Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ötən gün Ordubad rayonunda keçirilən tədbirlərdən birində iştirak edirdim. Tədbirin bədii hissəsində səhnəyə çıxan Ordubad İncəsənət Məktəbinin şagirdləri balaca, incə barmaqları ilə tarı dilləndirir, pianoda zərif notlara ruh verərək bir-birindən gözəl ifalar səsləndirirdilər. Onların ifasında saf uşaqlıq səmimiyyəti, yaradıcılıq eşqi duyulurdu. Ordubad rayonunda belə istedadlı uşaqların yetişməsi bu yurd yerinin musiqi ruhunun, mədəniyyət ənənələrinin güzgüsüdür, deyə düşünürəm. Məktəbin direktoru Zülfiyyə Seyidova deyir ki, məktəbimizdə müəllim və şagirdlərdən ibarət musiqi kollektivləri istənilən zaman hər hansısa tədbirə hazırlıqlı olmaq üçün mütəmadi məşq edirlər. Rayonda keçirilən, demək olar ki, bütün tədbirlərin bədii hissəsində bizim kollektivin çıxışlarına rast gəlmək mümkündür. Məqsədimiz musiqi ilə insanların zövqünü oxşamaq, istedadlı şagirdlərimizi rayon ictimaiyyətinə tanıtmaq, bacarıqlı və qabiliyyətli şagirdlərə dəstək olmaqdır. Bütün bunlar isə bir missiyaya xidmət edir ki, bu da Üzeyir Hacıbəyli tərəfindən bizə miras qoyulan Azərbaycan musiqisinin yaşadılması, inkişaf etdirilməsi və nəsildən-nəslə ötürülməsidir. Öyrənirik ki, məktəbdə 12 ixtisas üzrə 285 şagird təhsil alır. Uzun illərdir ki, istər muxtar respublika, istərsə də respublika səviyyəli tədbirlərdə bu təhsil ocağı çıxış edərək bir sıra uğurlara imza atıb. Qazanılan uğurlar isə, təbii ki, peşəkar kollektivin zəhmətinin nəticəsidir.
Zülfiyyə Seyidova deyir ki, Ordubadda musiqi təhsilinə maraq olduqca yüksək səviyyədədir. Fəaliyyətə başladığı gündən məktəbin 2000-dən çox məzunu olub. Bu məzunlar arasında bəziləri öz yaradıcılıqları ilə Azərbaycan musiqisinə böyük töhfələr verməklə məşğuldurlar. Bu sırada Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun adını qeyd edə bilərik. Sevindirici haldır ki, vaxtilə məktəbimizin şagirdi olmuş Yaşar Xəlilov Qara Qarayev kimi Azərbaycan musiqisinə üslubu, yaradıcılığı ilə öz möhürünü vurmuş bir bəstəkarın sinfində təhsil alıb. Məktəbin inkişafında böyük rolu olan, uzun illər məktəbin direktoru vəzifəsində çalışmış, əməyi qiymətləndirilərək “Tərəqqi” medalı ilə təltif olunmuş Ordubad Rayon Mədəniyyət İdarəsinin müdiri Azər Məmmədov da bu məktəbin ilk məzunları sırasındadır. Bundan başqa, hazırda Ümid Musayev, Mahir İbrahimov, Sura İbrahimova, Könül İsmayılova, Dilarə Məmmədli, Səmra Məmmədli kimi məzunlarımız muxtar respublikadan kənarda bu sahədə öz uğurları ilə fərqlənirlər. Yusif Məmmədəliyev, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi kimi şəxsiyyətlərin göz açdığı torpağın uşaqları incəsənət sahəsində öz istedadları ilə seçilirlər. Onu da vurğulamaq lazımdır ki, sadəcə, istedad parlamağa kömək etmir, bunun üçün çalışqanlıq da şərtdir. Bizim uğurumuzun bir açarı da məhz budur - çalışqanlıq!
Tədris ilinə yeni başlamışıq. Lakin buna baxmayaraq, əvvəldə də qeyd etdiyim kimi, istənilən zaman üçün konsert proqramımız hazırdır. Mütəmadi olaraq sinif konsertləri, hesabat konsertləri, əlamətdar günlərə həsr olunmuş rayon səviyyəli tədbirlərdə iştirakımız hər il olduğu kimi bu il də iş planımızda yer alıb. Bundan əlavə, yaxın tarixdə məktəbimiz “İncəsənət Məktəbi” statusu alıb və bu o deməkdir ki, bizim öhdəliklərimiz əvvəlki illərə nisbətən daha da artıb. Bundan sonra məktəbimizdə incəsənətin digər növləri də tədris olunacaq və bu da bizim istər gələcək planlarımızın, istərsə də fəaliyyət istiqamətimizin genişlənəcəyindən xəbər verir. Öyrənirik ki, məktəbin “Səda” xor kollektivi 2006-cı ildən bəri muxtar respublikada keçirilən müsabiqələrin laureatıdır. Xormeystr Səbinə İbrahimovanın rəhbərliyi ilə kollektiv müxtəlif illərdə muxtar respublika qalibi olduğu üçün Bakı şəhərində keçirilən xor kollektivləri arasında müsabiqələrdə çıxış etmək imkanı qazanıb.
Hazırda kollektiv 2025-ci il Uşaq İncəsənət Festivalının final mərhələsində çıxış etmək üçün Bakı səfərinə hazırlaşır. Məktəbin Vokal ixtisası üzrə 3-cü sinif şagirdi Gülay Səfərova deyir ki, 2025-ci il Uşaq İncəsənət Festivalının 1-ci və 2-ci turunda uğurla iştirak edib. Konsertdə “Hamıdan gözəl mənəm” ifası ilə zalı coşduran Gülay, eyni zamanda məktəbi festivalda təmsil edən ən balaca şagirddir. Məktəbin skripka üzrə 7-ci sinif şagirdi Qumru Fərəcova da uğurları ilə məktəbi layiqincə təmsil edənlərdən biridir. İstedadı, çalışqanlığı ilə fərqlənən Qumru, həmçinin 2025-ci il Uşaq İncəsənət Festivalının 1-ci və 2-ci turunda uğurla iştirak edəcək.
Qısa müddətdə Ordubad İncəsənət Məktəbinin şagirdlərinin müşahidə etdiyimiz istedad və bacarıqları, məktəbin direktoru və şagirdlərlə söhbətlər bu təhsil ocağında çalışan müəllim kollektivinin zəhmətinin bəhrəsi, bu ünvana göstərilən dövlət qayğısının ifadsidir. Biz də, öz növbəmizdə, kollektivə daha böyük uğurlar arzulayırıq
Qeyd edək ki, uşaqların səhnədə göstərdiyi bacarıqları sabahkı uğurlarının ilk addımıdır. Onların gözlərindəki işıq onların gələcəyindən xəbər verir.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər