NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ordubadda ilk ipək fabriki– "Ərbabın iş yerindən" reportaj

...

Bura Ordubaddır. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı qədim və əsrarəngiz yurd yeri. Bu diyar əsrlərboyu sənətkarlığın, xüsusilə də ipəkçiliyin əsas mərkəzlərindən biri kimi tanınıb. Həmin şöhrətin təməlində isə XIX əsrdə – 1865-ci ildə yaradılan ilk ipək fabriki və onun qurucusu, xalq arasında “Ərbab” kimi tanınan Rzaqulu Rzayev dayanır.

Bu gün həmin tarixi məkan yenidən həyat qazanır. Milli-mənəvi dəyərlərin daşıyıcısı olan bina artıq təkcə keçmişin yadigarı deyil, gələcəyə ötürülən mədəni irs nümunəsi kimi bərpa olunur. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən burada genişmiqyaslı təmir-bərpa işləri aparılır.

Görülən işlərin əsas məqsədi, sadəcə, bir tikilini yeniləmək deyil. Bu layihə, bütövlükdə, Ordubadın zəngin tarixini, ipəkçilik ənənələrini və xalq yaddaşında yaşayan dəyərləri qoruyaraq gələcək nəsillərə çatdırmağı hədəfləyir.

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Aytən Cəfərova deyir ki, Ordubadda ipək fabrikinin ilk direktoru Rzaqulu Rzayevin əsas yanaşmalarından biri yalnız ənənəvi əl üsulla ipək istehsalı ilə kifayətlənməmək, eyni zamanda dövrün müasir sayılan dəzgah və texnologiyalarını Ordubada gətirmək idi. Bu məqsədlə 96 çeşməli, 24 ədəd dəzgah gətirilir və məhz bu yeniliklər sayəsində Ordubad ipəyi yüksək inkişaf səviyyəsinə çatır, ipəkçilik sənayesi güclənir.

Onun sözlərinə görə, ipəkçilik burada üç əsas sahənin – tutçuluq, barama açma və ipək əyirmənin sintezi əsasında inkişaf edib. Bu vəhdət həm sənayeni, həm də kənd təsərrüfatını gücləndirib, eyni zamanda bölgədə məşğulluğun artmasına səbəb olub.

1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra isə Ordubadda ipəkçilik sənayesi daha da inkişaf edir. İpək fabriki müasir avadanlıqlarla təchiz olunur, istehsal prosesi yenilənir. Həmin dövrdə müəssisədə 800-dən çox, bəzi hallarda isə minə yaxın işçi çalışırdı. İşçilərin sosial təminatı da diqqətdə saxlanılır, o cümlədən onların gündəlik qida təminatı təşkil olunurdu ki, bu da ailə büdcəsinə müsbət təsir göstərirdi.

Alimin sözlərinə görə, Rzaqulu Rzayevin şəxsiyyəti isə təkcə sənaye quruculuğu ilə deyil, həm də insanlara münasibəti ilə yadda qalıb. Xalq arasında dolaşan rəvayətlər onun ədalətli, zəhmətə dəyər verən və insanları işlə təmin etməyə çalışan bir şəxs olduğunu göstərir:  "Onun bu qədər ehtiram qazanmasının əsas səbəblərindən biri Ordubad əhalisinin məşğulluğuna xüsusi diqqət yetirməsi və əməyə yüksək dəyər verməsi idi. Xalq arasında belə bir rəvayət də dolaşır ki, sovetləşmə dövründə digər bəylər və iş adamları kimi Rzaqulu Rzayevin də var-dövləti əlindən alınır və o, Gəncəyə sürgün olunur. Sürgün olunmazdan əvvəl xalq qarşısına çıxarılır və ona qarşı təhqiramiz ifadələr səsləndirilir. Həmin zaman növkərçiliklə məşğul olan bir şəxs onun əynindəki paltarı çıxarmağa cəhd edir. Bu hadisə Rzaqulu Rzayevi çox incidir və yaddaşında dərin iz buraxır. Beş il sonra Ordubada qayıdan Rzaqulu bəy həmin şəxsi yenə köhnə vəziyyətdə, əvvəlki kimi yaşadığını görür və kinayə ilə belə deyir: “Əgər yenə də köhnə vəziyyətində, paltarında yaşayacaqdınsa, işləyəcəkdinsə, niyə mənim paltarımı əynimdən çıxarmağa çalışırdın?” Bu sözlər onun həm xarakterini, həm də həyat fəlsəfəsini açıq şəkildə ifadə edir".

Aytən Cəfərova bildirir ki, Rzaqulu Rzayev əməyə böyük dəyər verən insan olub: "Ona müraciət edən heç kəsi köməksiz qoymayıb, lakin pulu da səbəbsiz yerə verməyib. O hesab edirdi ki, insan qazancını mütləq zəhməti ilə əldə etməlidir.

Bunu göstərən maraqlı nümunələrdən biri də belə bir hadisədir: "Günlərin birində bir nəfər ona müraciət edərək işlə təmin olunmasını xahiş edir. Qeyd edək ki, həmin ipək fabriki əvvəllər mədrəsə kimi fəaliyyət göstərmişdi və ərazidə çiy kərpiclər düzülmüş vəziyyətdə idi. Rzaqulu bəy həmin şəxsə tapşırır ki, kərpicləri bir tərəfdən götürüb digər tərəfə daşısın. O şəxs işi gördükdən sonra Rzaqulu bəy ona əməkhaqqı verir. Növbəti dəfə müraciət etdikdə isə eyni kərpicləri yenidən əvvəlki yerinə qaytarmağı tapşırır. Bu zaman həmin şəxs təəccüblə soruşur ki, “Bəy, bunun mənası nədir? Mən eyni işi görürəm". Rzaqulu bəy isə belə cavab verir: “Mənası budur ki, sən qazandığın pulu öz zəhmətinlə qazanmalısan”. Bu yanaşma göstərir ki, Rzaqulu bəy əməyə və zəhmətə böyük dəyər verən bir insan olub. Elə buna görə də xalq onu bu gün də “Ərbab” adı ilə yad edir, onun nüfuzunu və işində ustalığını xüsusi vurğulayır".

Ordubadda ilk ipək fabrikinin binasının tam bərpası bu ilin sonuna planlaşdırılır

Qeyd etdiyimiz kimi, "Naxçıvan Muxtar Respublikasınin sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na əsasa muxtar respublikanın Mədəniyyət Nazirliyinin sifarişi əsasında "Ərbabın iş yeri" adlanan tarixi binanın əvvəlki görkəminə qaytarılması istiqamətində hazırda təmir-bərpa işləri aparılır. Prosesin ilin sonuna yekunlaşdırılması nəzərdə tutulur. Layihə rəhbəri Fərid Kazımlı deyir ki, işlər orta mərhələdədir və ümumi həcmin, təxminən, 50 faizi artıq tamamlanıb. Qaba işlər yekunlaşıb və hazırda əsas təmir-bərpa mərhələsinə keçilib.

Fərid Kazımlının sözlərinə görə, bina tam şəkildə ilkin vəziyyətinə qaytarılacaq, mövcud ornamentlər bərpa ediləcək: "Hazırda yerləşdiyimiz otaq baş fond mühafizi otağı kimi fəaliyyət göstərəcək. Bu məkanda alimlər, bərpaçılar, rəssamlar və digər mütəxəssislər çalışacaqlar. Digər hissələr isə Mədəniyyət Nazirliyinin müəyyən etdiyi iş bölgüsünə uyğun olaraq istifadə olunacaq.

Bina iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə, əsas hissənin yan tərəfində ictimaiyyət üçün açıq olan kafe yerləşəcək. İkinci mərtəbədə inzibati heyət üçün otaqlar nəzərdə tutulub. Bundan əlavə, həmin mərtəbədə muzey bölməsi fəaliyyət göstərəcək. Muzey hissəsinin yaxınlığında isə geniş konfrans zalı istifadəyə veriləcək.

Tarixi irsin daşıyıcısı olan “Ərbabın iş yeri”ndə aparılan bərpa prosesi bir daha göstərir ki, Ordubadda yaradılan ilk ipək fabriki təkcə keçmişin yadigarı deyil, həm də gələcəyin mühüm mədəni irs və turizm mərkəzi kimi əhəmiyyət daşıyacaq. Uzun illərin sınağından çıxmış bu bina yenidən dirçəldilərək həm tarixi irsin qorunmasına, həm də regionun mədəni və turizm potensialının genişlənməsinə xidmət edəcək. Bu bərpa işləri, eyni zamanda sübut edir ki, zaman keçsə də, zəhmətə verilən dəyər, yaradılan irs və xalq yaddaşında yaşayan şəxsiyyətlər unudulmur, əksinə, bu dəyərlər yenidən canlandırılaraq gələcək nəsillərə ötürülür və yeni nəfəs qazanır.           

Nəşr edilib : 15.04.2026 17:28