Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Burada, bu kənddə doğulub, böyüyüb o. Bu yoldan keçən ilk qatarın da, son qatarın da səsini eşidib. Söhbətcildir Əhməd baba, baxır yollara, başlayır söhbətə:
“Bu dəmir yolu stansiyasından son qatar ötən əsrin 90-cı illərində keçmişdi, Kotam kəndinin sakinləri son fit səsini həmin gün eşitdilər. İllərdir, gözlər bu yolda qalıb. Çox səssiz olmuşdu gedişi. Baharın güllü-çiçəkli bir aprel günündə, 1992-ci ildə bu yoldan keçən qatarın dalınca baxanda ağlıma belə gəlməzdi ki, bu son qatar olacaq. Həmin günlər bizim, biz naxçıvanlıların ən çətin günləri idi. Yüz illər öncədən başlayan və qədim Azərbaycanı yarımcan edən planlar sayəsində biz anamız Azərbaycandan ayrı düşmüşdük. Sovetlər birliyi dönəmində bu yol açıq və təhlükəsiz olsa da, 1988-ci ildən sonra yollardan keçən avtomobil və qatarlara qənim kəsilən erməni quldurları öz fitnə-fəsadını işə salmışdı. Yolu kəsir, insanların üst-başlarını talan edirdilər.
Yaxşı yadımdadır, deyirdilər, ilk qatar 1941-ci ildə keçib buradan. Bakıdan Naxçıvana gələn qatar ilk olaraq burada (əli ilə köhnə binanı – Salamməlik stansiyasını göstərir) dayanırdı. Kimisi Bakıdan, Füzulidən, Şuşadan gələn qonağını, kimisi hərbi xidmətini bitirib qayıdan övladını, kimisi isə yaxınlarını qarşılayırdı. Bir də görürdün, insanların səs-küyü Arazın şaqqıltısına qarışıb. Gəlin də gəlirdi bəzən bu qatarlarda Naxçıvana. Elə buradaca bir-birinə qovuşub sevinən insanlar, toy yiyələri ilə əl-ələ tutub yallı gedirdi”.
Gözləri dəmir relslərə zillənir, davam edir söhbətinə: “Bu stansiyadan Ağbəndə qədər 54 kilometrdir. Vaxt var idi, Zəngilandan, Füzuli rayonunun Horadiz qəsəbəsindən keçən qatarlar bizi Bakıya çatdırardı. İstədiyimiz vaxt gedərdik Bakıya, Zəngilana (köks ötürür). Bax bu gördüyünüz bağların ağacların (kənddəki xurma bağlarını göstərir) çoxunun tingini Qarabağdan gətirib kənd sakinləri həmin qatarlarla. Bu yollar 33 ildir ki, bizə dərd olub. Gecə-gündüz Arazın o tayında dağ yollarından keçib gələn avtobuslara, yük maşınlarına baxıram. Görən qatar nə vaxt gələcək ki, yollarımız yaxınlaşsın deyə düşünürəm. Artıq 87 yaşım var, sözün düzü, Vətən müharibəsi başlayana qədər ümidim az idi, bir də o qatarla Zəngilana gedə biləcəyimə. 2020-ci ildə igid oğullarımız bir həmlədə torpağımızı azad etdi və ümidlərimiz yenidən doğuldu. Talenin qismətinə baxın ki, atası Naxçıvanı 90-cı illərdə yox olmaq təhlükəsindən qurtarmışdı, oğlu, igid sərkərdə İlham Əliyev isə bizim bağlı yollarımızı açıb. Qələbədən sonra özümə ömür arzulayıram o günü görmək üçün. Vətən oğluna olan inancım məni yaşamağa səsləyir. Paytaxtdan illər sonra gələcək ilk qatarı qarşılamağa tələsirəm. Salamməlik stansiyasında xalqın Müzəffər Sərkərdəsini görüb ruhun şad olsun, Ulu Öndər, yurdun, doğma Naxçıvanın ana Vətənə qovuşdu demək üçün”.
Bütün Naxçıvan gözləyir həmin günü. Qəlbimiz dilə gəlir Zəngəzur deyəndə. Ruhumuz qanad açıb yüz il öncə düşmənə peşkəş verilən o yurdların başı üzərində dolanır. Keçmişə boylanır, bu torpağın sakinlərinin necə çətin günlərdən keçib bu günə gəldiyini görürük. Biz ki, dünyanı lərzəyə gətirən Teymurləngə 14 il boyun əymədik, biz ki, qəlbimizdəki Vətən sevgisini silaha çevirib düşmənə qalib gəldik, biz ki, Vətən oğlunun ətrafında birləşib, “dəmir yumruğ”a dönüb torpağımıza göz dikən mənfurları darmadağın etdik, bunu da bacaracağıq. Çünki bu dövlətin Ata vəsiyyətini yerinə yetirən, hər sözünə sadiq olan, ürəyində bütöv Azərbaycan sevgisi daşıyan, damarında qanla bərabər Vətən sevgisi axan rəhbəri, Vətən oğlu var. Həmin gün gələcək və illər sonra qədim Azərbaycan torpağı olan Mehridən keçib Salamməlik stansiyasına daxil olan qatarın fit səsi təkcə Kotam kəndinin sakinlərini yox, bütün dünyanı oyadacaq. O qatar ünvanına çatacaq yerinə yetirilən bütün sözlər kimi.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər