NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Nitq qüsurları: bunu yaradan səbəblər nələrdir?

...

Nitq insanın əsas ünsiyyət vasitələrindən biri olmaqla yanaşı, onun cəmiyyətlə əlaqə qurmasında, fikirlərini ifadə etməsində mühüm rol oynayır. Nitqin düzgün inkişafı insanın sosiallaşmasında, təhsil almasında və psixoloji vəziyyətində mühüm əhəmiyyət daşıyır. Lakin bəzi hallarda uşaqlarda və ya böyüklərdə nitqin formalaşması zamanı müəyyən qüsurlar yarana, belə nitq pozuntuları insanın gündəlik həyatına mənfi təsir göstərə bilər. Mövcud nitq qüsurlarının yaranma səbəblərini anlamaq onların qarşısının alınması və düzgün müdaxilə yollarının seçilməsi baxımından vacibdir.

Bəs nitq qüsurlarını yaradan səbəblər hansılardır? Bu və bu kimi sualların cavabını öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru defektoloq-loqoped Minurə Musayeva ilə həmsöhbət olduq.

O bildirdi ki, mərkəzin xidmətlərindən əlilliyi müəyyən olunmuş şəxslər, məhdud fiziki imkanlılar, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və aztəminatlı ailələr faydalanır. Burada benefisiarlara ilkin psixoloji dəstək göstərilir və onların ehtiyaclarına uyğun bölmələrə yönləndirilməsi təmin olunur.

Mərkəzdə bölmələr yaradıcılıq və reabilitasiya olmaqla, iki istiqamətə ayrılır. Belə ki, mərkəzə gələn hər bir şəxs ilk olaraq psixoloji dəstək xidmətində yoxlanılır və hansı bölməyə yönəldilməsi haqqında psixoloq tərəfindən rəy verilir. Nitq pozulmaları haqqında danışarkən ən çox üzə çıxan sual isə belədir: “Bəs nitq pozulmalarına ən çox səbəb olan amillər hansılardır?”Müsahibim diqqətimizə çatdırdı ki, nitq pozuntularının yaranma səbəbləri müxtəlif ola bilər. Genetik faktorlar, psixoloji travmalar, ailədə ikidillilik, sosial-məişət şəraitinin əlverişli olmaması, hamiləlik və doğuş zamanı travmalar, uşağın 1 yaşadək keçirdiyi müxtəlif xəstəliklər, kəllə-beyin zədələnmələri, eşitmə problemləri və sair.

Minurə Musayevanın sözlərinə görə, nitq pozuntusu insanların, xüsusən də uşaqların sözləri düzgün tələffüz etməməsi, cümlələri qurmaqda çətinlik çəkməsi və danışıq ritmində, səlisliyində nöqsanların olmasıdır. Uşaqlarda nitq pozuntusu 2-5 yaş arasında özünü göstərir. Bu pozuntu uşağın inkişaf prossesi ilə bağlıdır. Uşaqlarda vaxtında aşkarlanan və müdaxilə edilən nitq pozuntusu tezliklə aradan qalxa bilər. Lakin valideynlər mütəxəssis seçimində diqqətli olmalıdır. Hər şeydən öncə uşağa düzgün şəkildə diaqnoz qoyulmalıdır. Qeyd etmək lazımdır ki, bəzən valideynlər uşağın nitqində problem olduğunu zənn edərək loqopedə yönləndirirlər. Amma nitq müxtəlif psixoloji səbəblərdən də gecikə bilər. Əgər uşağın nitqi bu səbəbdən ləngiyibsə, bu zaman o, ilk olaraq loqopedə deyil, psixoloqa, psixopedaqoqa aparılmalıdır. Çünki uşağın nitqi onun psixi inkişafı ilə əlaqədardır. Ümumiyyətlə, loqopedik və psixoloji terapiyaların uğurlu nəticəsi həm uşağın vəziyyətinə, həm də ailənin dəstəyinə bağlıdır. Ancaq  böyüklərdə olan nitq pozuntusu daha çox patoloji hallardan meydana gəldiyi üçün aradan qaldırılması zaman ala bilər.

Minurə Musayeva valideynlərə tövsiyə edərək deyir ki, onlar mütəmadi olaraq övladları ilə ünsiyyətdə olmalı, onların suallarına səbirlə cavab verməli, xüsusən üç yaşınadək televizor, telefon və planşet istifadəsini məhdudlaşdırmalıdırlar. Və təbii ki, övladlarının nitqində hər hansı nöqsanı aşkar etdikləri zaman mütəxəssislərə müraciət etməlidirlər. Bununla əlaqədar olaraq mərkəzdə nitq pozuntularından əziyyətçəkən uşaqlarla paralel olaraq həm psixoloji, həm də loqopedik istiqamətdə terapiyalar keçirilir. Belə ki, ehtiyac duyulduğu təqdirdə bu kateqoriyadan olan uşaqlara loqoped tərəfindən loqopedik masajlar da tətbiq edilir.

Qeyd edək ki, mərkəzdə, eyni zamanda eşitmə və danışma qabiliyyəti məhdud şəxslər üçün daktil əlifbası və jest dili üzrə dərslər keçilir. Mərkəzin kitabxanası görmə qabiliyyəti məhdud şəxslər üçün brayl əlifbası ilə çap olunan kitablarla təmin olunmuşdur və bu kateqoriyadan olan şəxslərin brayl əlifbasını öyrənmələri üçün kurslar fəaliyyət göstərir. Eyni zamanda mərkəzin bölmələrindən istifadə edən benefisiarlar, həmçinin sadə kompüter bacarıqlarını öyrənmək üçün kompüter kursuna yönləndirilir.

Müsahibim sonda qeyd etdi ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti genişlənir. Mərkəzin bazasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradılması istiqamətində layihələndirmə və satınalma prosesi başa çatıb və podratçı təşkilatla müqavilə imzalanıb. Layihənin əsas məqsədi sosial cəhətdən həssas əhali qruplarının yaradıcı potensialının üzə çıxarılması və onların cəmiyyətə uğurlu adaptasiyasının təmin olunmasıdır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 29.08.2025 11:50