NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanlı məktəblilər VIII Respublika Robot Olimpiadasında qalib olub

...

2025-2026-cı tədris ilinin ilk uğuru olaraq Naxçıvanlı məktəblilər VIII Respublika Robot Olimpiadasında qalibiyyət qazanıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən STEAM Təlim-Tədris Mərkəzinin “Heirs of East” komandası yeniyetmə və gənclər arasında keçirilən VIII Respublika Robot Olimpiadasında Robosport kateqoriyası üzrə qalib olub. Bizdə redaksiyamızda həmin məktəblilərlə görüşüb həmsöhbət olduq. Heydər Əliyev adına tam orta məktəbin şagirdi Amin Əlizadə deyir ki, komandamız WRO 2025 yarışında RoboSport kateqoriyası üzrə xüsusi robot hazırlayıb.O, əlavə edir: “Biz bu dəfə robotu Lego dəstlərindən deyil, tamamilə öz dizaynımız əsasında ərsəyə gətirdik. Bunun üçün 3D printerdən istifadə etdik ki, həm möhkəm, həm də davamlı bir model ortaya çıxsın. Mexaniki hissələri yığmaq, hər detalı düzgün yerləşdirmək və proqramlaşdırmanı həyata keçirmək heç də asan olmadı. Bəzən səhvlərlə üzləşirdik, amma hər dəfə təkrar sınaqlardan keçərək nəticəni daha da təkmilləşdirirdik. Bu müddət ərzində ən böyük gücümüz isə komanda olaraq bir-birimizə verdiyimiz dəstək oldu”. Onun sözlərinə görə, zəhmətinin bəhrəsini görmək ən xoş an olub: “Azərbaycan üzrə I yeri qazandığımızı eşidəndə sevincimiz sözlə ifadə olunmaz dərəcədə böyük idi. Bu uğur bizi həm qürurlandırdı, həm də gələcək məqsədlərimiz üçün daha da ruhlandırdı. İndi əsas hədəfimiz Sinqapurda keçiriləcək final mərhələsində ölkəmizi ən yüksək səviyyədə təmsil etməkdir”.

Komandanın digər üzvü1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Murad Kərimov bildirdi ki, WRO-nun Robosport kateqoriyasında I yer qazanmağımız komandamızüçün böyük fəxrdir. Bu uğur bizim aylarla davam edən zəhmətimizin, səbrimizin və komanda birliyimizin bəhrəsidir. Komandamızda hər bir üzv öz üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirdi. Proqramlaşdırma, mexanika, dizayn və strategiya üzrə yorulmadan çalışdıq, robotumuzu dəfələrlə sınaqdan keçirdik. Çətinliklərlə qarşılaşsaqda birlik və əzmlə bütün problemlərin öhdəsindən gəldik. Müsahibimizin deyir ki, bu nailiyyətimizin qazanılmasında müəllimlərimizin və mentorlarımızın rolu danılmazdır. Onların biliyi, təcrübəsi və dəstəyi bizim üçün ən böyük dayaq oldu. Valideynlərimiz daim yanımızda oldu və bizə güvən verdilər. Komandamızın hər bir üzvü böyük səylə çalışdı və nəticədə, bu möhtəşəm qələbəni qazandıq. Qazandığımız uğur bizim üçün həm sevinc, həm də böyük məsuliyyət deməkdir. Çünki bu nəticə ilə bizə Azərbaycanı beynəlxalq arenada təmsil etmək şansı verildi. Artıq qarşıda bizi daha böyük bir sınaq gözləyir. Sinqapurda keçiriləcək beynəlxalq mərhələdə ölkəmizin bayrağını dalğalandırmaq. Bu bizim üçün həm qürur, həm də məsuliyyətdir. Əminik ki, ciddi hazırlıq və daha çox təcrübə ilə bu yarışda da ölkəmizi layiqincə təmsil edəcəyik. Muradın sözlərinə görə: “Gələcək planlarımız beynəlxalq yarışlara hazırlaşmaqla məhdudlaşmır. Biz yeni layihələr üzərində işləmək, texnologiya və robototexnika sahəsində biliklərimizi artırmaq və Azərbaycan gənclərinin də elm və texnologiya sahəsində dünyada söz sahibi ola biləcəyini göstərmək istəyirik. Bu qələbə bizim üçün yalnız başlanğıcdır və biz daha böyük uğurlara doğru yolumuzu davam etdirəcəyik.

Qalib komandanın digər bir üzvü Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tayfun İmanlı söhbətimizə qoşularaq bildirdi. “Ötən il də bu yarışda iştirak etmişdim və az fərqlə üçüncü yeri tutmuşdum. Həmin nəticə məni ruhdan salmadı, əksinə, daha da motivasiya etdi. Bu il daha sistemli şəkildə hazırlaşdım, strategiyamı yenilədim və komanda ilə daha koordinasiyalı işlədim. Keçənilki təcrübə mənə həm texniki biliklər, həm də psixoloji dözümlülük baxımından böyük üstünlüklər qazandırdı. Bu uğurumuzda müəllimlərimizin və mentorlarımızın, xüsusilə Fuad Babayev və Muxtar Nəzərovun rolu danılmazdır. Onların verdiyi bilik, göstərdiyi istiqamət və davamlı dəstəyi bizim üçün güclü dayaq oldu. Komandamızın hər bir üzvü bu uğur üçün fədakarcasına çalışdı və nəticədə, bu möhtəşəm qələbəni əldə etdik. Bu nəticə bizə Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək imkanı yaratdı. Gələcək planlarımız bu uğurla bitmir. Biz texnologiya və robototexnika sahəsində biliklərimizi daha da genişləndirməyi, yeni layihələr üzərində işləməyi hədəfləyirik. Bu qələbə bizim üçün bir başlanğıcdır daha böyük hədəflərə doğru əzmlə irəliləyirik.

Bizdə məktəblilərimizə gələcək yarşılarda uğurlar arzu edirik. Həmçinin qeyd edək ki, qalib komandamız bu il noyabrın 26-28-də Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.Milli Gimnastika Arenasında 3 gün davam edən olimpiadada 8-19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya – “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” üzrə yarışıblar. Ümumilikdə, bu kateqoriyalar üzrə ölkənin 20 şəhər və rayonundan 252 komanda qeydiyyatdan keçib. Komandaların hazırlıq səviyyəsinin monitorinqindən sonra 153 komanda final mərhələsində iştirak etmək hüququ qazanıb.

Bülbül RÖVŞƏNQIZI

Nəşr edilib : 29.09.2025 19:35