NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

O bizim könlümüzdən ayrılmayan can, ürəyimizin bitməz sevgisidir

...

2003-cü ilin soyuq dekabr günü Bakı şəhərinin üzərinə sanki bir sükut çökmüşdü. O səs-küylü şəhər sanki susmuşdu. Yol kənarlarında yüzlərlə insan toplaşıb Onun yolunu gözləyirdi. Xalqın Heydər Əliyevə olan sevgisi göz yaşına dönüb yanağına süzülmüşdü. Əbədiyyətə yollanan Ulu Öndərin tabutunun keçəcəyi yollara sərilən güllər, qərənfillər, arxasınca Fəxri xiyabana gedən insan seli... Bunun bircə adı var – xalq sevgisi. Həmin gün axşam qaranlıq düşənə kimi xalqımızın və dövlətimizin xilaskarı, müasir Azərbaycanın memarı, uşaqlıq xatirələrimin qəhrəmanı Heydər Əliyevin məzarının başına getmək üçün insan selinin azalmasını gözlədim. Gecə saatlarında ay işığında gül-çiçəklərdən ucalan bir dağın – məzarın qarşısında dayanmışdım. Canı, varlığı qədər sevdiyi Azərbaycanın hər qarışında bitən çiçəklərin hamısı sanki toplanıb Onun məzarına “gəlmişdi”. Bircə Şuşadan, Laçından, Kəlbəcərdən başqa. Güllərdən ibarət o dağa – xalqın Ulu Öndərinə olan sevgisindən yaranan o gül dağına baxanda ürəyimdən keçən sözləri “Bütün çiçəklərdən var, bircə xarıbülbül yoxdur” oldu. 
Bəli, bircə xarıbülbül yox idi. O an Ulu Öndərin son çıxışındakı sözləri duydum sanki: “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək”.
Onun axıra çatdıra bilmədiyi ən böyük taleyüklü məsələ Azərbaycanının bütövlüyü, Şuşaya, Kəlbəcərə getmək isə ən böyük arzusu idi. Damarında qanla birlikdə Vətən sevgisi axan hər bir azərbaycanlı kimi. Bu xalq həmin gün müstəqil Azərbaycanın böyük oğlunu, ömrünün yarısından çoxunu xalqına fəda edən vəfalı övladını cismən itirib, onu çox sevdiyi Vətən torpağına tapşırsa da, ayrılmadı könül candan, çünki könülü candan ayırmağa gücü yetməz ölümün. 
O ki bir xalqın xilasedicisi, atasıdır. Bu Vətənin bütövlüyü, zəfəri, xoş gələcəyidir. Onun gəlişi ilə aydınlanmışdı qaranlıq günlərimiz. Soyuq sinif otaqları işıqlı, isti məktəblərlə əvəz olunmuşdu. Yaşadığımız rayonun hər yerinə düşən, uşaqları şəhid edən “alazan”ların səsi Onun gəlişindən sonra kəsilmişdi. Torpağımıza göz dikən düşmənin gözü dahi rəhbərin gəlişi ilə kor olmuşdu. İsti çörək gəlmişdi təknəmizə, soyuq qış gecələri isinmişdi. Səngərdə döyüşən əsgər Heydər Əliyevi öz yanında görüb daha da cəsarətli olmuşdu. Evindən didərgin düşən insanlar Ona sığınıb təsəlli tapmışdılar. İnanmışdılar öz evlərinə dönəcəklərinə. Qardaş qanı dayanmışdı Heydər Əliyevin gəlişi ilə. Azərbaycan yox olmaqdan qurtarmışdı. 
Həmin gündən sonra aydınlıq olmuşdu bu xalqın sabahları və olacaqdı da. Biz bunu yaşayıb gördük. Yaşadıq və zaman dahi rəhbərin bütün bəlalardan xilas edib ayağa qaldırdığı Azərbaycanı əmin əllərə əmanət etdiyini sübut etdi. Onun bizdən cismən ayrıldığı gündən 17 il sonra bu xalq Ulu Öndərinin vəsiyyətini yerinə yetirən Müzəffər Sərkərdənin dahi rəhbərin məzarı önündə “Tapşırıq yerinə yetirildi”, – dediyini eşidəndə bir daha əmin oldu əmanətin əmin əllərdə olduğuna. Və həmin gün xarıbülbül çiçəyi də gəldi Ulu Öndərin məzarına. “Şuşa sən azadsan” sözləri ilə... 
Həmin gündən, Onun Vətən torpağına əbədiyyən köçdüyü gündən 22 il keçir. Yenə həmin yerdə dayanmışan, dahi rəhbərin məzarı, əzəmətli abidəsinin qarşısında. Yenə tər güllər, yenə insan seli, torpağına, öz ocağına illər sonra dönən gözü yaşlı bir ana əlində bir dəstə çiçəklə, ürəyində minnətdarlıq hissi ilə gəlib Onun ziyarətinə. Dayanıram kənarda və izlədikcə bu mənzərəni gözümün önündə canlanır ilk dəfə dahi rəhbəri çətin günlərdən birində Naxçıvanda görməyim. İnsanların Ona olan inamı və sevgisi gəlir gözlərim önünə. Və öz-özümə deyirəm ki, bu xalqın qəlbinin sönməz əbədi günəşi, vəfalı oğlu, bu Vətən var olduqca, var olacaqsan. O an sanki səsini duyuram dahi rəhbərin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda həmişə olacağam”. O hər zaman var olacaq, çünki bu Vətənin hər daşında, torpağında Onun izi var. Çünki başımız üstə dalğalanan müqəddəs bayraq ilk dəfə xalqın Heydər oğlunun əllərində göylərə yüksəlib. O dirçələn, çiçəklənən Azərbaycandır. O, Qarabağda yanıb düşməni kor edən sönməz günəşdir. O bizim könlümüzdən ayrılmayan can, ürəyimizin bitməz sevgisidir. Bu sevgi – Heydər Əliyev sevgisi bizim ürəyimizdən övladlarımıza keçəcək və daim yaşayacaq. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 12.12.2025 16:27