Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Gənclərin istedadı, zəhməti və inamı ilə formalaşan uğurlar hər zaman cəmiyyət üçün qürur mənbəyi olur. Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbinin VII sinif şagirdi Məryəm Məmmədova da bu qüruru yaşadan gənclərdəndir. O, dünyanın bir çox ölkəsində tanınan “Trinity College London” qurumu tərəfindən keçirilən beynəlxalq imtahanda iştirak edərək parlaq nəticə qazanıb.
Məryəm “piano” musiqi alətində ifa bacarığı ilə seçilərək “Grade 2 Piano” beynəlxalq sertifikatına layiq görülüb. Bu uğur onun həm bacarığının, həm də davamlı məşğuliyyətinin göstəricisidir. “Trinity College London” imtahanları musiqi sahəsində ən nüfuzlu beynəlxalq qiymətləndirmələrdən sayılır və burada iştirak etmək, xüsusən də uğur qazanmaq gənc bir musiqiçi üçün böyük nailiyyətdir.
Məryəm musiqiyə çox kiçik yaşlarından maraq göstərib. İlk dəfə pianonun səsini eşidəndə bu alət ona sehrli gəlib. O deyir ki, musiqi onun üçün, sadəcə, hobbi deyil, həm də duyğularını ifadə etməyin bir yoludur: “Uşaqlıqdan musiqiyə qulaq asmağı çox sevirdim. Anam məni pianoya yazdıranda əvvəl bir az qorxurdum ki, çətin olar. Amma zaman keçdikcə hər şeyi daha yaxşı başa düşməyə başladım. İndi pianoda ifa etməyə başlayanda vaxtın necə keçdiyini hiss etmirəm. Hər dəfə ifa etdikcə yeni bir şey öyrənirəm”.
O, imtahana da məhz anasının təşviqi ilə qatılıb: “Anam dedi ki, bu imtahan mənim üçün yaxşı təcrübə olar. Əvvəl bir az həyəcanlandım, çünki beynəlxalq imtahan idi. Amma müəllimim mənə çox kömək etdi. Çalışdım ki, həm düzgün ifa edim, həm də hisslərimi çatdırım. İmtahan çətin deyildi, amma çox diqqətli olmaq lazım idi. Hər notu düzgün vurmaqla yanaşı, onu ürəklə ifa etmək vacibdir”.
Pianonun səsi Məryəm üçün adi bir səs deyil. O, musiqini bir növ dost kimi görür: “Musiqi mənim üçün sığınacaq kimidir. Hər dəfə pianonun arxasına keçəndə elə bil, başqa bir dünyaya düşürəm. Hər bir səslə bir hiss danışır. Mən də həmin hisslərin dilini öyrənmək istəyirəm. Əgər kefsiz olsam, pianoda bir mahnı çalıram və özümü daha yaxşı hiss edirəm”.
1872-ci ildə yaradılan “Trinity College London” bu gün dünyanın ən qədim və nüfuzlu təhsil təşkilatlarından biri sayılır. Musiqi, teatr və ingilis dili sahəsində keçirilən imtahanlarda iştirak edən gənclər öz istedadlarını beynəlxalq səviyyədə təsdiqləmiş olurlar. Məryəmin uğuru da həm onun fərdi bacarığının, həm də Kembric Məktəbində aldığı təhsilin keyfiyyətinin göstəricisidir.
Məryəm deyir ki, bu imtahan ona həm məsuliyyət, həm də özünə inam qazandırıb: “İmtahana hazırlaşanda çox çalışdım. Bəzən məşqlər çox olurdu, amma yorulmuram. Çünki pianonu çox sevirəm. İmtahan mənə göstərdi ki, əgər bir şeyə ürəkdən inanırsansa, uğur qazanmaq mümkündür. İndi daha çox öyrənmək istəyirəm. Gələcəkdə daha yüksək səviyyəli imtahanlarda da iştirak etməyi planlaşdırıram”.
Gənc istedad bu uğurla kifayətlənmək niyyətində deyil. O, indi yeni əsərləri öyrənməyə başlayıb, müxtəlif musiqi janrlarında ifa etməyi planlaşdırır: “Hazırda klassik əsərlərlə yanaşı, bir az da müasir musiqiləri ifa etməyi öyrənirəm. Bəzən mahnılara öz duyğularımı əlavə edirəm. Bu mənim üçün çox maraqlıdır. Gələcəkdə professional musiqiçi olmaq və Azərbaycan musiqisini xaricdə tanıtmaq istəyirəm”.
Məryəm üçün musiqi təkcə notlardan ibarət deyil, həm də səbir və nizam-intizam tələb edən bir sənətdir. O deyir ki, bəzən uzun məşqlərdən sonra barmaqları ağrıyır, amma bu onu dayandırmır: “Bəzən məşqlər çox olur, amma mən bilə-bilə davam edirəm. Çünki hər dəfə yeni bir mahnını öyrənəndə çox sevinirəm. Musiqi mənə həm səbir, həm də çalışqan olmağı öyrədib”.
Məryəmin müəllimləri də onun bu uğuruna sevinirlər. Onlar bildirirlər ki, Məryəm dərslərdə fəal, məsuliyyətli və öyrənməyə həvəsli şagirddir. Onun uğuru həm fərdi istedadının, həm də təhsil aldığı mühitin nəticəsidir.
Məryəm isə deyir ki, ən böyük dəstək ailəsindən və müəllimlərindən gəlib: “Anam və müəllimim mənə həmişə inanıb. Onların dəstəyi olmasa, bəlkə də, bu qədər cəsarətli olmazdım. Mən istəyirəm ki, gələcəkdə daha çox insan mənim kimi musiqi ilə məşğul olsun. Çünki musiqi insanı xoşbəxt edir”.
Gənc ifaçının dediyinə görə, o, boş vaxtlarında həm də rəsmlə məşğul olur, bəzən dostları üçün mahnılar ifa edir. Məktəbdə keçirilən tədbirlərdə də tez-tez səhnəyə çıxır və piano ifası ilə həmyaşıdlarının rəğbətini qazanır.
Məryəmin hekayəsi göstərir ki, istedadla yanaşı, inam və zəhmət də uğurun əsas açarıdır. O deyir ki, hər kəsin içində bir bacarıq var, sadəcə, onu tapmaq və üzərində çalışmaq lazımdır: “Əgər bir insan sevdiyi işlə məşğuldursa, yorulmur. Mən də pianonu sevirəm və hər gün onunla bir az da böyüyürəm. Hər dəfə yeni mahnı öyrənəndə çox sevinirəm. İnanıram ki, zəhmət heç vaxt yerdə qalmır”.
Məryəm Məmmədovanın hekayəsi bir gənc qızın inam, istedad və əzmlə böyüyən uğur yoludur. Onun pianoda səsləndirdiyi hər not, ruhundan süzülən bir duyğunun səsidir. Bu uğur onun üçün bir başlanğıcdır. Daha böyük səhnələrin, daha parlaq nailiyyətlərin başlanğıcı.
Bu gün Məryəm NDU-nun Kembric Məktəbinin şagirdi olmaqla yanaşı, həm də Azərbaycanın gənc istedadlarından biridir. Onun pianoda səsləndirdiyi hər musiqi parçası bir arzunun, bir ümidin, bir gələcəyin səsi kimi səslənir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər