəyəm” sözünü eşitməyimizin səbəbi də məhz budur. Bəs belə xəstəliklərə yaxalanmamaq üçün nə etməli? Suallarımıza Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasının Daxili xəstəliklər şöbəsinin müdiri, terapevt-pulmonoloq Dilarə Abdullayeva aydınlıq gətirdi. Əvvəlcə mövsümi xəstəliklər barədə məlumat verən müsahibim bildirir ki, mövsümi xəstəliklər il ərzində müəyyən fəsillərdə, əsasən, payız və qış aylarında daha çox müşahidə olunan xəstəliklərdir. Bu xəstəliklər hava şəraitinin dəyişməsi, immun sisteminin zəifləməsi və virusların aktivləşməsi ilə əlaqədar yaranır. Məsələn, qrip, soyuqdəymə, bronxit, angina kimi infeksiyalar buna aiddir.
Dilarə xanım qeyd edir ki, payız fəslində ən çox rast gəlinən xəstəliklər qrip və soyuqdəymə, angina (boğaz iltihabı), bronxit və pnevmoniya, allergik rinit (burun axması, asqırma) və bağırsaq infeksiyalarıdır. Bu xəstəliklərin yaranma və yayılma səbəbləri isə, əsasən, havaların soyuması, insanların daha çox qapalı mühitdə olması, immunitetin zəifləməsi və virusların bu şəraitdə asan yayılması ilə əlaqədardır.
Xəstəliklərin əlamətlərindən söz açan müsahibim deyir ki, əlamətlər xəstəliyə görə dəyişsə də, ümumilikdə, bədən hərarətinin yüksəlməsi, boğazda ağrı, qıcıqlanma, burun tutulması, asqırma, öskürək, baş və əzələ ağrıları ümumi halsızlıq, iştahasızlıq, bəzən qusma və ishal (bağırsaq infeksiyalarında) kimi əlamətlərə daha çox rast gəlinir.
“Bəs xəstəliklərə yoluxmamaq üçün hansı profilaktik tədbirlər görülməlidir?” sualımızı həkim belə cavablandırır: “Profilaktika çox vacibdir. Əlləri tez-tez sabunla yumaq, insan sıxlığı olan yerlərdən uzaq durmaq, qidalanmada vitamin C və D-yə üstünlük vermək (meyvə, tərəvəz, süd məhsulları, balıq), kifayət qədər yatmaq və istirahət etmək, soyuq və küləkli havalarda qalın geyinmək, qrip əleyhinə peyvəndlənmək və sair görülə biləcək profilaktik tədbirlərdəndir”.
Dilarə xanım deyir ki, əgər insan özündə xəstəlik əlamətləri hiss edirsə, özünü təcrid etməli, başqaları ilə təmasdan çəkinməli, bol maye qəbul etməli və istirahət etməlidir. Özbaşına antibiotik qəbul etmək olmaz. Yüngül hallarda ev şəraitində istirahət və simptomatik müalicə kifayət edə bilər, lakin ağır hallarda həkim nəzarəti mütləqdir.
Xəstəlikdə düzgün qidalanma haqqında məlumat verən müsahibim qeyd edir ki, xəstəlik zamanı orqanizmin bərpası üçün düzgün qidalanma çox vacibdir. Belə ki, bu zaman vitamin və minerallarla zəngin qidalar (meyvə, tərəvəz, şorba, bal, limon, zəncəfil) qəbul edilməli, qazlı içkilərdən və ağır yağlı yeməklərdən uzaq durulmalıdır. Həmçinin bol maye (su, bitki çayları, isti bulyon) qəbul etmək və kiçik porsiyalarla, tez-tez yemək və əsasən, immuniteti gücləndirən məhsullardan, məsələn, sarımsaq, balıq, ağartı məhsulları, qoz-fındıq və sairdən istifadə edilməlidir.
Məktəb və bağçalarda xəstəliyin yayılmaması üçün görülən tədbirlərdən danışan müsahibim bildirir: “Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir ki, bunlara uşaqların səhər hərarətinin ölçülməsi, sinif otaqlarının mütəmadi havalandırılması, uşaqda xəstəlik əlaməti varsa, evdə qalmasının təşkili, əllərin yuyulması və şəxsi gigiyena qaydalarının izahı, oyun və istirahət otaqlarında dezinfeksiya işlərinin aparılması daxildir”.
Son olaraq Dilarə xanım məsləhət görür ki, immunitet güclü olduqda orqanizm viruslara qarşı daha dayanıqlı olduğundan hər kəs düzgün qidalanmalı, fiziki aktivliyə diqqət etməli, stressdən uzaq durmalı və həkim müayinəsinə laqeyd yanaşmamalıdır.
“Xəstəliyin qarşısını almaq onu müalicə etməkdən həmişə daha asandır”, – deyən müsahibimin sözlərinə qoşulur, hər kəsi sağlamlığının keşiyində duraraq fəslin gözəlliklərini doya-doya yaşamağa dəvət edirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər