NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ordubadın qədimliyi ispan qonaqları valeh etdi

...

Bu gün həmkarlarımızla birlikdə qədimlik və müasirliyin birləşdiyi, əsrlərin sınağından keçmiş Ordubada üz tutduq. Məqsədimiz bu qədim diyarın abidələrini, tarixin hələ də pıçıldadığı məqamları qələmə almaq idi.

Elə bu zaman maraqlı bir təsadüflə üzləşdik. Ordubadı görmək üçün İspaniyadan gəlmiş turistlərlə rastlaşdıq. Onların təəccüb və sevinc dolu baxışları, qədim memarlığın hər daşında gizlənən tarixə heyranlıqları diqqətimizdən yayınmadı.

Biz də fürsəti əldən verməyərək ispaniyalı turistlərin təəssüratlarını öyrəndik. Nəinki abidələr, hətta şəhərin ab-havası, yerli insanların qonaqpərvərliyi belə onların yaddaşında xüsusi yer tutmuşdu.

İspan turistləri – Héctor Lozano Sánchez və José Maria Amate Armengol ilə təsadüfən qarşılaşmağımız günün ən maraqlı anına çevrildi. Fotoaparatları boyunlarında, baxışları şəhərin memarlığına köklənmiş qonaqlar, sanki Ordubadı illərdir, tanıyırmış kimi rahat və maraqlı gəzirdilər.
Onların sözlərinə görə: “Bu gün Ordubadın tarixi ilə tanış oluruq. Memarlıq, təbiət və insanların səmimiyyəti bizə unudulmaz təsir bağışlayır”.

Ordubadda ən çox nəyi bəyəndiklərini soruşduqda isə cavabları belə oldu:
“Limon və sucuq. Bu bölgəyə xas dadlar bizi heyran etdi. Limon və sucuğun tamı bizim üçün tamamilə yeni bir təcrübə idi. Hətta ailəmizə aparmaq üçün də almağı düşünürük”.

Söhbət zamanı məlum oldu ki, ispan turistlər Naxçıvanda cəmi birgünlük deyillər. Onlar üç gün bu qədim diyarda qalmaq niyyətindədirlər və səfər proqramları da olduqca zəngindir.

“Tarixlə yaşayan bu bölgəni daha yaxından tanımaq istəyirik. Sabah Culfa istiqamətində yerləşən Əlincə qalasını ziyarət etməyi planlaşdırırıq. Oranın tarixini çox oxumuşuq, xüsusən də müdafiə döyüşləri bizi maraqlandırır. Bundan başqa, Qarabağlar türbəsini də görmək istəyirik”, – deyə onlar əlavə etdilər.

Onların danışığında səmimi heyranlıq, yeni bir mədəniyyətlə tanış olmağın sevincini hiss etmək çətin deyildi. Suallarımıza cavab verə-verə Naxçıvanın ümumi təəssüratlarını da böyük məmnuniyyətlə bölüşdülər:
“Naxçıvan çox gözəldir, gələn dəfə ailəmizi də gətirəcəyik. İnsanlar isə inanılmaz dərəcədə qonaqpərvərdir. Bu bizi çox təsirləndirdi”.

Söhbətimiz turistlərin Ordubad meydanında foto çəkdirməsi ilə tamamlandı. Onların baxışlarında həm heyranlıq, həm də yenidən gəlmək arzusunun işartısını görmək mümkün idi. Qədim Ordubad bir daha sübut etdi ki, tarixini sevən və qoruyan şəhərlər dünyanın hər yerindən qonaqları özünə çəkə bilir.

Zəhra Vəliyeva

Nəşr edilib : 17.02.2026 12:30