Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam muxtar respublikanın sosial-iqtisadi inkişafında mühüm mərhələnin əsasını qoyur. Dövlət başçısının bu qərarı su ehtiyatlarından səmərəli istifadənin təmin olunmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və yaşayış məntəqələrinin davamlı inkişafına xidmət edir.
Sərəncama əsasən 2026-2030-cu illər üçün nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində içməli su ilə təminatın yaxşılaşdırılması məqsədilə 40 subartezian quyusunun qazılması nəzərdə tutulur. Bu çərçivədə əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsini əhatə edən muxtar respublikanın 1 şəhərində, 3 qəsəbəsində və 33 kəndində mühüm infrastruktur layihələri həyata keçiriləcək.
Məsələ ilə bağlı fikirlərini bölüşən iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun sözlərinə görə, subartezian quyularının qazılması, hər şeydən əvvəl, əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş sosial əhəmiyyətli addımdır: “Bu tədbirlər aqrar sektorun inkişafına təkan verəcək, kommunal təminat sahəsində etibarlılığı gücləndirəcək və ölkənin sosial siyasətinin daha da möhkəmlənməsinə səbəb olacaqdır. Eyni zamanda kənd yaşayış məntəqələrinin məskunlaşma göstəricilərinin artması və əhalinin doğma yurd yerlərində qalmasının stimullaşdırılması baxımından da mühüm rol oynayacaq”.
Cavadxan Qasımov subartezian quyularının qazılmasının içməli su təminatının yaxşılaşdırılması baxımından mühüm iqtisadi əhəmiyyət daşıdığını bildirib: “Yeraltı su mənbələrindən istifadə su təminatında sabitlik yaradır, əhalinin fasiləsiz və keyfiyyətli içməli suya çıxışını təmin edir. Bu isə həm sosial rifahın yüksəlməsinə, həm də uzunmüddətli iqtisadi dayanıqlığın formalaşmasına şərait yaradır. Təmiz içməli suyun təmin edilməsi su vasitəsilə yayılan xəstəliklərin azalmasına səbəb olur. Nəticədə, səhiyyə xərcləri azalır, əmək qabiliyyətinin itirilməsi halları minimuma enir və ümumi məhsuldarlıq artır. Sağlam əhali isə iqtisadi aktivliyin yüksəlməsinə və yerli istehsalın davamlı inkişafına müsbət təsir göstərir. Subartezian quyularının qazılması ailə büdcəsinə də əhəmiyyətli qənaət imkanı yaradır. Sakinlər əlavə su xərclərindən və uzaq məsafələrdən su daşımaq zərurətindən azad olurlar. Vaxt və əmək itkisi azalır ki, bu da insanların digər iqtisadi fəaliyyətlərə daha çox vaxt ayırmasına imkan verir. Xüsusilə kənd yerlərində bu amil məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir”.
Ekspertin sözlərinə görə, su infrastrukturunun yaxşılaşdırılması yaşayış məntəqələrinin investisiya cəlbediciliyini də artırır: “Əmlakın dəyəri yüksəlir, kiçik sahibkarlıq subyektləri üçün daha əlverişli mühit formalaşır və yerli büdcəyə daxilolmalar artır. Bu proses regionun ümumi iqtisadi inkişafına əlavə stimul verir. Bununla yanaşı, subartezian quyularından əldə olunan suyun kiçik təsərrüfatlarda və həyətyanı sahələrdə istifadəsi kənd təsərrüfatı məhsuldarlığının artmasına səbəb olur. Məhsuldarlığın yüksəlməsi fermer gəlirlərinin artmasına, eyni zamanda ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə müsbət təsir göstərir”.
Ümumilikdə, subartezian quyularının qazılması ilkin mərhələdə investisiya tələb etsə də, uzunmüddətli perspektivdə sosial xərclərin azalması, iqtisadi fəallığın artması və əhalinin həyat səviyyəsinin yüksəlməsi ilə özünü doğruldan, yüksək iqtisadi səmərə verən mühüm dövlət layihəsidir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər