NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanın kənd mülkiyyətçiləri Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər

...

Son illərdə Azərbaycan Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Bu gün isə cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənib. Biz də bununla bağlı sakinlərin təəssüratlarını öyrəndik.
Babək rayonu, Zeynəddin kənd sakini Canbağış Mehdiyev bildirir ki, uzun illərdir, kənd təsərrüfatı ilə məşğuldur. O deyir ki, illər ərzində ən böyük çətinliyi su ilə bağlı problemlər olub: “Biz burada torpaqla böyümüşük, çörəyimizi də torpaqdan qazanırıq. Amma illərdir, su çatışmazlığı bizi çox əziyyətə salır. Bəzən su olmadığına görə əkinə çəkdiyimiz zəhmət yarımçıq qalır, məhsuldarlıq isə aşağı düşür. Bu gün ölkə başçısının Naxçıvanın su təminatının yaxşılaşdırılması ilə bağlı verdiyi qərar təkcə məni yox, bütün kənd sakinlərini sevindirib. Çünki bu qərar təsərrüfatçıların yükünü xeyli azaldacaq. Su problemi həll olunarsa, həm də təsərrüfatlarımız canlanar. Bu qərara görə Prezidentimizə minnətdarıq".
O əlavə edir ki, kənd təsərrüfatı ilə məşğul olan insanların ən böyük arzusu torpağın bolluq verməsi və zəhmətin qarşılığının alınmasıdır. Atılan bu addım isə həmin arzulara bir addım daha yaxınlaşdırır. 

Kənd sakinlərindən Əliabbas Məmmədov bizimlə söhbətində vurğuladı ki, özü üzümçülük təsərrüfatı ilə məşğul olur. Kəndi quraqlıq ərazidə yerləşir, illərdir, su problemi yaşayır: "İqlim şəraiti və az yağıntı səbəbindən yeraltı sular da çəkilib, uzun illərdir, susuzluqdan əziyyət çəkirik. Əlbəttə, suya qənaət hər birimizin borcudur. Ölkə başçımızın təsdiqlədiyi qərara əsasən Babəkdə hidroqurğular bərpa olunacaq, şəhərdə isə yeni içməli su qurğusu tikiləcək. Bu işlər suyumuzu yaxşılaşdıracaq, əkinçiliyə kömək edəcək və kəndimizin inkişafına təsir göstərəcək. Suvarma da ənənəvi üsullardan müasir, qənaətcil üsullara keçiləcək, bu da suyumuzu qorumağa və məhsulumuzu artırmağa imkan verəcək. Düşünürəm ki, su bol olarsa, əkinçiliyi də genişləndirə bilərik, torpaqlarımız daha məhsuldar olar. Cənab Prezidentin Naxçıvana göstərdiyi qayğı bizim həyatımıza birbaşa təsir edir. Minnətdarıq, cənab Prezident!"
Şəmil Nuriyev deyir ki, kənddə su ilə bağlı çətinliklər illərdir, gündəlik həyatı əziyyətə salırdı. Amma indi dövlətimizin qayğısı sayəsində bu problem mərhələli şəkildə aradan qaldırılır. Yeni qərar bizə böyük rahatlıq verir. Artıq sudan fasiləsiz, təmənnasız və rahat istifadə edə biləcəyik. Bu  həm ev işlərini görməyə kömək edəcək, həm də kənd təsərrüfatı ilə məşğul olan bizlərin rifahını artıracaq.
Qeyd edək ki, cənab Prezidentin Naxçıvana göstərdiyi davamlı qayğı burada yaşayan hər kəsin həyatına birbaşa təsir edir. Regionun inkişafı üçün atılan ardıcıl addımlar həm sosial rifahın yüksəlməsinə, həm də Naxçıvanın Azərbaycan iqtisadi-sosial xəritəsindəki mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Bu siyasət gələcək nəsillər üçün daha güclü, dayanıqlı və müasir bir Naxçıvanın formalaşmasına yönəlmiş strateji yanaşmanın bariz nümunəsidir.

Nəşr edilib : 21.02.2026 15:30