NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Ömrün kitab rəfləri

...

Yetmiş bir yaşın astanasında dayanan, baxışlarında həm tarixin yorğunluğu, həm də öyrənməyin bitmək bilməyən parıltısı olan Vidadi Qasımovla üz-üzəyik. O, Məmməd Səid Ordubadi kitabxanasının ən sadiq, bəlkə də, ən qocaman oxucusudur. Söhbətimizə başlayanda o, bizi uzaq uşaqlıq illərinə, Naxçıvanın ozamankı sadə, lakin mənəviyyatla dolu atmosferinə aparır: “O vaxtlar Naxçıvanın tozlu küçələrində cəmi bir kitab mağazası var idi və o mağaza elə bil dünyaya açılan yeganə pəncərə idi. O illərdə kitab tapmaq indiki kimi bir barmaq toxunuşu qədər asan, hər kəs üçün əlçatan deyildi. Evlərin çoxunda kitab rəfləri nadir tapılan bir lüks, intellektual bir zənginlik göstəricisi idi”.

Məktəblərdə verilən dərs vəsaitləri məhdud idi, lakin onun atasının kitaba olan münasibəti balaca Vidadinin gələcək taleyini cızırdı. Atası tək-tük mağazadan kitablar alıb gətirər, hələ altı yaşında məktəbə qədəm qoyan bu maraqlı uşağın suallarına səbirlə cavab verərmiş. O dövrdə uşaqların əksəriyyəti məktəbə yeddi-səkkiz yaşlarında getsələr də, Vidadi müəllim elm yoluna erkən çıxmışdı. Gülümsəyərək o günləri belə xatırlayır: “O vaxtlar oxuduqlarımın çoxunu, bəlkə də, tam dərk etmirdim, amma hərfləri düzgün qavramaq, sözləri səhvsiz oxumaq mənim üçün ən böyük uğur idi. Üç sözü yan-yana gətirib oxumaq mənə dünyaları verirdi. Atam deyirdi ki, bu kitab vətənimizin tarixidir, o birisi isə inkişafımızdan bəhs edir. Beləcə, mən hələ uşaqkən böyük həqiqətlərin qapısını döyməyə başladım”.

Gənclik illərində kitab oxumaq onun üçün bir vərdişdən daha çox, təbii ehtiyaca, ruhun ayrılmaz bir hissəsinə çevrilir. Müxtəlif mövzularda olan əsərləri su kimi içən Vidadi müəllimin ruhunun əsas qidası isə tarix imiş. Lakin bu yol həm də ağrılı bir dərketmə yolu imiş. Yetmiş illik ömür payında o, acı bir həqiqətlə qarşılaşmışdı: “Onilliklərboyu oxuduğum, üzərində “gözümün nurunu tökdüyüm” bir çox tarix kitabları, əslində, saxta ideologiyaların məhsulu imiş. Əslində sistem xalqın keçmişini bizə olduğu kimi yox, öz istədiyi kimi təqdim edib. Amma yenə də ümidimi itirmədim. Mən müasir tarixçilərin, xüsusən də canı bahasına həqiqəti yazan Ziya Bünyadov kimi simaların fəaliyyətini böyük bir cəsarət nümunəsi kimi qiymətləndirirəm. İndi biz kimliyimizi, Oğuz qoluna mənsub türk olduğumuzu, bu torpaqların babalarımızdan qalan əbədi yurd olduğunu kitablar sayəsində daha dərindən və təhrifsiz bilirik. Osmanlıların da bizimlə eyni kökdən gəldiyini, amma fərqli qollardan boy atdığımızı öyrənmək mənim üçün milli mənlik şüurunun ən mühüm parçasıdır”.

Bu gün Vidadi müəllim eyni anda beş kitabı paralel oxuya bilən nadir oxuculardandır. Onun üçün vaxt qıtlığı anlayışı yoxdur, çünki o, vaxtı kitabla dəyərləndirməyi bir həyat fəlsəfəsinə çevirib. İndiki dövrün maddi imkanlarından, kitab bolluğundan və internetin gətirdiyi rahatlıqdan danışarkən gözləri parıldayır, lakin bu tərəqqinin insanı mənəviyyatdan uzaqlaşdıran tərəflərinə də toxunmadan keçmir. İnsanların iradəsinin zəifləməsindən, texnologiyanın əsirinə çevrilməsindən narahatdır. Telefonu “sinəsində saxlayıb” yatan, hər anını sosial şəbəkələrin yalan və ya təhrif olunmuş məlumatları ilə dolduran gəncliyi gördükdə ürəyi ağrıyır. Onun fikrincə, psixologiya inkişaf edir, məlumat əlçatan olur, amma insan iradəsi və şəxsiyyəti bu axına müqavimət göstərməyi bacarmalıdır.

Söhbətimizin sonunda Vidadi Qasımov, sanki bütün gənc nəslə bir yol xəritəsi verir: “Özünə dəyər verən hər bir kəs peşəsindən, vəzifəsindən asılı olmayaraq, mütləq öz keçmişini, tarixini dərindən öyrənməlidir. Çünki tarix, sadəcə, tozlu səhifələrdən ibarət deyil, həm də gələcəyə gedən yolun təməlidir. Sosial şəbəkələrin təhlükəli və təhrif olunmuş informasiya dənizində boğulmamaq, öz mənliyini qorumaq üçün yeganə çıxış yolu kitabın sarsılmaz sığınacağına qayıtmaqdır”.

Vidadi Qasımovun ömür yolu bizə sübut edir ki, kitabla dost olan insan heç vaxt mənəvi cəhətdən yaşlanmır. O hər yeni cümlədə yenidən doğulur, hər yeni kitabda dünyanı bir daha fəth edir. Onun üçün kitab oxumaq bir təfəkkür məsələsidir. Necə ki insan düşündükcə var olur, oxuduqca azadlaşır.

                   Elnurə CƏFƏROVA

Nəşr edilib : 19.02.2026 10:27