NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Onlayn alış-veriş ənənəvi bazarlara rəqib olurmu?

...

Texnologiyanın sürətli inkişafı həyatımızın bir çox sahəsini dəyişdiyi kimi, alış-veriş vərdişlərimizi də köklü şəkildə yenidən formalaşdırır. Bir vaxtlar insanların əsas seçim ünvanı olan ənənəvi bazarlar və mağazalar bu gün onlayn alış-veriş platformalarının güclü rəqabəti ilə üz-üzə qalıb. İstər geyim, istər məişət əşyaları, istərsə də gündəlik tələbat məhsullarınş artıq bir kliklə evdən çıxmadan sifariş etmək mümkündür. Bu isə ənənəvi bazarlarda fəaliyyət göstərən satıcıların vəziyyətini getdikcə çətinləşdirir.

Ənənəvi bazarda uzun illərdir satıcı kimi çalışan Hüseyn Ocaqquliyev bu dəyişikliklərin gündəlik işinə ciddi təsir göstərdiyini deyir. Onun sözlərinə görə, əvvəllər dükana gətirilən mallar qısa müddətdə satılıb tükənirdisə, indi isə vəziyyət tamamilə fərqlidir: “İndi insanlar alış-veriş üçün daha çox telefona, internetə üstünlük verir. Bizim kimi satıcıların işi isə xeyli çətinləşib. Mən əvvəllər dükana çoxlu mal gətirirdim, çünki müştəri gəlirdi, alış-veriş edirdi. İndi isə müştəri yoxdur, ona görə də çox mal gətirmirəm. Kirayə qiymətləri isə olduqca yüksəkdir, 1500-2000 manat arasında dəyişir. Müştəri olmadığı üçün bəzən həmin pulu ödəməkdə çətinlik çəkirik. Bu da bizi çıxılmaz vəziyyətə salır.”

Hüseyn Ocaqquliyev deyir ki, onlayn alış-verişin əlçatanlığı, qiymətlərin nisbətən aşağı olması və evə çatdırılma imkanları alıcıları cəlb edir. Ənənəvi mağazaların üstünlükləri olsa da, bu üstünlüklər çox vaxt insanların həyat tərzinə uyğun gəlmir. “Müştəri artıq telefonla sifariş verir, qapısına gətirirlər. Bu da bizim işimizə öz təsirini göstərir,” – deyə o vurğulayır.

O, söhbətini davam etdirərək bildirir ki, indiki şəraitdə ən böyük problem yalnız müştəri qıtlığı deyil, həm də satıcıların gələcək barədə narahatlığıdır: “Əvvəllər mal gətirəndə əmin idim ki, ən geci bir-iki həftəyə satılacaq. İndi isə aylarla qalır. Mallar satılmadıqca üzərinə əlavə xərc gəlir. Həm saxlanmasına, həm də dükanda qalmasına görə. Kirayə isə sabit qalır, üstəlik elektrik, kommunal xərclər də var. Ən pisi isə odur ki, müştəri azaldıqca, mən də məcbur olub mal çeşidini azaldıram. Çünki çox mal gətirsəm, satılmayacaq. Bu həm alıcı, həm də satıcı üçün çıxılmaz vəziyyətdir.”

Ocaqquliyev qeyd edir ki, bazarlarda satıcı olmaq əvvəllər gəlirli peşə sayılırdısa, indi isə riskli işə çevrilib. Onun sözlərinə görə, əksər satıcılar bu vəziyyətdən çıxış yolu axtarır: “Bəziləri onlayn satışa keçməyə çalışır, amma bunun da öz çətinlikləri var. Əlavə reklam xərci, çatdırılma, qaytarma məsələləri. Digərləri isə ümumiyyətlə dükanını bağlayır. Mənim tanıdığım çoxlu həmkarlarım var ki, illərlə bu işlə məşğul olub, amma indi kirayə pulunu ödəyə bilmədiyi üçün məcburən başqa sahəyə yönəlib.”

Satıcının fikrincə, dövlətin və yerli qurumların da müəyyən dəstəyi vacibdir: “Əgər ənənəvi bazarlar tamamilə boşalsa, bu, iqtisadiyyat üçün də yaxşı olmaz. Çünki onlayn platformalar əsasən xarici şirkətlərə bağlıdır, qazancın böyük hissəsi ölkədən kənara gedir. Amma bazarda satıcı işləyəndə həm vergilər, həm də yerli iqtisadi dövriyyə formalaşır. Ona görə də müəyyən güzəştlərin edilməsi, məsələn, kirayə haqlarının azaldılması, bazarların modernləşdirilməsi vacibdir. Yalnız bu halda ənənəvi bazarlar rəqabətə tab gətirə bilər.”

Bununla belə, hər kəs yalnız onlayn alış-verişi üstün tutmur. Həm ənənəvi, həm də internet üzərindən alış-veriş edən Rahimə Əlizadə bu barədə öz fikirlərini bölüşür: “Mən bəzən onlayn alış-veriş edirəm, çünki vaxtım olmur, rahatdır, qiymətlər də münasib olur. Amma hər zaman da internetdən sifariş etmirəm. Məsələn, geyim və ayaqqabı alanda onları görüb, toxunub, yoxlayaraq almaq istəyirəm. Çünki onlayn sifariş verdikdə bəzən ölçü düz gəlmir, ya da gözlədiyim keyfiyyətdə olmur. Ona görə də mağazaya gedirəm. Məncə, ən yaxşısı ikisini də istifadə etməkdir.”

Rahimə Əlizadənin sözlərindən də aydın olur ki, müasir dövrdə alıcıların seçimləri bir qədər dəyişib. İndi insanlar rahatlığı, vaxt qənaətini və əlçatanlığı nəzərə alaraq alış-veriş metodlarını fərqləndirirlər. Ənənəvi bazar və mağazalar məhsulu görmə, yoxlama və dərhal əldə etmə üstünlüyünə malikdirsə, onlayn alış-veriş də sürət və rahatlıq təmin edir.

Ümumiyyətlə, bazar iqtisadiyyatı hər zaman rəqabət üzərində qurulub. Onlayn platformaların yüksəlişi ənənəvi bazarların tamamilə sıradan çıxacağı demək deyil. Sadəcə, yeni dövrün şərtlərinə uyğunlaşmaq lazımdır. Satıcılar daha çox müştəri cəlb etmək üçün xidmətlərini yeniləməli, müasir marketinq üsullarından istifadə etməli, hətta bəzi hallarda özləri də onlayn satışa yönəlməlidirlər.

Beləliklə, “onlayn alış-veriş ənənəvi bazarlara rəqib olurmu?” sualına cavab aydındır, bəli, rəqib olur. Lakin bu rəqabət bir tərəfin tamamilə uduzub sıradan çıxması ilə nəticələnməyə də bilər. Çünki hər iki üsulun öz alıcı kütləsi, öz üstünlükləri var. Sadəcə, zaman dəyişir və dəyişən dövrün tələblərinə ayaq uyduran qalib gəlir.

Onlayn alış-verişin artması ilə bağlı müzakirələrdə ən çox səslənən sual budur: ənənəvi bazarlar gələcəkdə sıradan çıxacaqmı? Bu suala qəti cavab vermək çətin olsa da, aydın görünür ki, dəyişən dövr hər iki alış-veriş modelini özünəməxsus formada saxlayacaq. Ənənəvi bazarların üstünlükləri hələ də çoxdur, alıcı məhsulu əlinə götürür, qiymətləndirir, satıcı ilə üz-üzə danışır, bəzən isə qiymət üzərində razılaşma aparmaq imkanı qazanır.

Lakin etiraf etməliyik ki, müasir dövrdə insanların həyat ritmi xeyli sürətlənib. İş, təhsil və digər sosial fəaliyyətlərə vaxt ayırmaq üçün alış-veriş prosesini qısaltmaq zərurəti yaranır. Bu halda onlayn platformalar ən uyğun seçimə çevrilir. Xüsusən də gənclər arasında bu vərdiş sürətlə yayılır. Onlar texnologiyaya daha asan uyğunlaşır və vaxt itkisini minimuma endirmək istəyirlər.

Satıcının sözlərindən də göründüyü kimi, ənənəvi mağazaların mövcud vəziyyəti asan deyil. Yüksək kirayə haqları, azalan müştəri axını və rəqabətin kəskinləşməsi onları çətinliklər qarşısında qoyur. Bununla belə, çıxış yolu da var, bazar iştirakçıları müasir dövrün reallıqlarına uyğunlaşmalıdır. Yəni yalnız ənənəvi üsullarla işləmək yox, paralel şəkildə onlayn satış imkanlarından da istifadə etmək zəruridir.

Müştərilərin fikirlərinə əsasən, insanların böyük bir hissəsi hələ də hər iki variantdan faydalanır. Onlar bəzən sürətli və rahat onlayn alış-verişə üstünlük verir, bəzən də ənənəvi bazarın canlı mühitini seçirlər. Bu isə sübut edir ki, hər iki tərəf, yəni həm onlayn, həm də ənənəvi bazarlar öz müştərisini tapır. Sadəcə, müasir dövrdə müştəri uğrunda daha ciddi mübarizə gedir.

Bir sözlə, texnologiyanın gətirdiyi yeniliklərə uyğunlaşan satıcı və alıcı hər zaman qazanacaq. Ənənəvi bazar isə öz ruhunu və müştəriyə verdiyi güvəni qoruduğu müddətcə heç vaxt tamamilə unudulmayacaq.                      

Elnurə CƏFƏROVA

Nəşr edilib : 28.08.2025 19:25