NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ordubadın gənc atletləri paytaxtda zirvəni fəth etdi

...

Azərbaycan Atletika Federasiyası ilə Gənclər və İdman Nazirliyinin təşkil etdiyi  ölkə birinciliyində Naxçıvan idman məktəbinin yetirmələri uğurla çıxış ediblər. Belə ki, “Ordubad” komandası Bakıda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq, muxtar respublika idmanını layiqincə təmsil edib.

200-ə yaxın idmançı arasında qazanılan bu nailiyyətidmançılarımızın düzgün taktiki hazırlığının, onların bu sahəyə ciddi yanaşmalarının təzahürüdür.

Komandanın ən parlaq çıxışlarından birinə imza atan Namiq Babayev ardıcıl qələbələr qazanaraq 800 və 1500 metr məsafələrdə iki dəfə fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. O hər iki məsafədə finiş xəttini birinci keçərək qızıl medal qazanıb. Yarışdakı təəssüratlarını bizimlə bölüşən Namiq Babayev deyir: “Bu yarış mənim üçün çox önəmli idi. Çünki həm hazırlıq səviyyəmi yoxlayırdım, həm də özümə olan inamımı gücləndirmək istəyirdim. Rəqiblər güclü idi, amma məşqçimin verdiyi tapşırıqlara əməl etdim və nəticə də gözlədiyim kimi oldu. Qələbə qazanmaq mənim üçün böyük motivasiyadır”. İndi onun məqsədi ölkədaxili yarışlarla yanaşı, həm də gələcəkdə beynəlxalq arenalarda Naxçıvanı və Azərbaycanı layiqincə təmsil etməkdir.

Digər idmançımız Aysel Hüseynova isə bu nəticənin onun üçün böyük təcrübə olduğunu qeyd edib: “3000 metr məsafədə mübarizə apararaq yarışda gümüş medal qazandım və komandanın medal sırasına öz töhfəmi verə bildim. Finişə qədər olan məsafədə böyük mübarizə apardım və düşünürəm ki, son ana qədər rəqiblərim ilə ayaqlaşa bildim. Bu yarış növbəti yarışlara daha ciddi hazırlaşmağıma  stimul verdi”.

Eyni məsafədə çıxış edən Rüqəyya Məmmədli isə bürünc medal qazanıb. Gənc atlet üçün bu medal ilk böyük uğurlardan biri hesab olunur: “İlk dəfə belə böyük yarışda iştirak edirdim. Rəqabət güclü idi, amma finişə çatanda medal qazandığımı bilmək məni çox sevindirdi. Bu nəticə özümə olan inamımı daha da artırdı. Məqsədim məşqləri daha da intensivləşdirərək gələcək yarışlarda daha yüksək nəticələr əldə etməkdir”.

Komanda üzvlərindən digəri Elmira İsmayılova da yarışın təşkilati səviyyəsindən və ümumi atmosferindən razı qalıb: “Yarış çox yaxşı keçdi, gözlədiyimdən daha yaxşı oldu. Həm yarışın təşkili, həm də idmançılara yaradılan şərait bizi daha yaxşı nəticə göstərməyə ruhlandırdı. Bu cür yarışlar bizim üçün böyük məktəbdir. Hətta fikrimcə, qazanılan nəticələr Ordubadda atletikanın inkişafına olan marağı daha da artıracaq. Bu cür birinciliklər gənc idmançıların gələcək karyerasında mühüm rol oynayır”.

Paytaxtımızda keçirilən bu yarış, əslində, gənc atletlər üçün bir tramplin rolunu oynayır. Bu qələbələr göstərir ki, düzgün sistem və əzmkarlıq olduqda bölgələrdən gələn idmançılar ölkə üzrə keçirilən idman yarışlarında ən yüksək zirvələri fəth edə bilərlər. İndi hədəf bu uğuru açıq hava çempionatlarında, beynəlxalq arenalarda təkrarlamaqdır.

                   Elnurə CƏFƏROVA

Nəşr edilib : 25.02.2026 17:20