Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan Respublikasının elm və təhsil naziri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup müəllimi “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edib. Onlar içərisində naxçıvandan olan müəllimlərdə var.

“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunan Culfa rayon Saltaq kənd tam orta məktəbinin direktoru Sevinc Mustafayeva sevincini belə bölüşür: “Kəngərli rayonunun Xok kəndində müəllim ailəsində anadan olmuşam. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasının bitirmişəm. 30 illik pedaqoji fəaliyyətim var. 2007-ci ildən 2009-cu ilin oktyabr ayınadək Culfa rayon Saltaq kənd tam orta məktəbində direktor müavini, 2009-cu ildən isə həmin məktəbdə direktor vəzifəsində işləməyə başlamışam. 2023-cü ildə qrant layihə qalibi olmuşam. Təltif ediləcəyimdən məlumatım yox idi. Mənim üçün gözlənilməz oldu. Müəllimlər günü ərəfəsində bu cür yüksək ada layiq görülməyim məni çox qürurlandırdı. Təbii ki, çəkdiyi zəhmətin dəyərləndirildiyini görəndə insan gözəl hisslər keçirir, bir o qədər də məsuliyyətinin daha da artdığını hiss edirsən. Mənə verilən bu mükafat gələcək fəaliyyətim üçün bir stimul olacaq”.

Bu təltifinə layiq görülmüş Elmira Hüseynli Naxçıvan Şəhər Qızlar Liseyində çalışır. O deyir: “Liseydə kimya fənnini tədris edirəm. 19 illik pedaqoji fəaliyyətim dövründə bir çox uğurlara imza atmışam. Universitetdə oxuduğum illərdə Heydər Əliyev təqaüdünə layiq görülüb, həm bakalavr, həm də magistr təhsilini fərqlənmə diplomu ilə başa vurmuşam. Əlbəttə, bu nailiyyətlərin fonunda döş nişanı ilə təltif olunmağım mənim üçün həm böyük qürur, həm də daha böyük məsuliyyətdir. O an mənim üçün tam bir sürpriz idi, çünki son 5 ildə iki dəfə təhsil naziri tərəfindən fəxri fərman və diplomla təltif olunmuşdum. Bu dəfə isə zəhmətimin qarşılığı bir daha dəyərləndirildi”. Elmira Hüseynlinin sözlərinə görə, müəllimlik, sadəcə, sinfə girib dərs izah etmək, kitabdakı bilikləri öyrətməklə bitmir. Müəllim şagirdin qayğısına qalmaq, bəzən onun atası, anası, psixoloqu olmaqdır. Onlarla birgə sevinmək, kədərlənmək, yol göstərmək, əlindən tutub addım-addım hədəflərinə doğru aparmaqdır. Kimya çətin fənndir. Onu uşaqlara aşağı siniflərdən sevdirməsən, sonrakı illərdə maraq yaratmaq çətin olur. Buna görə də dərslərimdə fərqli metodlardan istifadə edirəm. Hər gün bir təcrübə aparmağa çalışıram. İlk dərsdən etibarən bu təcrübələri mən yox, şagirdlərim aparırlar. Laboratoriyamızı onların maraqlarına uyğun şəkildə qurur, bəzən kiçik sürprizlərlə onları motivasiya edirəm. Məqsədim Vətənini, xalqını sevən gənclər formalaşdırmaqdır.

Şərur şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Samirə Rəhimova deyir: “Artıq 18 ildir, pedaqoji fəaliyyətlə məşğulam. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Bu illər ərzində müəllimlik peşəsinin həm məsuliyyətini, həm də mənəvi dəyərini dərindən hiss etmişəm. Müəllimlik çox şərəfli peşədir. Bizim məsuliyyətimiz, həqiqətən, böyükdür. Çiynimizdə yüzlərlə şagirdin gələcəyi, onların dünyagörüşü və həyata baxışları dayanır. Bu həm məsuliyyət, həm də qürurverici bir hissdir. Bütün çətinliklərə baxmayaraq, mən peşəmi çox sevirəm. Hər şagird mənim üçün ayrı bir dünyadır. Sanki sinfə daxil olanda onlarla ünsiyyət quranda sehrli bir aləmə düşürəm. Hər dərs, hər görüş mənə yeni bir enerji verir. Çalışıram ki, şagirdlərimə bildiklərimi sevə-sevə öyrədim. Onların uğuru mənim üçün ən böyük mükafatdır. Bir müəllim kimi məqsədim, sadəcə, dərs keçmək deyil, həm də uşaqlarda vətənpərvərlik, ədalət, insanlıq kimi dəyərləri formalaşdırmaqdır. Bu, çox vacibdir. Əməyinə dəyər veriləndə insanın həvəsi birə-min artır. Daha böyük sevgi və səylə işləmək istəyirsən. Bizim kimi işini sevən, fədakar müəllimlərə göstərilən diqqət və etimada görə, Azərbyacan Respublikası elm və təhsil nazirinə dərin minnətdarlığımı bildirirəm”.
Naxçıvan Qarnizonu tam orta məktəbin müəllimi Türkanə Bağırova 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildən Naxçıvan Qarnizonu tam orta məktəbində fəaliyyət göstərir. Məktəbdə hərbçi övladları təhsil alırlar: “Onlara təhsil vermək biz müəllimlər üçün həm qürur hissidir, həm də böyük məsuliyyətdir. Vətənə sədaqətlə xidmət edən, sərhədlərimizi qoruyan hərbçilər övladlarının yüksəkkeyfiyyətli təhsil almasından arxayın olmalıdırlar. Belə təhsil mühitinin yaradılması, müəllimlərin bilik və bacarıqlarının şagirdlərə interaktiv şəkildə, təhsil qanununa uyğun qaydada ötürülməsi biz müəllimlərin öhdəsinə düşür. Məktəbimiz 2024-2025-ci tədris ilini də əvvəlki illərdə olduğu kimi uğurla başa vurmuşdur. Qazanılan bütün nailiyyətlər pedaqoji kollektivin səmərəli və məsuliyyətli fəaliyyəti nəticəsidir. Fəaliyyətim nəzərə alınaraq Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam Bu təltif həm mənə, həm də məktəbimizin pedaqoji kollektivinə verilən böyük dəyərdir. Mən bundan sonra da cəmiyyətimiz üçün sağlam ruhlu, bilikli, savadlı, bacarıqlı, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq gənclər yetişdirmək üçün var qüvvəmlə və böyük məsuliyyətlə çalışacağam”.

Şahbuz rayonunun Badamlı qəsəbə tam orta məktəbin direktoru Hilal Paşayev: “27 illik pedaqoji təcrübəyə malikəm. Tarix ixtisasını tədris edirəm. Məktəbimizdə ötən tədris illərində olduğu kimi, cari tədris ilində də məzunlarımız arasında “Fərqlənmə attestatı” və “Qızıl nişan”la təltif edilən şagirdlər, həmçinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində III yerin qalibi olan və Prezident təqaüdünə layiq görülən şagirdlərimiz var.
Hər bir müəllim üçün, hər bir məktəb direktoru üçün təltif olunmaq böyük qürur və məsuliyyət hissi yaradır. Mənim də 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülməyim dövlətin təhsil sahəsində çalışanlara göstərdiyi yüksək qayğının bariz nümunəsidir. Gənc nəslin təlim-tərbiyəsində iştirak etmək və bu fəaliyyətə görə təltif olunmaq insanda böyük fəxarət hissi yaradır. Bir müəllim, bir məktəb direktoru kimi çalışacağam ki, rəhbərlik etdiyim pedaqoji kollektivlə birlikdə gələcəkdə də yüksək nəticələr əldə edək və ölkəmizin təhsil nailiyyətlərinə öz töhfəmizi verək”.
Biz də müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər