Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Şərur şəhərini iki yerə bölən bir dəmir yolu xətti var. Üstündə böyük bir körpü də inşa olunmuşdu sovetlər dönəmində. Bu həmin dəmir yoludur. Bakıdan gəlib, Mehridən keçib Şərur şəhərində insanları öz yurduna qovuşduran dəmir xətt. Bakıdan başlayıb Şərurda son dayanacaq olan yol. Və həm də vaxtilə rusların daş ürəkləri ilə döyüb düzəltdikləri maşa. Bu yol həm də İrəvana kimi uzanırdı. Uzaq Rusiyanın müxtəlif şəhərlərindən gələn qatarlar Ermənistanın dağlıq relyefinin əlverişsiz şəraitinin çətinliyinə görə məhz Mehridən Naxçıvan Muxtar Respublikası ərazisinə keçir, buradan Azərbaycan – Naxçıvan üzərindən İrəvana çata bilirdi. Müstəqilliyi yenicə qazandığımız o çətin günlərin birində Şərur sakinləri qatar yolunun üzərində toplaşıb həmin yolu kəsdilər. Çünki ermənilər Mehri yolundan keçən Bakı-Noraşen qatarının qarşısını kəsib sərnişinləri əsir götürmüşdülər.
Həmin gün Şərur şəhərindən keçən qatar yolunda toplaşan insanlar sanki dəmir səddə dönüb onlarla vaqondan ibarət yük qatarının qarşısını kəsib Mehridə baş verən hadisəyə öz etirazlarını bildirdilər. Bu həmin günlər idi ki, sovetlərin əcəl zənginin çalınmasından istifadə edən ermənilər Qarabağa və Naxçıvana silahlı hücumlar edir, Mehridən keçib gələn qatarların qarşısını kəsməklə qalmayıb insanlara xəsarət yetirir, onları qarət edirdilər. Naxçıvana gələn mavi yanacaq və elektrik xətti də ermənilər tərəfindən kəsilmişdi. Vaxtilə onlara peşkəş verilən Zəngəzur düşmənin əlində fürsətə çevrilmişdi.
Həmin çətin günlərdən sonra qatarlar gəlməz oldu. Şərur vağzalından qatar səsi kəsildi. Üstündəki körpü də söküldü dəmir yolunun.
Sonralar hər səhər tezdən tək bir qatarın siqnal səsi eşidilməyə başladı. Sadəcə, səhər 800-da Sədərəkdən Ordubada gedən tək bir qatarın... Və Şərur şəhər sakinləri səhər səkkizdə, günorta üçdə bu qatarın keçdiyi yola baxıb son Bakı-Noraşen qatarını xatırladılar. Hansı ki o qatarla əzizlərimiz Bakıdan evinə gəlirdi. Çox insanın xəyalları yaşayırdı axı bu perronda. Oğullarını uzaq Rusiyanın ucqar yerlərinə hərbi xidmətə göndərən anaların gözləri aylarla bu yolda qalmış, elə vaxt olmuşdu ki, Bakı-Noraşen qatarında Şərura gəlin belə gətirmişdik. Bəzən də arxasınca baxa bilmədiyimiz qatarlar yola salmışdıq son stansiyadan. Elə ona görə də bu yol təkcə dəmir relslər deyil bizim üçün, həm də keçmişin xatirələrinin yaşandığı bir yol olmuşdu. Bir gün yenə də səhər-səhər bu perrona çatan, insanları bir-birinə qovuşduran Bakı-Şərur qatarının səsini eşitmək ümidi ilə yollara baxmışdıq.
Nə az, nə çox, 35 il... Amma heç vaxt ümidimizi itirməmişik. Çünki biz illərdir, öz mətanəti, dözümü ilə ən böyük güclərə meydan oxuyan bir millətin övladıyıq. Çünki bizim siyasətin şahmat lövhəsində ən əlverişli variantını qurmağı bacaran liderimiz var. Heç vaxt populist vədlərlə arxayınlıq təbliğatından istifadə etməyən, reallığa əsaslanan bir Prezidentimiz var. Bəli, reallığa və xalqına arxalanan lider. Öz ordusu ilə xalqına arxalanıb Zəfər yolu açan lider bu yolu da açır artıq. Tezliklə Bakı-Şərur qatarı hərb meydanında və siyasi masada qazanılan qələbə ilə çəkilən yolla Şərur şəhərinə çatacaq və səhərin sakitliyində eşidilən qatar səsi lap yaxınlıqda yerləşən Şərur Şəhidlər xiyabanında uyuyan Vətən oğullarının ruhunu şad edəcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər