NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Nedim Sözbir: Süni intellekt sahəsində gözəl əməkdaşlıqların yaranacağına inanırıq

...

Bu gün Naxçıvan Dövlət Universitetində “Təkmilləşdirmə, inkişaf, innovasiyalar, süni intellekt və maşın öyrənməsi” mövzusunda I Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir dünyanın tanınmış universitetlərini bir araya gətirib və süni intellekt sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunub.
Konfransda Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti, Özbəkistanın Daşkənd Dövlət Texniki Universiteti, Malayziyanın Asiya Pasifik Universiteti, Pakistanın Milli Elm və Texnologiya Universiteti və digər ali təhsil ocaqlarından nümayəndələr iştirak ediblər. Ümumilikdə, 13 ölkədən 200-ə yaxın elmi məqalə təqdim olunub. Onlardan 109-u ekspertlər tərəfindən seçilərək konfrans materiallarına daxil edilib və “Scopus” bazasında indeksləşdirilən jurnalda dərc olunacaq.
Konfrans süni intellekt və maşın öyrənməsi sahəsində tətbiqi tədqiqatların müzakirəsinə, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunub. Tədbirdə iştirak edən alimlər və universitet rəhbərləri qeyd ediblər ki, bu sahədə qarşıda duran problemlər tək bir ölkənin və ya bir universitetin çərçivəsində həll edilə bilməz. Buna görə də elm və təhsil müəssisələri arasında əməkdaşlıq zəruridir.
Düzce Universitetinin rektoru Nedim Sözbir jurnalistlərə müsahibəsində bildirib: “Bu gün çox gözəl bir tədbir keçirildi. Süni intellekt və maşın öyrənməsi ilə bağlı I Beynəlxalq konfrans baş tutdu və həqiqətən çox uğurlu bir başlanğıc oldu. Burada təqdimatlarla çıxış etmək imkanımız oldu və dünyanın müxtəlif ölkələrindən alimlərin iştirakı bu sahədə beynəlxalq əməkdaşlığın nə qədər önəmli olduğunu bir daha sübut etdi.
Türkiyə və Azərbaycan arasında belə bir əməkdaşlıq möhkəm bir zəmindir və ümidvarıq ki, bu konfrans gələcəkdə daha da genişlənəcək, səmərəli təqdimatların və universitetlərarası güclü əlaqələrin yaranmasına imkan yaradacaq. Burada iştirak edən müəllimlərimiz də fizika sahəsində çalışan və dərs deyən peşəkar kadrlardır. Onların iştirakı həm təcrübə mübadiləsi, həm də birgə layihələr üçün əhəmiyyətlidir. İnşallah, yaxın zamanda universitetlərimiz arasında əməkdaşlıq protokolu imzalanacaq və bu əlaqələr davam etdiriləcək. Həm birgə layihələr, həm də ortaq konfranslar vasitəsilə Düzcədə və Naxçıvanda fəaliyyətimizi birgə sürdürməyi planlaşdırırıq”.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev konfransın əhəmiyyətini belə şərh edib: “Bu tədbir süni intellekt və maşın öyrənməsi sahəsində tətbiqi tədqiqatların müzakirəsinə, eyni zamanda beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr olunub. Tədbirdə süni intellektin tətbiqi, təhlükəsizlik və etik məsələləri ilə bağlı vacib fikirlər səsləndirildi. Qeyd olundu ki, bu mövzular təkcə texnoloji deyil, həm də ictimai baxımdan geniş müzakirə olunmalıdır. Gələn il isə növbəti beynəlxalq konfransın Pakistanda, İslamabad şəhərində Elm və İnnovasiyalar Universitetində keçirilməsi planlaşdırılıb. Bu, sahənin qlobal inkişafını təmin edən davamlı platformaların yaranmasına böyük töhfə verəcək”.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə fikirlərini belə bölüşüb: “Bu gün keçirilən konfrans süni intellektin inkişafı və dövlət strategiyalarının həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, bu mötəbər tədbir universitetimizin ev sahibliyi ilə yüksək səviyyədə təşkil olundu. Açılış mərasimində səsləndirilən məruzələr göstərdi ki, süni intellekt və maşın öyrənməsi bu gün dünyanın bir çox universitetlərini düşündürən əsas elmi istiqamətlərdən biridir.
Naxçıvan Dövlət Universiteti süni intellekt strategiyasına uyğun olaraq tədris proqramlarını zənginləşdirir, yeni bacarıqlar əlavə edir və bu sahədə araşdırmaların təşviqinə xüsusi önəm verir. Süni intellekt artıq qlobal prosesin, dördüncü sənaye inqilabının əsas mərhələlərindən biridir və bütün sahələrdə, o cümlədən təhsil sistemində mühüm vəzifələr müəyyənləşdirir. Universitetin IBM ilə əməkdaşlığı, Texnoparkın inşası və nanobiotexnologiya laboratoriyasının yaradılması gələcəkdə süni intellektin tətbiqinin genişlənməsinə mühüm imkanlar açacaq. Hazırda universitetdə süni intellektlə bağlı müxtəlif proqramlar tədris olunur və nəzəriyyədən praktikaya keçidi təmin edən tədqiqatlar həyata keçirilir. Ümid edilir ki, gələcəkdə bu konfrans süni intellekt sahəsində araşdırmalar aparan universitetləri daha sıx birləşdirəcək və birgə elmi əməkdaşlıqların inkişafına töhfə verəcək. Təqdim edilən məqalələrin ekspert dəyərləndirilməsi prosesi isə artıq aparılır və nəticələr beynəlxalq elmi bazalarda indeksləşdirilən jurnallarda dərc olunacaq”.
Tədbirin təşkilatçıları və iştirakçıları süni intellektin inkişafında beynəlxalq platformaların davamlı keçirilməsinin zəruriliyini vurğulayıblar və konfransın uğurlu və uzunömürlü olacağına inandıqlarını bildiriblər.

Nəşr edilib : 30.10.2025 20:08