NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Parağaçayda 48, Küküdə 39 millimetr yağıntı qeydə alınıb

...

20-30 mart tarixlərdə Naxçıvan Muxtar Respublikasında yağıntıların ərazi üzrə paylanması və intensivliyinin icmalı

​​​​"Şərq qapısı" xəbər verir ki, 20-30 mart tarixlərdə hidrometeoroloji stansiya və məntəqələrdən əldə olunmuş müşahidə məlumatları əsasında bölgə üzrə yağıntıların miqdarı və paylanması təhlil edilmişdir. Bu dövr yaz mövsümünün başlanğıcına təsadüf etdiyindən yağıntıların ərazi üzrə dəyişkənliyi xüsusi maraq doğurur.

Müşahidələr göstərir ki, yağıntılar ərazi üzrə qeyri-bərabər paylanmışdır. Ən yüksək yağıntı miqdarı Parağaçay məntəqəsində 48 mm qeydə alınmışdır. Bundan əlavə, Kükü (39 mm) və Biçənək (37 mm) ərazilərində də yüksək göstəricilər müşahidə olunmuşdur ki, bu da, əsasən, dağlıq və yüksəklikli ərazilərdə yağıntının daha intensiv düşməsi ilə izah olunur.
Orta səviyyəli yağıntılar Şahbuz və Ordubad rayonlarında (26 mm), Naxçıvan şəhəri, Kəngərli və Axura ərazilərində (25 mm), eləcə də Sədərəkdə (26 mm), Culfa (15 mm) və Şərur (19 mm) rayonlarında qeydə alınmışdır.
Aparılan təhlil göstərir ki, 20-30 mart tarixlərdə Naxçıvan Muxtar Respublikası ərazisində yağıntılar, əsasən, orta intensivlikdə olmuş, lakin dağlıq ərazilərdə daha yüksək göstəricilər qeydə alınmışdır. Ümumilikdə, yağıntıların bu cür paylanması regionun hidroloji vəziyyətinə müsbət təsir göstərməklə su ehtiyatlarının formalaşmasına şərait yaradır.
Eyni zamanda meteoroloji proqnozlara əsasən yağıntılı hava şəraitinin aprel ayının 1-dək davam edəcəyi gözlənilir ki, bu da torpaq rütubətinin artmasına və çaylarda sululuğun müəyyən qədər yüksəlməsinə səbəb ola bilər.

Nəşr edilib : 30.03.2026 17:30