Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Son günlərdə Naxçıvan idmançılarının qazandığı uğurlar hərkəsə məlumdur. Bu dəfə onlar Türkiyənin Qars şəhərində keçirilən kikboks turnirində iştirak edib. Ani şəhərinin fəthinə həsr olunmuş yarışa Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Əfqanıstan və Ermənistan olmaqla, 6 ölkədən komandalar qatılıb. Yarışda ölkəmizi “Naxçıvan Araz” kikboksinq klubundan baş məşqçi Elvin Qoçəliyevin rəhbərliyi ilə 23 idmançı təmsil edib.Naxçıvanlı idmançılardan 16-sı kəmər döyüşlərində qalib gələrək qızıl medala layiq görülüb. Klubun daha 7 üzvü isə yarışı gümüş medalla tamamlayıb.Nəsir Əliyev, Rüzgar İbrahimli, Mövlan Seyidov, Oğuz Cavadlı, Ülvü Əliyev, Qurban Kəngərli, İlham Şükürlü, Polad Həsənli, Həsən İsmayılov, Turan Həziyev, Emin Məmmədli, Ziya Məmmədzadə, Ələmdar Nəcəfov, Müşfiq Hüseynov, Adəm Cəfərov və Onur Qafarov kəmər döyüşlərinin qalibi olublar. Mərdan Nağılı, Əli Vəliyev, Eldar Namazov, Ağababa Həsənov, Yusif Qafarov, Əmir Məmmədov və Hüseyn Mehdizadə gümüş medala layiq görülüblər.
Biz də sözü gedən yarışda qalib olan idmançılarımızın və “Naxçıvan Araz” kikboksinq klubundan baş məşqçi Elvin Qoçəliyevin təəssüratlarını öyrəndik. Elvin Qoçəliyev deyir: “Qardaş ölkədə keçirilən turnirə “Naxçıvan Araz” kikboksinq klubu olaraq böyük bir heyətlə iştirak etdik. Yarış olduqca maraqlı və məşəqqətli keçdi. Turnirdə 6 ölkənin güclü idmançıları iştirak edirdi. Hər döyüşdə yüksək rəqabət vardı. İdmançılarımız da texniki-taktiki hazırlıqlarını ən yaxşı formada nümayiş etdirdilər və rəqiblərinə qarşı üstünlük əldə etdilər. Belə ki, 16 nəfər kəmər uğrunda gedən döyüşlərdə qızıl medala, 7 nəfər gümüş medala layiq görüldü”.
Müsahibimiz bildirdi ki, bu turnirə bir neçə ay öncədən hazırlaşırdıq. İdmançılarımız gündəlik məşqlərdə yüksək nizam-intizam nümayiş etdirdilər. Sadəcə, fiziki hazırlığa yox, eyni zamanda psixoloji dözümlülüyə də xüsusi diqqət ayırırdıq. Çünki beynəlxalq yarışlarda yalnız fiziki güc deyil həm də güclü iradə qalibiyyət gətirir. Onların bu prinsipə əməl etməsi səbəbi ilə uğurlu nəticə əldə etdik. Qeyd edək ki, bu uğurlu qələbəmizi vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizə həsr etdik. Bu bizi daha da qürurlandırdı. İnanırıq ki, ölkəmizi daha böyük beynəlxalq arenalarda təmsil edib, uğur qazanacığıq.
Birinci yerin qaliblərindən biri olan 14 yaşlı Həsən İsmayılov da fikirlərini bizimlə bölüşür: “48 kq çəki dərəcəsində çıxış edərək kəmər döyüşlərində rəqibimə qalib gəldim və qızıl medala layiq görüldüm. Bu uğuru əldə etmək üçün çox çalışmışıq. Baş məşqçimiz hər zaman bizə dəstək olub, zəhmətimizi dəyərləndirib. Qələbəmi ailəmə, müəllimlərimə və bütün Vətənimizə həsr edirəm. Gələcəkdə daha böyük yarışlarda da bayrağımızı yüksəltmək istəyirəm”.
“Naxçıvan Araz” kikboksinq klubunun digər üzvləri də bu fikirləri təsdiqləyərək yarışın onlar üçün böyük təcrübə olduğunu vurğuladılar. Onlar qeyd etdilər ki, qazanılan qələbə özünə inamın nəticəsidir. İdmançılar qarşıdakı yarışlarda daha yüksək nailiyyətlər əldə edəcəklərinə, Azərbaycan Bayrağını beynəlxalq arenalarda ucaldacaqlarına inandıqlarını qeyd etdilər. Biz də 23 medalla Naxçıvana qayıdan “Naxçıvan Araz” kikboksinq klubunun üzvlərinə uğurlar arzu edirik.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər