NAXÇIVAN :

03 May 2026, Bazar

Ordubad haqqında “Cənnətin iqamətgahı” adlı sənədli-etnoqrafik-musiqili filmin istehsalına başlanır

...

Azərbaycanın mədəni irs xəritəsində xüsusi yer tutan Ordubad haqqında “Cənnətin iqamətgahı” adlı sənədli- etnoqrafik-musiqili filmin istehsalına başlanır. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ISESCO-nun tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin dəstəyi ilə AzerNyuMedia tərəfindən həyata keçirilir.

"Şərq qapısı" xəbər verir ki, film məkanın tarixini yalnız vizual deyil, həm də “eşidilən” və “hiss edilən” təcrübəyə çevirərək mədəni yaddaşın vizual-akustik rekonstruksiyası kimi təqdim olunur. Layihə Ordubadın zəngin tarixi, etnoqrafiyası, çoxqatlı adət-ənənələri və İslam mədəniyyətinin izlərini kompleks şəkildə əks etdirməyi hədəfləyir.

Çəkilişlər 2026-cı ilin mayında başlanacaq. Ekran əsəri klassik sənədli yanaşmadan fərqli olaraq etnoqrafiya ilə musiqini vahid dramaturji xətdə birləşdirir. Şəhərin məhəllələri, dini-memarlıq abidələri və təbii landşaftı tarixi yaddaşın canlı hissəsi kimi təqdim edilir.

Filmdə səslənəcək “Mingis”, “Ambaras”, “Sərşəhər” kimi bayatılar məkanın kollektiv yaddaşı ilə emosional bağ yaradır. Çəkilişlər Ordubad Came məscidi də daxil olmaqla autentik məkanlarda aparılacaq.

Filmin xronometrajı, təxminən, 45 dəqiqədir. İstehsalın yayda tamamlanması və beynəlxalq platformalarda nümayişi planlaşdırılır.

Ordubadın mədəni statusu dövlət siyasətində mühüm yer tutur: şəhərə 1977-ci ildə Heydər Əliyev tərəfindən qoruq statusu verilib, 2024-cü ildə isə İlham Əliyevin Sərəncamı ilə "Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb. 2026-cı ilin fevralında şəhərin ISESCO-nun İlkin Siyahısına daxil edilməsi onun beynəlxalq əhəmiyyətini təsdiqləyir.

Layihə qeyri-maddi irsin qorunması və Azərbaycan mədəniyyətinin beynəlxalq təqdimatı baxımından əhəmiyyətlidir və “Azərbaycan Mədəniyyəti–2040” konsepsiyasının prioritetlərinə uyğun olaraq mədəni irsin kreativ transformasiyasını nümayiş etdirir.

Nəşr edilib : 28.04.2026 09:44