NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Onların dünyası bizim düşündüyümüzdən daha rənglidir – Ümumdünya Autizm Məlumatlandırma Günü

...

Bu gün – 2 aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür. Biz də bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə üz tutaraq həyatı fərqli şəkildə dərk edən uşaqlarla tanış olmaq istədik. Burada keçirdiyimiz vaxt ərzində anladıq ki, bu uşaqlar dünyanı bizim gördüyümüz kimi deyil, özünəməxsus rənglər və hisslərlə yaşayırlar. Onların hər biri xüsusi diqqət, sevgi və anlayış tələb edir. Autizm xəstəlik deyil, fərqli düşünmə və hiss etmə tərzidir.

Mərkəzdə olduğumuz zaman təlimçi-psixoloq Leyla Hacıyeva ilə də həmsöhbət olduq. Onun sözlərinə görə, autizm uşaqlığın ilk üç ili ərzində özünü göstərən və sosial ünsiyyət, davranış sahələrində çətinliklərlə müşayiət olunan kompleks inkişaf pozuntusudur. Bu sindrom məhdud maraq dairəsi, təkrarlayıcı hərəkətlər və sosial qarşılıqlı əlaqənin zəifliyi ilə xarakterizə olunur. Autizmin həm yüngül, həm də ağır formaları mövcuddur və hər bir uşaqda fərqli şəkildə təzahür edir.

Psixoloq qeyd edir ki, autizmli uşaqlar çox zaman ətraf mühitə qarşı laqeyd görünə bilirlər. Onlar çağırıldıqda reaksiya verməmək, göz təması qurmamaq və suallara cavab verməmək kimi davranışlar nümayiş etdirirlər. Eyni zamanda bu uşaqlar fırlanan əşyalara xüsusi maraq göstərir, təkrarlayıcı hərəkətləri uzun müddət davam etdirə bilirlər. Sosial adaptasiya isə autizmli uşaqlar üçün ən çətin sahələrdən biri hesab olunur. Onlar qrup oyunlarına qoşulmaqda, sosial qaydalara riayət etməkdə və emosional əlaqə qurmaqda çətinlik çəkirlər. Təqlid qabiliyyətinin zəif olması onların öyrənmə prosesinə də təsir edir, bu isə gündəlik həyat və özünəxidmət bacarıqlarının daha gec formalaşmasına səbəb olur.

Leyla Hacıyeva bildirdi ki, autizmin konkret yaranma səbəbi tam müəyyən edilməsə də, genetik faktorlar və müxtəlif sosial-psixoloji təsirlər bu prosesdə rol oynaya bilər. Statistikaya görə, autizm oğlanlarda qızlara nisbətən daha çox rast gəlinir. Autizmli uşaqların inkişafında erkən müdaxilə həlledici əhəmiyyət daşıyır. Uşaqların erkən yaşlardan xüsusi təlimlərə cəlb olunması onların psixoloji, sosial və nitq bacarıqlarının inkişafına ciddi təsir göstərir. Düzgün qiymətləndirmə və fərdi yanaşma ilə qurulan təlim proqramları uşaqların potensialını üzə çıxarmağa imkan verir. Bu istiqamətdə Naxçıvan Regional İnformasiya Mərkəzində mühüm işlər görülür. Burada autizmli uşaqlar üçün defektoloji xidmətlər, təlim-bərpa proqramları, eləcə də musiqi, rəsm və əmək terapiyası təşkil olunur. Təlim otaqlarında uşaqların idrak və psixoloji bacarıqları inkişaf etdirilir, xüsusi məşğələlər vasitəsilə onların ünsiyyət qabiliyyətləri gücləndirilir. Mərkəzdə aparılan məqsədyönlü və davamlı işin nəticəsi olaraq bəzi uşaqlar sonradan ümumtəhsil məktəblərində təhsil almaq səviyyəsinə çatırlar. Bu isə bir daha sübut edir ki, düzgün yanaşma, səbir və sevgi ilə autizmli uşaqların inkişafı mümkündür.

Biz də həyatlarını rəngli və fərqli şəkildə yaşayan bu uşaqları daha yaxından tanımaq istədik. Onlardan biri mərkəzin benefisiarı Rüstəm Rüstəmovdur. O, musiqiyə olan xüsusi həssaslığı və ritmləri dəqiqliklə təkrarlamaq bacarığı ilə seçilir. Rüstəmin ifaları dinləyicilərdə dərin emosional təsir yaradır və onun potensialını düzgün istiqamətləndirildikdə hansı nəticələr verə biləcəyini aydın şəkildə nümayiş etdirir.

Digər bir nümunə isə Yusif Qasımlıdır. O, rəssamlıq sahəsində özünəməxsus yanaşması ilə diqqət çəkir. Yusif çəkdiyi rəsmlərdə daxili dünyasını rənglər və formalar vasitəsilə ifadə edir. Çəkdiyi rəsmlər ilə izləyicilərdə dərin təəssürat yaradır. Bu kimi nümunələr bir daha göstərir ki, autizm sindromu məhdudiyyət deyil, fərqli inkişaf xüsusiyyətidir. Əsas məsələ bu uşaqları anlamaq, onların fərqliliyini qəbul etmək və potensiallarını üzə çıxarmaq üçün onlara düzgün şərait yaratmaqdır.

Ümumdünya Autizm Məlumatlandırma Günü isə cəmiyyətə bir daha xatırladır ki, fərqliliklər bizi ayırmır, əksinə, daha da zənginləşdirir. Autizmli uşaqların cəmiyyətə inteqrasiyası hər birimizin diqqəti və həssas yanaşması ilə mümkündür.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 02.04.2026 10:09