Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Naxçıvan Muxtar Respublikasında elektroenergetika sahəsində mühüm addımlar atılır. 2024-cü il 23 noyabrda Prezident İlham Əliyev “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” imzalanan Fərmana əsasən “AzərEnerji” müəyyən tədbirlər görüb ki, bunlardan biridə muxtar respublikada enerji sisteminin yenidən qurulmasıdır.
Məsələyə ilə bağlı “Naxçıvan Enerji”nin əməkdaşı Mətin Abbaslı bildirib ki, hazırda regionun elektrik enerjisi təminatında əsas rol oynayan və istismar müddətini başa vurmuş bir neçə yarımstansiya tamamilə yenilənir: “154/110/10 kilovoltluq “Babək”, 110/35/10 kilovoltluq “Çeşməbasar” və 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyaları sökülərək müasir tələblərə uyğun şəkildə yenidən inşa edilir. Bundan başqa, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi də yaradılır ki, bu da idarəetmənin çevikliyini və dəqiqliyini əhəmiyyətli dərəcədə artıracaq”.
Mətin Abbaslı qeyd edib ki, yeni enerji obyektlərinin istifadəyə verilməsi ilə regionda elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı xeyli möhkəmlənəcək: “Bu layihələr sayəsində həm əhali, həm də sənaye müəssisələri daha sabit və keyfiyyətli enerji ilə təmin olunacaq. Xüsusən də istehsalat müəssisələrinin dayanıqlı elektrik enerjisinə çıxışı iqtisadi fəallığı artıracaq, yeni istehsal sahələrinin yaranmasına şərait yaradacaq”.
Ötən əsrin 50-ci illərinin sonlarından istismar olunan hava elektrik verilişi xətləri də mərhələli şəkildə yenilənir: “İlk mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” yüksəkgərginlikli ötürmə xətləri ikidövrəli olmaqla, ümumilikdə, 68 kilometr məsafədə yenidən çəkilir. Bu isə həm Naxçıvan daxilində enerji ötürmə imkanlarını genişləndirəcək, həm də gələcəkdə Azərbaycanın ümumi enerji sisteminə qoşulma baxımından strateji əhəmiyyət daşıyacaq”.
Mətin Abbaslı əlavə edib ki, “AzərEnerji” tərəfindən muxtar respublikada həyata keçirilən 3 əsas ötürmə xətti və 3 mühüm yarımstansiya layihəsi, həmçinin Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi gələn il ərzində başa çatdırılacaq. “Bu layihələr nəticəsində elektrik enerjisi təchizatında kəsintilərin qarşısı minimuma enəcək, itkilər azalacaq, idarəetmə daha müasir və avtomatlaşdırılmış formada həyata keçiriləcək”, – deyə o qeyd edib.
Zəhra VƏLİYEVA
Digər xəbərlər