Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Burada insan vaxtın hakimidir, vaxt insanın yox
Qədim diyarın hava qapısı – Naxçıvan Beynəlxalq Hava Limanına enən təyyarədən Vətənin bu kiçik torpağının boynuna boyunbağı kimi sarılan xan Araza, ətrafında qalxan kimi sıralanan uca dağlara, o dağların başındakı ağ örpəyə baxanda bu şəhəri nağıla bənzədirəm. Sirli-sehrli bir əfsanə var bu diyarın hər küncündə. Yola düşürəm, gedəcəyim ünvana tələsirəm, sakit yolların təmizliyi çəkir diqqətimi, yolboyu sıralanıb oyanmaq üçün yazın gəlişini gözləyən ağaclar dəyir gözümə. Və sonra vaxtilə bax elə bu yolun kənarında dayanıb Ulu Öndərin gəlişini gözləyən insanlar, soyuqdan donmamaq üçün kəsilən ağacların sıralanmış kötükləri gəlir ağlıma. Ümid dolu baxışları ilə Heydər Əliyevə baxan naxçıvanlıları xatırlayıram. Dözümlü idi buranın insanları deyirəm öz-özümə, həm də inamlı. Birinci Tanrıya, sonra onun xalqa bəxş etdiyi dahiyə inandı naxçıvanlılar. Fikrimdən taksi sürücüsünün səsi oyadır məni: “Müəllim, uzaqdan gəlirsiniz, elə bil, ilk dəfədir, Naxçıvanda olursunuz? Soyuq olmasına baxmayın, bura sabit, sakit yerdir, insanlarımız da istiqanlı, qonaqpərvərdir, yaxında Zəngəzurdan keçib gələcəksiniz Naxçıvana, çox qalmayıb”, – deyir.
Ömrünün çoxunu Vətənə xidmətə həsr etmiş bir zabitin dilindən eşitmişdim bu cümlələri. Son illərdə dinindən, dilindən, cəmiyyətdə tutduğu mövqedən və fəaliyyətindən asılı olmayaraq, Naxçıvana gələn insanların birmənalı olaraq işlətdiyi ifadələrdən bir neçəsi, bəlkə də, ən çox qəlbimə yatan oldu bu fikirlər. Bəli, Naxçıvan çox təmiz, sakit və gözəl şəhərdir. Vaxtilə həsəd apardığımız şəhərlərdən bu gün heç də geri qalmayan Şərqin günəşi, qədim Naxçıvan təmiz, səliqəli bağları, küçələri, meydanları ilə buraya gələn hər kəsi heyran qoyur. Bu qədim diyar o qədər gözəl, təmizdir ki, insan bu mədəniyyəti, güllü-çiçəkli bağçaları, yeni tikililəri tərif etməyə söz tapa bilmir.
Reallıq budur ki...
Bu gün burada ictimai-siyasi sabitlik hökm sürür, sosial-iqtisadi inkişaf günbəgün sürətlənir. Bunun əsas səbəbi isə qaydalara, qanunlara əməl olunmasıdır ki, bu da inkişafın, yüksəlişin, uğurların başlıca səbəbi və aparıcı qüvvəsi hesab olunur. Nizam-intizam yüksək tələbkarlığın, prinsipiallığın, yorulmaz fəaliyyətin, əqidə bütövlüyünün, dərin sədaqətin və nəhayət, vətənpərvərliyin tamamlayıcı amili kimi daim diqqəti cəlb edir, rəğbət yaradır. Nizam-intizamın olmadığı diyarlarda, ölkələrdə xaos, anarxiya, özbaşınalıq kimi arzuolunmaz dağıdıcı meyillər yaranır, faciələrə yol açan hadisələr baş verir. Yəni nizam-intizam inkişafla yanaşı, həm də davamlı sabitliyin, əmin-amanlığın açarıdır. Məlumdur ki, sabitliyin olmadığı yerdə nailiyyətlərdən söhbət belə gedə bilməz.
Blokada vəziyyətində olsa da, inkişaf etmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası da məhz güclü dövlət qayğısının nəticəsində bu səviyyəyə yüksəlib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülmüş işlər, həyata keçirilmiş tədbirlər nəticəsində Naxçıvanın beşminillik şəhər tarixində ilk dəfədir ki, onun, hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alıb, abadlaşıb, gözəl yaşayış məskəninə çevrilib. Muxtar respublikanın bütün şəhərlərində inşa edilən və ya əsaslı təmir olunan binalar da yurdumuzun hüsnünə gözəllik qatır.
Bu gün qədim Naxçıvana üz tutanlar yeni bir şəhər – müasir Naxçıvan görür. Müasir Naxçıvan isə yenitipli Avrasiya şəhəri kimi diqqətləri üzərinə cəlb edir. Eyni gözəllikləri Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində – Şərurda, Babəkdə, Culfada, Ordubadda, Şahbuzda, Kəngərli və Sədərəkdə də görürük. Bu isə regionda şəhərsalmada və memarlıqda aparılan uğurlu dövlət siyasətinin nəticəsi, ciddi nizam-intizamdan bəhrələnən inkişaf və yeniləşmə istiqamətində keçilmiş şərəfli yolun nümunəsidir.
Vətən sevgisi olan yerdə...
Diqqət yetirsək, bir daha görərik ki, müstəqilliyimizin ilk illərində Ulu Öndərin rəhbərliyi ilə məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılıb, nizam-intizamın tam bərpa olunması üçün ardıcıl tədbirlər həyata keçirilib. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olub, şəhər və rayonlarımızda canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində əhalinin məşğulluğu təmin olunub.
Muxtar respublikanın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaradıb. Bütün bunlar daim nizam-intizama riayət edən insanların gərgin əməyi nəticəsində mümkün olub. Nəticədə, muxtar respublikamız müstəqillik illərində əsrlərə bərabər inkişaf dövrü keçib. Həm də inkişaf və yeniləşmə istiqamətində keçilmiş yolun dərsləri, dövlətçilik, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə yeni-yeni uğurlara yol açır. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: “Bizim qarşımızda üfüqlər açıqdır. Necə ki Naxçıvanın səması həmişə açıq-aydın olur”.
Yeni üfüqləri, yeni uğurları isə elə ölkə başçısı öz siyasəti ilə yaradır. O Naxçıvanı, özünün də dediyi kimi, Heydər Əliyevin Vətənini onun qədər sevir və anası Azərbaycandan ayrı düşən bu kiçik torpağı hər addımda qoruyub mühafizə edir. Tarixin ən böyük zəfəri olan Qarabağ zəfərindən də Naxçıvana pay biçir. Bütün yolları Naxçıvanda birləşdirmək üçün çalışır. Biz naxçıvanlılar çox yaxşı dərk edirik ki, bu, Ulu Öndər Heydər Əliyevin yoludur. Bu yol isə müqəddəsdir. Çünki böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz lider bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Qədim diyarımızda da məhz bu yol davam etdirilir. O yol ki bizim inkişafımızda, tərəqqimizdə, müasir dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsində daim mayak rolunu oynayır. Və bu mayak bundan sonra Böyük İpək Yoluna işıq salacaq. Dünyanın o tayından bu tayına gedən yollar Naxçıvandan keçəcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər